Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3181/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə Cavabdeh1 arasında 5000 manat pulun borc almasına dair xx.xx.2020-ci il tarixdə yazılı borc müqaviləsi bağlanmış, Cavabdeh1 aldığı borcu xx.xx.2021-ci il tarixədək iddiaçıya qaytaracağı barədə öhdəlik götürmüşdür.
2. Həmçinin, iddiaçı ilə Cavabdeh2 arasında 7000 manat borc almasına dair xx.xx.2020-ci il tarixdə yazılı borc müqaviləsi bağlanmış, Cavabdeh2 iddiaçıdan aldığı borcu xx.xx.2021-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.
3. Həmçinin, iddiaçının müraciəti əsasında cavabdehlərin barəsində araşdırma aparılmış və onların əməlində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
4. Cavabdeh2 aldığı borc pulu qaytarmamış, digər Cavabdeh1 aldığı borcu qismən, 2500 manat hissəsini Xətai RPİ-də araşdırma aparılan zaman, 450 manat hissəsini isə iddiaçıya köçürmə yolu ilə qaytarmışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı Cavabdeh1 6000 manat, Cavabdeh2 isə 7000 manat pul vəsaitinin, eləcədə iddia tələbinə görə ödədiyi 129 manat dövlət rüsumunun onlardan müştərək qaydada alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlərdən Cavabdeh1 tanışı vasitəsilə 2018-ci ildə tanımışdır. Həmin il övladlarının Təhsil Nazirliyindəki arxiv sənədlərinin çıxarılması üçün cavabdeh ondan 2500 manat pul almış, lakin sənədləri əldə edə bilmədiyi üçün ona verdiyi 2500 manat puldan 1500 manat pulu 2020-ci ilin may ayında qaytarmış, qalan 1000 manatın qaytarılmasını isə hər dəfə bir bəhanə ilə gecikdirərək qaytarmamışdır. Bundan başqa xx.xx.2020-ci il tarixdə Cavabdeh1, dostu Sahibin oğlunu Fövqəladə hallar Nazirliyinə işə düzəltmək adı ilə ona məxsus 5000 manat pulu vermişdir. Belə ki, Sabrina pulu almamışdan əvvəl onu inandırmışdır ki, Sahibin oğlu işə düzələn kimi hər ay ***-**** arası əmək haqqı alacaqdır. Dostu Sahib də bildirmişdi ki, oğlu işə düzəldikdən sonra hər ay alacağı əmək haqqından ona borcunu ödəyəcəkdir. Lakin bir müddət sonra Sabrina ona bildirmişdir ki, artıq o, yox, tanışı Cavabdeh2 bu işlə məşğul olacaq və Laləzar 7000 manata Sahibin oğlunu işə düzəltməyə söz verib. Sabrina həmçinin demişdir ki, Sahibin oğlunu işə düzəltmək adı ilə ondan aldığı 5000 manat pulu isə qısa müddətdə geri qaytaracaq. xx.xx.2020-ci il tarixdə o, ünvan 1 ünvanında Cavabdeh2 ilə görüşərək 7000 manat pulu ona vermişdir. Lakin cavabdehlər onu aldadaraq heç bir iş görməmiş və 12000 manat pulunu bu günədək qaytarmamışlar. Onların bu hərəkətlərindən etdiyi şikayət Bakı şəhər Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırılmış və xx.xx.2022-ci il tarixli qərar ilə şikayətinin mülki xarakterli olması səbəbi ilə cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, həmin qərarda cavabdehlər ondan yuxarıda qeyd etdiyi pul məbləğlərinin alınması faktını etiraf etsələr də, guya geri qaytardıqlarını bildirmişlər.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Xətai RPİ-də araşdırma gedən zaman Cavabdeh1 ona 2500 manat məbləğində ödəniş edilməsi barədə qəbzə imza etsə də, o, 2500 manat məbləğində ödənişi qəbul etməmişdir. Cavabdeh1 tərəfindən onun kartına bir dəfə 350 manat, bir dəfə 100 manat olmaqla, cəmi 450 manat məbləğində ödəniş edilmişdir. Laləzara verilmiş 7000 manat məbləğində pulu da Cavabdeh1 qaytarmalıdır.
9. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəul edərək iddiaçıdan 5000 manat pulu borc aldığını, həmin puldan 2500 manatını Xətai RPİ-də, ümumilikdə 450 manatını (350 manat və 100 manat olmaqla) isə iddiaçının kart hesabına ödəmişdir. Qalan borcunu da ödəməkdən imtina etmir.
10. Digər cavabdeh Laləzar Rəhmanovna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Maddə 740.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
16. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
22. Məhkəmə işdə iştirak edən şəxslərin izahaıını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
23. Məhkəmə qeyd edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iddianın qanuni əsasının tapılması vacib şərtlərdəndir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmalıdır.
24. Məhkəmə qeyd edir ki, öncə tərəflər arasındakı münasibətlərin mövcud hüquqi təbiəti müəyyənləşdirilərək, iddia tələbinin hüquqi əsası tapılmalıdır. İddiaçı cavabdehlərə pul vəsaitini dostunun övladını işə düzəltmək üçün verdiyini iddia edərək, iddia tələbinin əsası kimi AR MM-nin 21.1 və 21.2-ci maddələrinə istinad etsə də, məhkəmə qeyd edir ki, tərəflər arasında borc münasibətləri yaranmış və hazırki mübahisə də borc münasibətlərindən irəli gələn mübahisədir. Belə ki, iş materiallarında olan tərəflər arasında yazılı borc müqaviləsi ilə (müqaviləyə aid bütün rekvizitlər göstərilməsə də, əsas şərtlər tərəflərin adları, tarix, predmet, pulun qaytarılması müddəti göstərilmişdir) müəyyən olunur ki, cavabdehlər iddiaçıdan qeyd edilən pul vəsaitlərini iddiaçının tapşırığı ilə hər hansı işin görülməsi üçün deyil, borc məqsədilə alınmışdır. Həmçinin, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan da görünür ki, cavabdehlərdən Cavabdeh1 iddiaçıdan pula ehtiyacı olduğu üçün, Cavabdeh2 isə əməliyyatı üçün borc aldıqları barədə izahat vermişlər. Digər bir tərəfdən, Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı tərəfindən cinayət işinin başlanılması rədd edilərkən iddiaçı tərəfindən cavabdehlərə pul vəsaitinin hər hansı tanışının AR FHN-nə işə düzəltmək üçün verildiyi sübuta yetirilmədiyinə də istinad edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hazırki mübahisəyə AR MM-nin borc münasibətlərini tənzimləyən müddəaları tətbiq edilməlidir.
25. Məhkəmə iddia tələbinin hüquqi əsasını müəyyənləşdirdikdən sonra növbəti addım olaraq Cavabdeh1 münasibətdə iddia tələbini nəzərdən keçirərək hesab edir ki, iddia tələbi ona aid hissədə qismən təmin edilməlidir.
26. Borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı tələb etdiyi pul vəsaitini (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılması müddəti və qaydası barədə öhdəlik də götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır.
27. Məhkəmə qeyd edir ki, öncə iddiaçı tərəfindən Cavabdeh1 hansı məbləğdə pulun borc verilməsi müəyyənləşdirilməlidir. İddiaçı cavabdehə ümumilikdə 6000 manat məbləğində pul verdiyini iddia etsə də, onun bu dəlili iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə bağlanmış müqavilə ilə iddiaçıdan aldığı 5000 manat məbləğində borcu etiraf etmiş, dəqiq müddət göstərilərək borcu qaytaracağı barədə öhdəlik götürmüşdür. Həmçinin sözügedən cavabdeh Xətai RPİ-də verdiyi izahatında da cavabdehdən 5000 manat məbləğində pulu götürdüyünü etiraf etmişdir. İddiaçı isə qalan 1000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü dəlilinin təsdiqi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
28. Həmçinin, məhkəmə qeyd edir ki, iş materiallarında olan Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda Cavabdeh1 tərəfindən 2500 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması, iddiaçının isə həmin pul vəsaitini qəbul etməsi qeyd edilmişdir. İddiaçı məhkəmə iclasında polisdə araşdırma gedərkən ona 2500 manat məbləğində ödəniş edilməsi barədə qəbzə imza etdiyini qəbul etsə də, həmin pul vəsaitinin ona verilmədiyini bildirmişdir. İddiaçı Cavabdeh1 verdiyi pul vəsaitinin geri qaytarılmasını iddia etmiş, Cavabdeh1 borcdan 2500 manat məbləğində pul vəsaitini artıq Xətai RPİ-də araşdırma gedərkən iddiaçıya qaytardığını bildirmiş və sübut olaraq da cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara istinad etmişdir. Məhkəmə qeyd edir ki, bu halda, 2500 manat məbləğində pulun iddiaçıya qaytarılmaması faktı ilə bağlı sübutetmə yükü iddiaçıya keçmiş olur, iddiaçı isə qeyd edilən halı təsdiq edəcək heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir.
29. Digər bir tərəfdən, iddiaçı məhkəmə iclasında Cavabdeh1 tərəfindən onun kart hesabına bir dəfə 350 manat, bir dəfə 100 manat olmaqla, cəmi 450 manat məbləğində ödəniş edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, bu halın iddiaçı tərəfindən etiraf edilməsi artıq cavabdehi 450 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarması ilə bağlı faktı sübutetmək vəzifəsindən azad edir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
30. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun suyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
31. İşin şərh edilən hallarına əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən borc məbləğini iddiaçıya qaytarmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini pozmuşdur. Odur ki, iddia tələbi qismən təmin edilərək, 2050 (5000 – 2500 – 450 = 2050) manat məbləğində borcun Cavabdeh1 alınaraq qaytarılması hissəsində təmin edilməlidir.
32. Məhkəmə iddia tələbini Cavabdeh2 aid hissədə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi ona aid hissədə təmin edilməlidir.
33. İş materialları əsasında müəyyən edilir ki, eyni qaydada Cavabdeh2 da xx.xx.2020-ci il tarixdə iddiaçıdan 7000 manat məbləğində borc aldığı barədə yazılı öhdəlik götürmüşdür. Eyni ilə, Cavabdeh2 da iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini pozmuşdur. Odur ki, iddia tələbi təmin edilərək, 7000 manat məbləğində borc Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir.
34. Məhkəmə həmçinin hesab edir ki, 129 manat məbləğində dövlət rüsumu hər bir cavabdehə münasibətdə iddia tələbinin təmin olunmuş hissəsinə (Cavabdeh1 aid hissədə iddia tələbinin 16%-i, Cavabdeh2 aid hissədə ümumi iddia tələbinin 54% təşkil edir) uyğun məbləğdə tutularaq iddiaçıya ödənilməlidir. Ona görə ki, cavabdeh vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 2050 manat məbləğində borc və 20,64 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçıa ödənilsin. 7000 manat məbləğində borc və 69,66 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçıa ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 38,70 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı