Məhkəmə qərarları › İş №2(011)-3191/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3191/2024

21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3191/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh Abdurəhman oğluna qarşı “nikahın pozulması, himayə və aliment tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Abdurəhman oğlundan tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat sabit pul məbləğində alimentin Cavabdeh Abdurəhman oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia ərizəsi alimentin artırılması tələbi barədədir, iddia ərizəsində İddiaçı qeydiyyat ünvanı kimi Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 123a, fakitiki ünvanı kimi Bakı şəhəri, Xətai rayonu, E.Şükürov küçəsi, ev 4 ünvanı, Cavabdeh Abdurəhman oğlunun ünvanı kimi ünvan 3 sistemindən çıxarışlardan da görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 123a, Cavabdeh Abdurəhman oğlu isə Göyçay rayonu, Bığır kəndində rəsmi qeydiyyatdadır. Məhkəmə, iş materiallarına əlavə edilmiş MKİS Arayışına münasibətdə isə qeyd edir ki, həmin arayış sübut kimi nəzərə alına bilməz, ona görə ki, əvvəla, həmin Arayış “Göyçay Rayon Məhkəməsi”nə təqdim etmək üçün verilmişdir, ikincisi həmin Arayış yazılı sənəd olmaqla onun sübut kimi qəbul edilə bilməsi üçün sənədlərin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. İddia ərizəsi, qanunvericiliyə uyğun olaraq, iddiaçının ünvanına görə Bakı şəhəri Xətai rayon Məhkəməsinə və ya cavabdehin qeydiyyat ünvanına görə Göyçay rayon Məhkəməsinə verilməli olduğu halda, Bakı şəhəri Xətai rayon Məhkəməsinə verilmişdir. Beləliklə, həmin ünvanların yerləşdiyi ərazi Bakı şəhəri Xətai rayonu Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, onun Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması da mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir və şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh Abdurəhman oğluna qarşı “alimentin artırılması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar