Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-321/2021 29.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 8500 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 01.02.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbini cavabdeh kimi cəlb edilmiş Cavabdeh2 münasibətdə müdafiə etməkdən imtina etdiyini və onun cavabdeh kimi iştirakına xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 31.10.2017-ci il tarixdə ondan 2000 manat məbləğində borc almışdır, bunu cavabdeh tərəfindən tərtib edilmiş qəbz də təsdiq edir, bundan başqa, Cavabdeh1 ondan 14.11.2017-ci il tarixdən 19.01.2018-ci il tarixə kimi 1500 manat, 07.06.2018-ci ildə 5000 manat borc pul almışdır, bunu təsdiq edən qəbz də mövcuddur, beləliklə, Cavabdeh1 ona cəmi 8500 manat borcu yaranmışdır, aralarındakı razılaşmaya əsasən Cavabdeh1 ondan borc olaraq aldığı cəmi 8500 manat pulu 1 ilə qaytarmalı idi, lakin qəbzlərin tərtib edilməsindən uzun müddət keçsə də cavabdeh borclu olduğu 8500 manat məbləğində pulu İddiaçı qaytarmaqdan imtina edir, bu da onun mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı borc almışdır, amma tələb olunan məbləğ əsassız yerə şişirdilmişdir və həmin miqdarda borcu yoxdur, o, sələmçilik ilə məşğuldur, belə ki, borc verdiyi şəxslərin etibarından sui-istifadə edir, onlara 3300 manat borc verirsə 6600 manat borc qəbzinə yazaraq borcludan tələb edir, bununla da saxtakalıq edir və sənədləri saxtalaşdırır, həmçinin İddiaçı tərəfindən Cavabdeh1 əl yazması ilə birinciyə qaytardığı borc məbləğininin əks olunduğu sənəd saxtalaşdırılmış, pul məbləğinə münasibətdə qeyd olunan “aldım” və “verdim” yazılı xanalarının yerlərini dəyişdirmiş və nəticədə ona verdiyi pulları ondan aldığı borclar kimi əks olunmuşdur, o, hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi qəbz əsl deyildir, bu isə sırf cinayət məsuliyyəti yaradır. Sonda Cavabdeh1 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh1 məxsus şəxsiyyət vəsiqəsinin ksero surətini əks etdirən vərəqdə “İddiaçı 22000 manat borcdan əlavə, 2000 manat 31.10.2017-ci il tarixində götürmüşəm. Ümumi olaraq mənim borcum 24000 manatdan ibarətdir. İmza: Cavabdeh1, 31.10.2017-ci il” yazı mətni əks olunmuşdur. İş materiallarında olan mülki işin 82-ci vərəqində əl yazısı ilə icra olunmuş borc qəbzində “14.11.2017- 400 manat-imza-15.11.2017; 30.11.2017- 250 manat-imza-30.11.2017; 14.12.2017-150 manat-imza-14.12.2017; 25.12.2017-050 manat-imza-25.12.2017; 09.01.2018- 200 manat-imza-09.01- 2018/1050; 15.01.2018- 300 manat-imza-15.01.2018; 19.01.2018- 150 manat-imza-19.01.2018/1500; 07.06.2018 - 5000 manat-imza-27.07.2018” yazı mətni əks edilmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, təqdim edilmiş mülki işin 82-ci vərəqində əl yazısı ilə icra olunmuş borc qəbzində 15.11.2017 rəqəmlər və qarşısındakı imza, 30.11.2017 rəqəmlər və qarşısındakı imza, 14.12.2017 rəqəmlər və qarşısındakı imza, 25.12.2017 rəqəmlər və qarşısındakı imza, 09.01.2018/1050 rəqəmlər və qarşısındakı imza, 15.01.2018 rəqəmlər və qarşısındakı imza, 19.01.2018/1500 rəqəmlər və qarşısındakı imza, 27.07.2018 rəqəmlər və qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Təqdim edilmiş mülki işin 82-ci vərəqində əl yazısı ilə icra olunmuş borc qəbzində 14.11.2017-400 manat yazılar, 30.11.2017-250 manat yazılar, 14.12.2017-150 manat yazılar, 25.12.2017-050 manat yazılar, 09.01.2018-200 manat yazılar, 15.01.2018- 300 manat yazılar, 19.01.2018-150 manat yazılar, 07.06.2018-5000 manat yazılar- Cavabdeh1 tərəfindən yox, başqası tərəfindən icra olunmuşdur. Təqdim edilmiş mülki işin 82-ci vərəqində əl yazısı ilə icra olunmuş borc qəbzinin 7-ci sırasında 15.01.2018 yazılarında 01 rəqəmlərindəki 1 rəqəmi tədqiqat prosesinin 3-cü bəndində göstərilən səbəblərə görə yararsız olduğundan həmin rəqəmin Cavabdeh1 tərəfindən yoxsa başqası tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün olmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 arasında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır, İddiaçı borc kimi Cavabdeh1 31.10.2017-ci il tarixində 2000 manat, 14.11.2017-ci il tarixdən 07.06.2018-ci il tarixədək 400+250+150+050+200+300+150+5000 manat, ümumilikdə 8500 manat məbləğində pul vermişdir. Bununla belə, borc məbləğinin qaytarılmasını təsdiq edən, həmçinin iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən və iddiaçının əl yazısı ilə icra olunmuş borc qəbzini saxtalaşdırmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ekspertin gəldiyi nəticə ilə razılaşaraq ekspert rəyini, cavabdehin əlyazısı ilə icra olunmuş borc məbləği barədə qəbzin (sənədin) həqiqiliyinin müəyyən olunmasında sübut kimi qəbul edir. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, şifahi müqavilə üzrə borcun verilməsini təsdiq edən sübut kimi qəbzlərin mövcudluğu və bu sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edildiyindən və cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, həmçinin cavabdeh borc müqaviləsinə dair nəticələrin riskini daşıdığı halda borcun ödənilməsi barədə kreditora qarşı hər hansı bir tələb irəli sürməsini təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 8500 manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 manat pul Cavabdeh1 tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 borcun əvəzi qismində 8500 (səkkiz min beş yüz) manat pul və dövlət rüsumu qismində 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 127 (yüz iyirmi yeddi) manat məbləğində pul Cavabdeh1 alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-321/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-321/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver