Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3212/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə cavabdeh nikaha daxil olmuşlar və onların nikahından xx.xx.2012-ci il təvəllüdlü X2 doğulmuşdur.
2. Tərəflərin nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsində qalmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-510/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 110 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonuncu dəfə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7391/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulan alimentin məbləği artırılaraq hər ay 200 manat məbləğində müəyyənləşdirilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
3. İddiaçı cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin miqdarı dyişdirilərək qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi qədər aliment tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan bir övladları anadan olmuşdur. Məhkəmə i qətnaməsi ilə nikahları pozulmuş, uşağın onun yanında saxlanması qət edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-510/2015 saylı xx.xx.2015-ci il tarixli qətanməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşama çatanadək saxlanması üçün hər ay 110 manat məbləğində pul tutulması qət edilmişdir. Xətai rayon məhkəməsinin 2(011)-7391/2022 saylı xx.xx.2022-ci il tarixli qətanməsi ilə alimentin miqdarı dəyişdiriləcək xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh dövlət işində işləyir və yüksək məbləğdə əmək haqqı alır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh məhkəməyə göndərdiyi yazılı etirazında qeyd etmişdir ki, iddiaçı daha öncə 2022-ci il dekabr ayında aliment artırılması ilə məhkəməyə müraciət etmiş, tərəfindən iddia qəbul olunmuş və müəyyən olunmuş məbləğdən də artığ nəgd şəkildə ödənilmiş və hazırda da 300 manat aliment ödəyə bilər. Evli olduğu, himayəsində 3 azyaşlı övladının, təqaüdçü, xəstə anasının olması və sosial, məişət qayğları nəzərə alınmaqla iddia tələbinin qismən təmin olunaraq 300 manat aliment məbləğinin təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
8. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
9. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
10. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
11. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə — qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsimiqdarda aliment tutulur.
12. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
13. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
14. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
16. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
19. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq onun cavabdehin əmək haqqından qanunla müəyyən edilmiş miqdarda tutulmasını tələb edir.
20. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasnın 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment o halda tutula bilər ki, bu barədə tələb olsun, habelə aliment tutulmalı olan valideynin (yaxud digər tərəfin) qazancı qeyri-stabil və dəyişkən olsun, qazancının bir hissəsini natura və ya xarici valyuta ilə alsın, yaxud onun qazancı və ya sair gəliri olmasın.
21. Hazırkı mübahisə üzrə cavabdeh atanın daimi iş yeri var və o, AR Prezidentinin Administrasiyasında məsləhətçi vəzifəsində işləyir. Məhkəmə hesab edir ki, aliment əvvəlki məhkəmə qətnamələri ilə sabit pul məbləğində tutulsa da, hazırkı mübahisə üzrə məhkəmə araşdırması zamanı onun daimi iş yerinin olması və əmək haqqının olması müəyyən edilmişdir. Odur ki, əmək haqqının cavabdehin əmək haqqından tutulmasının qanuni əsası vardır. Çünki, Ailə Məcəlləsinin 76 və 78-ci maddələrinin həm mənasından, həm də arıcıllığından da göründüyü kimi, qanunla alimentin onu ödəməyə borclu tərəfin qazancından və ya başqa gəlirlərindən tutulması daha öncə, sabit pul məbləğində tutulması isə sonra tənzimlənmizşdir.
22. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdehin gəlirləri daha yüksək məbləğdə alimentin tutulmasına imkan verdiyi halda, onun hər ay 200 manat sabit pul məbləğində tutulması cavabdehin birinci nikahından doğulmuş uşağın mənafeyinə də uyğun deyil.
23. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Həmçinin, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.
24. Məhkəmə şərh edilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia təmin edilməli və yetkinlik yaşına çatmayan Mədinənin saxlanması üçün alimentin məbləği dəyişdirilərək, hər ay cavabdehin qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində tutulmalıdır.
25. Məhkəmə həmçinin, qeyd edir ki, cavabdehin əmək haqqı yüksək olduğundan qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin birinci nikahdan olan uşağın saxlanması üçün tutulması onun ikinci nikahından olan iki övladının mənafelərini pozmur.
26. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.
27. Alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
28. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hazırki mülki iş üzrə cavabdehdən tutulan alimentin artırılmış hissəsi qeyri-müəyyən olduğundan məhkəmə hesab 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödəniləlidir.
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-7391/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı