Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3238/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı alimentin məbləğinin artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Tərəflər xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar və onların birgə nikahlarından iki övladları – xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü təvəllüdlü X4 doğulmuşdur.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahının pozulmuş, cavabdehin ilkin iddiası qismən təmin edilərək İnci Hüseynlinin cavabdehin yanında saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının əmək haqqının ¼ hissəsi məbləğində alimentin tutulması, iddiaçının qarşılıqlı iddiası qismən təmin edilərək Uğur Hüseynlinin iddiaçının yanında saxlanılması qət edilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı aliment tələbinə dair iddiası təmin edilərək, Uğur Hüseynlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 175 manat alimentin tutulması qət edilmişdir.
4. xx.xx.2022-ci il tarixdə isə tərəflər arasında mediasiyada barışıq sazişi bağlanmış, sazişin şərtlərinə əsasən cavabdeh iddiaçı ilə birgə nikahdan doğulmuş övladı Uğur Hüseynlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya hər ay 193 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, sonuncu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehə qarşı alimentin artırılması barədə iddiası təmin edilərək xx.xx.2022-ci il tarixli MŞB/2-00349 saylı barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir.
5. Bunda başqa, iddiaçı ikinci dəfə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş və onun bu nikahından xx.xx.2022-ci il təvəllüdlü Bahar adlı bir övladı doğulmuşdur.
6. Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlildir (diaqnoz: xroniki mieloid leykemiya (CML), BCR/ABL-müsbət, başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqalliya. Yeni törəmələr zamanı müşahidə oluan anemiya (C00-D48), Anemiya), onun aylıq pensiyası 1552,16 manat təşkil edir və iddiaçı "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Eyni zamanda, cavabdeh Abşeron İHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyində tərbiyəçi (köməkçi işçilər) vəzifəsində işləyir və onun aylıq əmək haqqı 540 manatdır. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
7. İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehlə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan iki övladları doğulmuşdur. Cavabdehlə münasibətlərinin pisləşməsi nəticəsində aralarında olan rəsmi nikahları məhəkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş qızı İnci cavabdehin yanında, oğlu isə onun yanında saxlanılmış, xx.xx.2020-ci il tarixdən başlayaraq qızının yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay əmək haqqının dörddə bir hissəsi məbləğində aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilmiş, daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən oğlunun saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Lakin sonuncu qətnamə ilə müəyyən edilən 220 manat alimentin indiki dövrdə övladının saxlanılması üçün çox azdır. Bir uşağın saxlanılması üçün hər ay ən azı 235 manat pul lazım olduğu bir dövrdə o, məktəbli olan uşağının saxlanılması, onun məktəb ləvizamatlarının alınması və digər təminatlarının ödənilməsi üçün cəmi 220 manat pul ilə heç nə edə bilməz. Uşaq böyüdükcə onun tələbatları artır və tutulan aliment uşağın tələbatını ödəmir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
9. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
10. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
11. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə: 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
17. Maddə: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
20. Alimentin artırılmasının hüquqi əsasları Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, qanun əvvəl müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) konkret əsaslarını müəyyən etmişdir. Bu əsaslar tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirilmişdir. Ailə vəziyyətində dəyişikliyin olması dedikdə, tərəflərdən birinin yeni nikaha daxil olması, ailədə yeni uşağın doğulması, aliment ödənilən uşağın yetkinlik yaşına çatması və s., maddi vəziyyətində dəyişiklik olması dedikdə isə, tərəflərdən birinin əvvəlki gəlirlərinin artması, xərclərinin artması və s. kimi başa düşülə bilər.
22. İşin mübahisəsiz halıdır ki, sonuncu dəfə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Uğur Hüseynlinin saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq 220 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı sonuncu, xx.xx.2023-cü il tarixli qətnaməsinin çıxarılmasından təxminən 1 aya yaxın müddət keçdikdən sonra alimentin məbləğinin artırılması barədə yenidən iddia ərizəsi ilə müəraciət emtiş, əvvəlki məhkəmə qətnaməsinin qəbul edildiyi xx.xx.2023-cü il tarixdən sonra onun, yaxud cavabdehin maddi vəziyyətində (məsələn, gəlirlərinin artması) hansı dəyişikliklərin olması, özünün, yaxud himayəsində olan uşağın xərclərinin artması, özünün maddi vəziyyətinin pisləşməsi və s. hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin məbləği artırılarkən iddiaçının ailə vəziyyəti, yəni onun yenidən nikaha daxil olması, ikinci nikahından da övladının olması, habelə onun sonradan əlil olması, səhhətinin pisləşməsi kimi işin halları nəzərə alınmaqla həmin qətnamə ilə alimentin məbləği artırılmışdır.
23. Tərəflərin maddi vəziyyətləri ilə bağlı, məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, iddiaçı ikinci qrup əlil olduğu üçün hər ay 1552,16 manat məbləğində pensiya alır. Cavabdeh isə Abşeron İHB-nin Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyində tərbiyəçi (köməkçi işçilər) vəzifəsində işləyir və onun aylıq əmək haqqı 540 manat təşkil edir. Göründüyü kimi, sonuncu məhkəmə qətnaməsi qəbul edildikdən sonra, nə iddiaçının, nə cavabdehin maddi vəziyyətində də hər hansı dəyişiklik olmamış, iddiaçı da cavabdehin əlavə gəlirə malik olması, əlavə qazancının olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir.
24. Belə olan halda, məhkəmə hesab edir ki, iddianın təmin olunması cavabdehin əlavə xərclərə cəlb olunması ilə nəticələnə bilər ki, bu da ilk növbədə onun onun himayəsində olan tərəflərin birgə nikahından doğulmuş digər övladının mənafeyinə zidd olar, eyni zamanda cavabdehi daha da ağır maddi çətinliyə sala bilər. Məhkəmə qeyd edir ki, maddi və ailə vəziyyəti imkan vermədiyi halda yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimenti ödəmək öhdəliyinin yalnız uşaq yanında qalmayan valideynin üzərinə qoyulması Ailə Məcəlləsinin 56.1-ci maddəsinin də tələbinə zidd olardı. Həmin müddəada deyilir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələr malikdirdirlər.
25. Məhkəmə, həmçinin iddiaçının 2024-cü il üçün uşaqlar üçün ölkə üzrə yaşayış minimumunun 235 manat məbləğində olmasına görə alimentin artırılması barədə yeganə dəlili ilə bağlı qeyd edir ki, uşaqlar üçün ölkə üzrə yaşayış minimumunun qanunla müəyyən edilməsi, işin digər halları nəzərə alınmadan, alimentin artırılmasına əsas verə bilməz. Belə ki, yaşayış minimumunun müəyyən edilməsinin məqsədi ölkə üzrə yaşayış səviyyəsi meyarının müəyyənləşdirilməsi, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq aşağı yaşayış səviyyəsinin artırılmasının prinsip və qaydalarının müəyyən edilməsindən ibarətdir. Ona görə də, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılması alimentin müəyyən edilmiş əvvəlki məbləğinin artırılması üçün mütləq şərt hesab edilə bilməz. Alimentin məbləğinin artırılmasının yeganə hüquqi əsası isə AM-nin 112.1-ci maddəsində göstərilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər əsasında hazırkı iddia üzrə alimentin məbləğinin artırılması üçün hər hansı əsaslar mövcud deyildir.
26. Məhkəmə hesab edir ki, alimentin artırılması barədə əsas iddia tələbi əsaslı olmadığından, buna görə çəkilmiş xərclər də iddiaçıdan tutula bilməz.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı