Məhkəmə qərarları › İş №2(011)-3241/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3241/2021

26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3241/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (X3 anası, uşaqların nənəsi) 23 yanvar 2010-cu il təvəllüdlü X4, 28 yanvar 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin oğlu X6 ilə 14 avqust 2008-ci il tarixdə Bakı şəhərində qeyri-rəsmi nikaha daxil olmuşdur. Tərəflərin faktiki nikahından 23 yanvar 2010-cu il təvəllüdlü X4, 28 yanvar 2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. Tərəflərin münasibəti əvvəllər yaxşı olsa da, sonradan pisləşmişdir. Onlar birgə təsərrüfat aparmırlar. Onların nikahı formal xarakter daşıyır. Artıq uzun müddətdir ki, tərəflər ayrı yaşayırlar. Cavabdeh uşaqların ehtiyacları üçün heç bir köməklik göstərmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2637/2020 saylı 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 26 fevral 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin cavabdeh X6 aliment müəyyən olunandan bu vaxta qədər övladlarına heç bir ödəniş etməmişdir. Cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Onun ölkəyə qayıtmaq fikri yoxdur. Daha sonra İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 yanvar 2010-cu il təvəllüdlü X2 və 28 yanvar 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sveta Asafova iddiaçının anasıdır. Azərbaycan Respublikası Mülki-ProsessualMəcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə X3 faktiki nikahından 23 yanvar 2010-cu il təvəllüdlü X4 və 28 yanvar 2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. Qrodno şəhəri Lenin rayonu VVAQ şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən X6 23 yanvar 2010-cu il təvəllüdlü X2 və 28 yanvar 2012-ci il təvəllüdlü X5 atasıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2637/2020 saylı 05 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh X1 26 fevral 2020ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamənin icra mərhələsində X6 barəsində axtarış elan olunması haqqında qərar qəbul edilmişdir. Məhkəmə Ailə Məcəlləsinin müddəalarından irəli gələrək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normasına əsaslanaraq belə hesab edir ki, övladın saxlanılması valideynin borcudur. Qanunvericiliyin tələbinə görə öz valideynlərindən maddi yardım ala bilməyən yetkinlik yaşına çatmayan nəvələr nənə və babadan aliment almaq hüququna malikdirlər. Lakin bunun əsas şərti olaraq qanunvericilik nənə və babanın zəruri vəsaitə malik olmasını göstərmişdir. Bu halda aliment tələbi ilə müraciət edən iddiaçı tərəf aliment tələb etdiyi nənə və babanın buna zəruri vəsaitə malik olması ilə bağlı mötəbər sübut təqdim etməlidir. Hazırkı iş üzrə iddiaçı uşaqlarının saxlanması üçün uşaqların nənəsi olan cavabdehdən aliment tutulmasını xahiş etsə də, məhkəmə baxış iclaslarında iddiasının əsasını təşkil edən halı sübuta yetirə bilməmiş, məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişdir. Sübuta yetməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarı”na əsasən, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda, 30 manat dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 23 yanvar 2010-cu il təvəllüdlü X2 və 28 yanvar 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar