Məhkəmə qərarları › İş №2(011)-3243/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3243/2021

09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3243/2021 09.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun saxlanılması üçün hər ay 196 manat məbləğində alimentin tutulması, həmçinin onun müayinə və müalicəsi üçün N.Tusi adına Klinikaya ödənilmiş 2030 manat, dərmanların və qida əlavələrinin alınması üçün ödənilmiş 475 manat, cəmi 2505 manat məbləğində vəsaitin tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İ dərəcəli əlildir, X1 və atası Cavabdeh oğlu boşanıblar və hal-hazırda anası ilə birgə yaşayır. X1 hal-hazırda işsizdir və işaxtaran kimi Dövlət Məşğulluq İdarəsində qeydiyyatdadır. Müddətsiz 1 dərəcəli əlil olduğu üçün gündəlik xərclərini və müayinə xərclərini qarşılaması qeyri-mümkündür. İqtisad Universitetində ali təhsil aldığı üçün gündəlik taksi ilə universitetə gedib-gəlməsi, N.Tusi adına klinikada müayinə və müalicəsi üçün ödənilməli haqlar, və evdən-klinikaya, aparılıb-gətirilməsi üçün taksiyə ödənilən məbləğlər qarşılaya bilməyəcəyi xərclər olduğundan, bu günədək borc-xərclə qarşılamağa çalışsa da, həmin öhdəliklərin üzərindən gəlməsi artıq mümkün deyildir. Müalicəsi üçün fizioterapiya üzrə kursun hələ uzun müddət davam etdirilməsinə zərurət vardır. Klinikadan əldə etdiyi ödəniş vərəqələrində son iki il ərzində tərəfindən ödənilmiş ödəniş qəbzlərinin hesabatı vardır ki, həmin hesabata əsasən ümumilikdə 2030 manat məbləğində təkcə fizioterapiyaya görə ödəniş edildiyi müəyyən edilir. Bundan başqa müalicəsi üçün təyin olunmuş dərmanların və qida əlavələrinin alınması üçün apteklərdən əldə edilmiş qəbzlərdən də görünür ki, təkcə cari il ərzində 475 manat ödəniş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, hazırki vaxtadək iddiaçı olan oğlunun müalicəsinə 50000 manat pul xərcləmişdir. Həmçinin, iddiaçı hər ay əlilliyə görə 450 manat pensiya alır. Göstərilənlərə əsasən verərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı, 614670 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Cavabdeh, anası qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan AR ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2018ci il tarixli sonuncu müayinə haqqında məlumatından görünür ki, İddiaçı müddətsiz birinci dərəcəli əlillik müəyyən edilmişdir. İş materiallarında olan N.Tusi adına Klinikanın xx.xx.2020-ci il tarixli, 3243 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də, xx.xx.2019-cu il tarixində klinikanın fizioterapiya və tibbi reabilitasiya şöbəsinin həkim-fizioterapevti Əkbərov Pərvinin konsultasiyasında olmuş və müayinələr əsasında ona “Polineyropatiya” diaqnozu qoyulmuşdur. Pasiyent bu diaqnoza əsasən xx.xx.2019-cu il tarixindən başlayaraq xx.xx.2020-ci il tarixinədək uzunmüddətli müalicə kursu keçmişdir. Təkrar həkim müayinəsindən sonra müalicə kursunun hər gün olmaqla, uzunmüddətli davam etdirilməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş vərəqələrinə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən son iki il ərzində N.Tusi adına Klinikada fizioterapiyaya görə ümumilikdə 2030 manat, müalicəsi üçün təyin olunmuş dərmanların və qida əlavələrinin alınması üçün cari il ərzində 475 manat ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020-cu il tarixli arayışdan görünür ki, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “X3" altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİ hissəsinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşma çalmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2015-ci il tarixli qərarında göstərildiyi kimi, “Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: - yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması; - onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər.” Beləliklə, məhkəmədə araşdırılmış sübutlarla 1998-ci il təvəllüdlü İddiaçı yetkinlik yaşına çatmasına baxmayaraq, ona birinci dərəcəli əlilliyin müəyyən olunması, həmçinin onun Ailə Məcəlləsinin 80 və 81-ci maddələri ilə nəzərdə tutulmuş “əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar” kateqoriyasına aid olması tam olaraq təsdiqini tapmışdır.Bununla yanaşı, cavabdeh tərəfindən tələb olunan məbləğdə alimentin və əlavə xərclərin ödənilməsi imkanları iddiaçı tərəfindən heç bir mötəbər sübutla əsaslandırılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməliƏ cavabdehdən müalicə üçün ödənilmiş vəsaitin 500 manat hissəsi tutularaq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh müalicə üçün ödənilmiş vəsaitin 500 (beş yüz) manat hissəsi tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar