Məhkəmə qərarları › İş №2(011)-3275/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3275/2022

20.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3275/2022 20.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Rəhimli Lalə Elxan qızı - iddiaçı X1 Cavabdeh qarşı “pul” barəsində iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı X3 Cavabdeh qarşı – ünvan 1 ünvanında yaşayan borclu Cavabdeh xx.xx.2021-ci il tarixli 000014 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən 1100 manat əsas borcun, gecikdirilmiş günlərə görə 150 manat faiz borcunun və xx.xx.2021-ci il tarixli 000015 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən isə 1116 manat əsas borcun, gecikdirilmiş günlərə görə 179,50 manat faiz borcunun və 46 manat ödənilmiş dövlət rüsumunun, yəni cəmi 2591,50 manat pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, fiziki şəxs “X5” ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 000014 saylı və xx.xx.2021 tarixli 000015 saylı nisyə alğı-satqı müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən borclu ümumilikdə 1200 manat dəyərində 2 ədəd Playstation 4 500gb almışdır. Borclu ilkin ödəniş olaraq 165 manat ödəməyi və 12 ay müddətinə hər ay 100 manat olmaqla borcu ödəməyi öhdəsinə götürmüşdür. Borclu 165 manat ilkin ödəniş etmişdir. xx.xx.2021-ci il tarixli 000015 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən isə qiyməti 1416 manat olan Playstation 4 və 2 ədəd pult kabelləri əldə etmişdir. Həmin müqaviləyə əsasən borclu 12 ay müddətinə 118 manat və komissiya xərci olaraq 105 manat pulu ödəməyi öz öhdəliyinə götürmüşdür. Həmin müqaviləyə əsasən borclu ilkin olaraq 405 manat ilkin ödəniş etmişdir. 11 aydan artıq müddət keçməsinə baxmayaraq borclu hər iki müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcu ilə bağlı borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdeh lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri onlara göndərilmiş və iddiaçı X1 tələbinə dair etirazlarının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdehlər göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X3 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 000014 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən 1200 manat dəyərində Playstation ödəniş qrafikinə əsasən kredit yolu ilə satılmışdır. İş materiallarından görünür ki, X3 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 000015 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən 1716 manat dəyərində Playstation 4 və 2 ədəd pult kabelləri ödəniş qrafikinə əsasən kredit yolu ilə satılmışdır. İşin materiallarında olan X3 tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh göndərilmiş pretenziya məktubunun surətindən görünür ki, o borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Firdovsi Məmmədov iddiaçı ilə arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 46 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdehlər iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdurlar. Odur ki, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 05 may 2021-ci il tarixli müqaviləyə əsasən 1100 (min yüz) manat məbləğində əsas borc, 150 (yüz əlli) manat məbləğində faiz borcu, 10 may 2021-ci il tarixli müqaviləyə əsasən 1116 (min yüz on altı) manat məbləğində əsas borc, 179,50 (yüz yetmiş doqquz manat əlli qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 2545,50 (iki min beş yüz qırx beş manat əlli qəpik) manat məbləğində borc pul vəsaiti və 46 (qırx altı) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq, X2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar