Məhkəmə qərarları › İş №2(011)-3280/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3280/2021

12.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3280/2021 12.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 13.03.2019cu il tarixli 2(103)-3835/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, 01.03.2006-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 07.10.2005-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan 01.03.2006-cı il təvəllüdlü X2 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18.01.2019-cu il tarixli 2(011)-459 /19 saylı qətnaməsinə əsasən Cavabdeh 01.03.2006-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 13.03.2019-cu il tarixli 2(103)- 3835/2019 saylı qətnaməsi iəsasən aliment məbləğinə aid hissə dəyişdirilimiş, 01.03.2006-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 120 manat məbləğində sabit pul şəklində aliment tutularaq Babayeva (Babayeva) Xalidə Yaşar qızına ödənilməsi qət edilmişdir. İddiaçı 1-ci qrup əlildir, sağlamlıq imkanları məhduddur.Uşağın xərclərini təkbaşına ödəməkdə çətinlik çəkir. Cavabdeh isə əlavə xərclərin ödənilməsində köməklik göstərmir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün heab etmişdir . Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 13.03.2019-cu il tarixli 2(103)-3835/2019 saylı qətnaməsi ilə Cavabdeh 01.03.2006-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Baxılan iş üzrə uşaq üçün alimentin tutulması barədə qətnamə 13.03.2019-cu il tarixdə qəbul edilmiş, hazırkı iddia ərizəsi isə məhkəməyə 12.03.2021-ci il tarixdə verilmişdir. İddiaçı ötən müddət ərzində özünün və ya cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə hər hansı dəlilə istinad etməmiş və bununla bağlı sübutlar təqdim etməmişdir. Cari ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsi iddianın təmin olunması üçün birmənalı əsas ola bilməz. Belə ki, əvvəlki qətnamə ilə hər uşağın saxlanması üçün tutulan aliment 120 manat müəyyən edilmişdir. Məhkəmə qeyd olunan halları, habelə uşaqların saxlanmasında hər iki valideynin iştirak etməli olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 01.03.2006-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarını artıraraq hər ay 175 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar