Məhkəmə qərarları › İş №2(011)-3312/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3312/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3312/2022 26.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsindən irəli gələn borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8594,57 manat məbləğində əsas borc, 5537,54 manat faiz borcu olmaqla, ümumilikdə 14132,11 manat məbləğində borcun və 132,80 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi E.İ.Səmədov iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 200804-125845/1 saylı kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir, borcalan əsas öhdəliyi icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur, cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o borcunu ödəməmişdir, 07 aprel 2022-ci il tarixinə cavabdehin 8594,57 manat məbləğində əsas borc, 5537,54 manat faiz borcu olmaqla, ümumilikdə 14132,11 manat məbləğində borcu mövcuddur, müqaviləyə əsasən, borcalan, yəni cavabdeh kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bank xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarını banka ödəməyi öhdəsinə götürmüşdür, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Sonda iddiaçının nümayəndəsi E.İ.Səmədov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə, 200804-125845/1 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, bank kredit alana şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə, illik 23 % dərəcəsi ilə şəxsi istehlak məqsədilə 10000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan Kredit müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, müştəri Cavabdeh 48 ay müddətinə illik 23 % dərəcəsi ilə 10000 manat məbləğində kredit ayrılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, TT20013571MC saylı kassa məxaric orderindən görünür ki, Cavabdeh 10000 manat məbləğində krediti bankdan təhvil almışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh borcunu 5 gün müddətindən gec olmayaraq banka ödəməsinə əks halda məhkəmə qaydasında tədbir görüləcəyinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh banka 8594,57 manat məbləğində əsas borc, 5537,54 manat faiz borcu olmaqla, ümumilikdə 14132,11 manat məbləğində borcu mövcuddur, kredit müqaviləsi üzrə gecikmə 479 gün təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 132,40 manat dövlət rüsumu, 0.40 qəpik bank xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/4766 saylı ekspert rəyindən görünür ki, xx.xx.2020-cu il tarixli, 200804-125845/1 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixə olan borcu əsas borc üzrə 8750,53 manat, faiz borcu üzrə 2627,59 manat təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 23 % faiz olmaqla 48 ay müddətinə şəxsi istehlak məqsədilə 10000 manat məbləğində kredit ayrılması barədə İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, 200804- 125845/1 saylı kredit müqaviləsi bağlanmışdır, Cavabdeh müqavilədə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə öhdəliklərini icra etməmişdir, cavabdehə borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdarlıq edilsə də, borc məbləği hələ də ödənilməmişdir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, xx.xx.2020-ci il tarixli, 200804-125845/1 saylı müqavilə üzrə əsas borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə üzrə əsas borc məbləği iddia tələbində göstərilən həddə (8594,57 manat) müəyyən edilməlidir. Məhkəmə, cavabdehdən tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən xx.xx.2022-ci il tarixli, 9/4766 saylı ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, xx.xx.2020-ci il tarixli, 200804-125845/1 saylı müqavilə üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 2627,59 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 8594,57 manat məbləğində əsas borc, 2627,59 manat faiz borcu olmaqla, ümumilikdə 11222,16 manat alınaraq İddiaçı ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 123,67 manat (iddia tələbinin təmin olunmuş hissəsi 11222,16 manat olduğundan) cavabdehdən alınaraq iddiaçıya verilməli, ekspertizanın dəyərini təşkil edən 100 manat cavabdehdən alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8594,57 manat məbləğində əsas borc, 2627,59 manat faiz borcu olmaqla, ümumilikdə 11222 (on bir min iki yüz iyirmi iki) manat 16 (on altı) qəpik məbləğində kredit borcu və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 123 (yüz iyirmi üç) manat 67 (altmış yeddi) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar