Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3312/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcədova Evelina Ramid qızının katibliyi ilə, X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 70, mənzil 112 ünvanında yerləşən yaşayış sahəsinə dəymiş 5.000 (beş min) manat məbləğində ziyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2015-2025-ci illər ərzində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 70, mənzil 112 ünvanında yerləşən evini dəfələrlə su altında qoyub. ünvan 1li 2015-ci il tarixdə ipoteka ilə almışdır, sonra isə tam şəkildə krediti bağlamışdır. 2022-ci il tarixədək evi kirayəyə vermişdir və hər dəfə də yuxarı mərtəbədə yerləşən mənzildən qonşu tərəfindən mətbəx, koridor və hamama su axıtmasından şikayət olunub. 2022-ci il tarixdə isitmə sistemi partlayıb və yenidən evini su basıb. O, öz şəxsi vəsaiti hesabına 112,115,118 saylı mənzillərin qızdırıcı borularını dəyişib. 2015-2025-ci illər ərzində (10 il) dəfələrlə xəbərdarlıq edib ancaq bir nəticə əldə etməyib. Hər dəfəsində qonşu tərəfindən bildirilib ki, imkanı yoxdur, 50 manat pul məbləği onun iki həftəlik xərcini təşkil edir. 2022-ci il və 2024-cü il tarixlərdə iki dəfə evini tam şəkildə təmir etdirib. 2024-cü ilin avqust və sentyabr aylarında ustalar tərəfindən iş yekunlaşanda iki dəfə qonşunun qapısını döyərək xəbərdarlıq edərək, mətbəx və hamam borularının dəyişdirilməsini və onun mənzilinə tərəfindən su axıdılmamasını tələb etmişdir. xx.xx.2025-ci il tarixdə aşağı mərtəbədə yerləşən mənzildə yaşayan qonşu tərəfindən ona şəkil göndərilərək bildirilmişdir ki, iddiaçının evindən ona su axır və bütün divarlar yaşdır. İddiaçı qeyd edir ki, onun su boruları bağlı olduğu üçün suyun cavabdeh tərəfindən axıdıldığı ona məlum olub. Bu halda o, evə getdiyi zaman mətbəxin döşəməsi və oboylarına, hamamın divarlarına dəyən zərər ona məlum olub. Nəticədə onun tərəfindən yeni təmir olunmuş evə ciddi zərər dəyib. Cavabdehin evinə gedib qapını döyüb ancaq açan olmayıb, sonrasında cavabdehin qızını çağıraraq mövcud vəziyyəti ona göstərib. Cavabdehin qızına bildirmişdir ki, anası tərəfindən onunla əlaqə saxlanılsın və dəymiş maddi ziyan ödənilsin. İki gün sonrasında cavabdeh ona yığıb və tək ana olduğunu, zərəri qarşılaya bilməyəcəyini bildirib. İddiaçı məhkəmə iclas zalında iştirak edərək izahatında bildirmişdir ki, mənzili 2015-ci ildə almışdır. Artıq 10 ildir ki, cavabdehə məxsus mənzildən ona məxsus mənzilə su axıdılır və bu müddət ərzində də dəymiş ziyanın bütün xərcləri onun özünün tərəfindən ödənilmişdir. Sonuncu dəfə mənzil onun tərəfindən təmir olunduqdan sonra o, cavabdehə dəfələrlə xəbərdarlıq etmişdir ki suyu axıtmasın. xx.xx.2025-ci il tarixində telefon zəngi ilə cavabdehlə əlaqə saxlayaraq ona məxsus olan mənzilə ziyan vurulduğunu və cavabdehə su borularının təmir olunmasını bildirmişdir. Son dəfə iddiaçı 20.000 manat pul məbləğini xərcləyərək evi satmaq məqsədilə təmir etdirmişdir. Təmirdən 3 ay sonrasında yenidən evinə cavabdehə məxsus mənzildən su axıdılması nəticəsində ciddi zərər dəymişdir. 1 ildir ki, evini kirayəyə vermək də mümkün deyil. Mənzilə 2025-ci ilin 03, 06 və 18 mart tarixlərində su axıdılmışdır və xəbərdarlıqlarına baxmayaraq suyun axıdılması davam etməkdədir. Ona dəymiş ziyan iddiada göstərdiyi məbləğdən qat-qat çoxdur. Sual-cavab zamanı o bildirmişdir ki, iddiada göstərdiyi 5.000 manat ziyan məbləği mənzilinin daxilinə və ümumi təmirinə dəymiş ziyanın məbləğidir. Cavabdeh məhkəmə iclas zalında iştirak edərək bildirmişdir ki, onun mənzilindən iddiaçının mənzilinə su axmışdır. Lakin o, bunu qəsdən etməmişdir. Boru partlamışdır. O, ziyanı aradan qaldırmaqdan imtina etmir. Lakin, o əlilliyi olduğunun, təkbaşına uşaq böyütdüyünün nəzərə alınaraq, təmirin onun tərəfindən ustaların çağırılması yolu ilə aparılmasını və ziyanın bu qaydada aradan qaldırılmasını xahiş edir. O bildirmişdir ki, binada boruların nasazlığı səbəbindən onun özünün mənzilinə də ziyan dəyib. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Bakı şəhərində tərtib edilmiş Xətai rayon 29 saylı MKİS-nin mühəndisi X7 və X2 imzalar ilə təsdiq edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 70, mənzil 112 ünvanında yaşayan İddiaçı tərəfindən, həmin ünvanda yerləşən 115 saylı mənzildən ona məxsus mənzilə su axıntısı nəticəsində mənzilin təmirinə ziyan vurulması barədə ərizə ilə Xətai rayon Mənzil-kommunal Təsərrüfatı Birliyinin 29 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müraciət etmişdir. Müraciətlə əlaqədar göstərilən ünvana baxış keçirilmişdir. Baxış zamanı həqiqətən ünvan 2 ünvanda yerləşən 115 saylı mənzildən su axıntısı nəticəsində mənzilin təmirinə ciddi ziyan vurulduğu aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət kimi İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yerləşən mənzilin 1/3 hissəsi Cavabdeh paylı mülkiyyətindədir. (1/3 hissəsi X5, açıq saxlanılmış 1/3 hissəsi X3 məxsusdur.) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmənin qərardadına əsasən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin yerləşmə planı, yəni iddiaçıya məxsus 112 saylı mənzilin binanın 4cü mərtəbəsində, cavabdehə məxsus 115 saylı mənzilin isə binanın 5-ci mərtəbəsində yerləşdiyini, 112 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 70 saylı evin 112 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 115 saylı mənzildən su axıdıldığı və nəticədə 112 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 70 saylı evin 115 saylı mənzilin qapısı bağlı olduğundan baxış keçirilməsi mümkün olmadığından, 112 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Bu səbəbdən də sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 05 yanvar 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 70 ünvanında yerləşən 112 saylı mənzilə su axıdılması nəticəsində vurulmuş ziyanın bərpası üçün təmir xərclərinin (materialların və işçi qüvvəsinin dəyəri, hər bir tikinti üzrə ayrı-ayrılıqda göstərilməklə) məbləği yuvarlaq olaraq hazırki tarixə 3.760 (üç min yeddi yüz altmış) manat təşkil etmişdir. (qiymətləndirmə hesabatının tərtibatı xərcləri 300 manat təşkil edir). Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 70 ünvanındakı 115 saylı mənzil Cavabdeh qanuni istifadəsində və sahibliyindədir. İddiaçı iddia edir ki, onun xüsusi mülkiyyətində olan 112 saylı mənzilə cavabdehə məxsus 115 saylı mənzildən su axıdılması nəticəsində iddiaçının mülkiyyətində olan mənzilə 5.000 manat məbləğində maddi zərər dəymişdir. Odur ki, həmin maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1098-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 1113.1-ci maddəsinə əsasən birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxslərin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olmaları, zərərçəkənə ziyan və zərərin vurulması və təqsirkar şəxslərin əməlləri ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs (şəxslər) törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır(lar). Belə ki, işin mübahisəsiz halları ilə müəyyən olunur ki, cavabdehin sahibliyində olan mənzildən iddiaçının mənzilinə su axıdılmışdır və nəticədə cavabdeh maddi ziyana məruz qalmışdır. Mütəxəssis rəyi ilə həmin ziyanın 3.760 (üç min yeddi yüz altmış) manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə verilmiş ekpert və mütəxəssis rəylərini digər sübutlarla yanaşı qiymətləndirir və hesab edir ki, qeyd edilən rəylər işin mötəbər dəlilləridir. Göründüyü kimi, iddiaçının əmlakına zərərin vurulmasının cavabdehin qanuni sahibliyində olan mənzildən suyun axıdılması nəticəsində baş verməsi öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, suyun axıdılması ilə bağlı dəymiş zərərin ödənilməsi barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı əmlakına vurulmuş maddi zərərin ümumi dəyərini 5.000 manat məbləğində qiymətləndirsə də, həmin məbləğin hansı meyarlarla qiymətləndirilməsi və hesablanması barədə mötəbər sübutlar təqdim etməmişdir. İşin mötəbər dəlili olan ekspert və mütəxəssis rəyləri ilə cavabdehə məxsus mənzildən suyun axıdılması nəticəsində iddiaçının əmlakında yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyərin təqribən 3.760 manat məbləğində olması müəyyən edilmişdir. Odur ki, iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə maddi zərərin əvəzi olaraq 3.760 manat məbləğində pul vəsaiti tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərclərinə daxil olan və iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul məbləği cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, mütəxəssis rəyinin tərtibatına görə 300 manat pul məbləği Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 3.760 (üç min yeddi yüz altmış) manat pul məbləği və 70 (yetmiş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis rəyinin təribatına görə 300 (üç yüz) manat pul məbləği Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-3312/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3312/2025
07.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver