Məhkəmə qərarları › İş №2(011)-3314/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3314/2025

25.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3314/2025 25.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 mənzilinə dəymiş 3.000 manat maddi ziyanın və 50 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutlmasına və əlavə olaraq ünvan 1 ünvanda yerləşən cavabdehin mənzilinin su borularının və hamam otağının cavabdehin öz hesabına təmir edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ünvan 2 ünvanda yerləşən mənzil iddiaçı olaraq mən İddiaçı məxsusdur. Cavabdeh mənim üst qonşumdur. Bakı şəhəri Xətai Rayon 6 saylı MKİS-dən aldığım Akta əsasən Bakı şəh., Xətai r., Nəsrəddin Tusi küç, ev-6., m-28 cavabdeh X2 mülkiyyətindədir. Cavabdeh X3 məxsus mənzildə özü və ailəsi yaşayır. Cavabdehin mənzilinin hamam və mətbəxt otağının su boruları nasaz olduğundan mənim mənzilimə indiyənə qədər küllü miqdarda ziyan dəymişdir. Hər dəfə mən cavabdehdən xahiş edəndə ki, su borularını düzəltdirin evimin təmiri bərbad hala düşür, bu xahişim heç bir müsbət nəticə verməmişdir. Uzun illərdir ki, mənim mənzilimi ara sıra suya verirdilər. Mən öz mülkiyyətimdə olan mənzilin mətbəxt otağını təmir etdirib bahalı mətbəxt mebeli yığdırmışdım. Mətbəxin təmiri üçün 5.000 manatdan artıq pul xərclədim. Cavabdehin mənzilimə su axıtmağının nəticəsində mətbəxt mebelim və təmirim bərbad hala düşmüşdür. Mebellərin şəkillərini və videolarını çəkmişəm, həmin çəkilişləri şəkil və disk vasitəsi ilə iddia ərizəmə əlavə edirəm. Son bir neçə gündür ki, demək olar ki, hər gün cavabdeh olan üst qonşumdan bizə su axır. Nasaz olan su borularını isə düzəltdirmək istəmir. Hesab edirəm ki, cavabdeh öz mənzilindən axan suyun qarşısını almasa mənim mənzilimin təmiri daha da bərbad hala salacaq. Mənzilimə dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə dəfələrlə tərəfımdən xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Əksinə cavabdeh mənzilimi təmir etdirməsini tələb etsəm də min bır bəhanələrlə bundan boyun qaçırmış, bu da azmış kimi hər dəfə məni təhqir edir və mən isə ağır sarsıntı və iztirab keçirirəm. Məhkəmə tərəfindən mənəvi ziyanın miqdarı müəyyən edilərkən iddiaçı olaraq mənə vurulmuş mənəvi və fiziki sarsıntıların xarakterini və dərəcəsini, cavabdehin təqsirlərini və bundan başqa əmlak vəziyyətini, real imkanını nəzərə almalıdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, həmçinin məhkəməyə yazılı etiraz təqdim edərək izahatında bildirdi ki, iddiaçının mənə qarşı irəli sürdüyü iddia tələbinə qarşı bildirmək istəyirəm ki, mənim ailəlikcə birlikdə yaşadığımız ünvan 3 ünvanında yerləşən mənzilimiz kifayət qədər təmirlidir. Su borularımız qaydasında olmaqla su axıtmır. Bildirmək istəyirəm ki, qonşu olsaq da mən cavabdeh olaraq iddiaçını tanımıram, ancaq qeyd edir ki, məndən xahiş edib ki, borularımızı düzəltdirək. Guya uzun illərdir ki, bu xanımın mənzilinə ara-sıra ziyan vurmuşuq. Guya ki, 5000 manatlıq mətbəx mebelinə böyük ziyan vurmuşuq. İddiaçının deməyinə görə, son bir neçə gündür ki, onların mənzilinə bizdən su axır. Əgər belə bir hal olsaydı, bu ailə bizim qapını qırıb içəri daxil olardı və çox böyük gərginlik yaradardılar. Bildirmək istəyirəm ki, iddiaçı mövcud vəziyyəti öz xeyrinə canlandırmaq üçün mənim vəziyyətimi çətinləşdirən böhtan xarakterli sözlərdən istifadə etmişdir. Mən iddiaçının ərizəsində qeyd etdiyi halların heç biri ilə razı deyiləm. Sonda cavabdehin nümayəndəsi qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil tam paylı xüsusi mülkiyyət hüququ üzrə İddiaçınun adına xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 6 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xətat rayonu, N.Tusi küçəsi, ev 6, mənzil 26-da yaşayan İddiaçı ərizəsinə əsasən onun evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evin üst mərtəbəsində mənzil 28-də X3 məxsus olan evdən su axıntısı aşkar olundu. İş materiallarında olan FAME PRO MMC-nin xx.xx.2025-ci il tarixli 01/25-372 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 6 ünvanında yerləşən 26 nömrəli mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 6 ünvanında yerləşən 26 nömrəli mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 6 ünvanında yerləşən 28 nömrəli mənzildən su axıdılmışdır. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 6 ünvanında yerləşən 26 nömrəli mənzilə su sızması nəticəsində 2598 manat maddi ziyan vurulmuşdur. Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 400 manat təşkil edir. Xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənəlməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 50 manat ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 6 ünvanında yerləşən 26 nömrəli mənzil İddiaçı məxsusdur, həmin mənzilə Cavabdeh məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 6 ünvanında yerləşən 28 nömrəli mənzildən su sızması hadisəsi baş vermiş və bunun nəticəsində iddiaçıya zərər dəymişdir, zərər mənzilin mətbəx və hamam hissəsinə aiddir, mübahisəli mənzilə su sızma hadisəsi cavabdehin hüquqazidd əməli ilə birbaşa səbəbli əlaqəlidir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək hesab edir ki, məhkəmə tikintitexniki ekspertizasının rəyi üzrə ekspertin gəldiyi nəticələr əmlaka dəymiş maddi ziyanın məbləğinin müəyyən olunması üçün əsas kimi qəbul edilməli, iddiaçıya dəymiş maddi ziyanın həcmi 2598 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş maddi zərərin əvəzi kimi 2598 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Nəsibova (Paşayeva) Aidə Əlibala qızından Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 6 ünvanında yerləşən 26 nömrəli mənzilə vurulmuş maddi ziyana görə 2598 (iki min beş yüz doxsan səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar