Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3320/2023 29.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra - iddiaçı) İddiaçı vəkili və nümayəndəsi Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra - cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçının cavabdehə qarşı “pul” tələbinə dair ilkin, cavabdehin iddiaçıya qarşı “dəymiş zərərin ödənilməsi və pulun geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər bir-birlərini xeyli müddət əvvəl tanıyırlar. İddiaçı maye qab şampunlarını hazırlamaqla məşğul olmuşdur. Onların arasında gəlir əldə etmək məqsədilə birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı şifahi qaydada razılaşma əldə olunmuşdur. Razılaşmaya əsasən cavabdeh iddiaçıya fəaliyyətinin bir qədər də genişləndirilməsi məqsədilə pul verməli, iddiaçı isə əldə edilmiş qazancın bir hissəsini iddiaçıya verməli idi.
2. Şifahi razılaşmaya əsasən cavabdeh xx.xx.2022-ci il tarixdə xammal və avadanlıqların əldə edilməsi üçün iddiaçının bank hesabına 16 950 manat məbləğində pul vəsaiti köçürmüşdür. Sonradan iddiaçı tərəfindən 16 950 manat məbləğində puldan 2000 manat cavabdehə geri qaytarılmışdır.
3. Həmçinin, cavabdehin müraciəti əsasında iddiaçının barəsində araşdırma aparılmış, lakin onun əməlində AR CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısı tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
İlkin və qarşılıqlı iddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İlkin iddia ərizəsinin dəlilləri:
4. İddiaçı cavabdehin əsassız hərəkətləri (delikt) nəticəsində onun sahibkarlıq fəaliyyətinə ziyan vurulması ilə əlaqədar hesablanmış 1.500 manat miqdarında maddi ziyanın, habelə ödənilmiş 35 manat dövlət rüsumunun, ümumilikdə 1.535 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin əsassız hərəkətləri (delikt) ilə onun sahibkarlıq fəaliyyətinə ziyan vurulması nəticəsində 2828,26 manat maddi ziyanın, habelə ödənilmiş 48 manat dövlət rüsumunun, ümumilikdə 2876,26 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, təxminən 1 ilə yaxındır fiziki şəxs qismində kiçik partiyalarla qab şampunlarının istehsalını həyata keçirir. Cavabdehi 15 ilə yaxındır ki, tanıyır. Cavabdehlə söhbət əsnasında ona məlum olmuşdur ki, o, xırda bir sexdə qab şampunlarının istehsalı ilə məşğul olur. Söhbətlərin birində cavabdeh təklif etmişdir ki, o da istehsala vəsait qoysun və birgə kommersiya fəaliyyəti ilə məşğul olsunlar. Bu söhbətlərdə ümumi tanışları olan Ruslan, habelə Asəf adlı şəxs də iştirak etmişlər. Bu zaman cavabdeh bildirmişdir ki, hissə-hissə 150 000 manatadək vəsait qoya bilər. Razılaşma şifahi şəkildə olmuşdur. Birgə kommersiya fəaliyyəti ondan ibarət olmuşdur ki, cavabdeh 150 000 manat vəsait qoymağı, o isə istehsal üçün avadanlıq, mal-material və xammal alaraq istehsal sahəsini artırmağı öhdələrinə götürmüşlər. Cavabdeh də həmçinin, istehsal etdiyi məhsulun müxtəlif satış mərkəzlərində satışını təşkil etməyi də öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdeh ilkin olaraq xx.xx.2022-ci il tarixdə istehsalın bank hesabına 16.950 manat pul vəsaiti köçürmüşdür. Həmin vəsait xammal və istehsal vasitələrinin əldə olunmasına sərf olunmuşdur. Bu məqsədlə cavabdehlə razılaşmışlar ki. istehsal həcmini artırmaq məqsədilə yeni anbar və istehsal sahəsi inşa ediləcəkdir. Həmçinin, hazır məhsul nümunələri götürən cavabdeh marketlərlə danışıqlar aparmalıydı ki, onların hazır məhsulunu əhali arasında realizə etsinlər. Lakin cavabdeh bir müddət sonra vəd verdiyi qalan vəsaiti ödəməkdən imtina etmiş, nəticədə alınmış xammaldan və digər ləvazimatlardan istehsal olunmuş hazır məhsulun satışı mümkün olmamışdır. Belə ki, cavabdeh tərəfindən satış keçirilməsi məqsədilə müxtəlif hərəkətlərə başlamış, lakin bunu həyata keçirə bilməyəcəyini gördükdə, şantaja keçmiş, ondan şikayət edəcəyi ilə hədələmiş və köçürdüyü pulu dərhal geri qaytarmağı tələb etmişdir, halbuki, cavabdehin bu hərəkətləri nəticəsində onun sahibkarlıq fəaliyyətinə maddi ziyan dəymişdir. Cavabdehin həqiqətə uyğun olmayan vədləri onun istehsalını iflic vəziyyətinə salıb, istehsal aşağı düşüb, istehsal olunmuş məhsullar mövcud anbara yerləşmədiyindən açıq hava şəraitində saxlandığı üçün əmtəə görünüşünü itirir, saxlama müddəti keçir və sair, ən başlıcası da o olmuşdur ki, bu qədər məhsulun istehsalı üçün əlavə işçi qüvvəsi cəlb edilmiş, nəticədə xeyli miqdarda maddi ziyan dəymişdir. Cavabdeh həmçinin bildirmişdir ki, bəzi firmalarla danışıb pul müqabilində onun məhsullarını irəli çəkib satışını təşkil edəcək. Məsələn, "Ağbulaq" firmasına 21 000 manat həcmində məhsulların satış üçün verilməsini təşkil etmək məqsədilə həmin məbləğin 20%-ni "şirinlik" kimi İsmayıllı rayon icra hakimiyyətinin vəzifəli şəxsinə verilməli olduğunu bildirmişdir. Lakin o, bu məsələni araşdırmaq məqsədilə "Ağbulaq" firmasının rəhbərliyinə müraciət etdikdə, bunların hamısının yalan olduğu aşkar edilmişdir. Bundan əlavə, İsmayıllı rayonunda 3 zavod üçün hazır məhsulun təchizatını təşkil etmək üçün "lazımlı adama" 30 000 manat verilməsinin vacibliyini ona sıramaq istəmişdir. Həmçinin, "OBA" satış şəbəkələrinə 20 000 manat, "BRAVO" satış şəbəkələrinə və "Yaşıllaşdırma" birliyinə 60 000 manat verilməsi üçün onu inandırmaq istəmiş, lakin onlar bundan imtina etmişlər. Cavabdeh görəndə ki, göstərilən məqsədlərinə nail ola bilmir, Xəzər RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdehin həqiqətə uyğun olmayan vədləri nəticəsində rəhbərlik etdiyi istehsala ciddi maddi ziyan vurulmuşdur. Cavabdeh ilkin olaraq xx.xx.2022-ci il tarixdə bank hesabına 16.950 manat pul vəsaiti köçürdükdən sonra istehsal gedişatında istifadə olunan xammalı, tara, butulka, etiket və sair mallar almışdır.
b) Qarşılıqlı iddia ərizəsinin dəlilləri:
7. Cavabdeh ilkin iddia tələbinin rədd olunması, iddiaçıdan 793 manat və 14950 manat olmaqla, cəmi 15743 manat pulun, Mərkəzi Bankın uçot faizi dərəcəsi (8,75 faiz) hesablanmaqla 1377 manat pulun, ümumilikdə 17120 manat pulun və 142 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, o iddiaçını təxminin 15 ilə yaxındır ki, tanıyır, onun yanında əvvəllər usta kimi işləmişdir. 2022-ci ilin yanvar ayından başlayaraq iddiaçı ona zəng vurub deyirdi ki, qab şampunlarının istehsalı ilə məşğul olur, işini çatdıra bilmir, firmalarla işləyir, ona borc pul lazımdır ki, şəbəkəni böyütsün. İddiaçı bildirmişdir ki, ona borc pul verməsi əvəzində “Araz” marketdən hər ayın 5-də 5-6 min manat, hər ayın 14-də “Qrand Mart” marketdən 14.000 manat pul verilir. Oradan çəkdiyi xərcləri çıxıb qazandığı pullardan ona 50% pul verəcəkdir, yəni qazandığı gəlirə onu şərik edəcəkdir. O, razılaşaraq 10.000 ABŞ dollar borca pul tapıb “AFB Bank”ın Sahil filialından iddiaçının hesabına həmin pulu manata çevirərək 16.950 manat köçürmüşfür. İddiaçı hətta bildirmişdir ki, o notariusda müqavilə də bağlayacaq və onu qazandığı pula şərik edəcəkdir. Lakin, sonra o, müxtəlif bəhanələrlə onu qazanca şərik etməmişdir. O, pulu iddiaçıya ödəmiş, bir ay oğluyla birlikdə iddiaçının Buzovna qəsəbəsində yerləşən sexinə gedib gəlmiş, orada köməklik etməyə başlamışdır. Sonra iddiaçı ona demişdir ki, Vüqar adlı şəxs ona 793 manat dəyərində rəng qatqıları gətircəkdir, onun pulunu versin, həmin pulu ona qaytaracaq. Vüqara 793 manat pul vermişdir. Səhəri günü həmin malı iddiaçıya təhvil vermiş, lakin iddiaçı ona malın pulunu - 793 manatı verməmiş, bildirmişdir ki, dəftərə yazır, pul gələn kimi pulu qaytaracağını desə də, qaytarmamışdır. Cavabdeh 16.950 manat pulu iddiaçının adına köçürdəndən 20 gündən sonra iddiaçı ona bildirmişdir ki, o, cavabdehə qazancdan faiz verə bilmir, ona görə də cavabdehin pulunu geri qaytaracaq. Cavabdeh də onunla razılaşmış və həmin vaxt da “Grand Mart” marketdən 14.000 pul almış, verdiyi puldan 7.000 manat qaytaracağını desə də qaytarmamışdır. İddiaçı Quba rayonunda torpaq sahəsi olduğunu, onu satıb gətirib pulu verəcəyini bildirsə də, bunu da etməmişdir. Ərizəsi ilə Xəzər rayon Polis İdarəsində iş araşdırılmış və təhqiqatçının xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Sonra o, iddiaçının qanunsuz hərəkətlərindən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş, orada iş araşdırılmış və iddiaçı ona 2.000 manat ödəmiş və söz vermişdir ki, bir ay ərzində qalan pulu qaytarcaqdır. Lakin iddiaçı yenə də sözünə əməl etməmişdir. Sonradan ona məlum olmuşdur ki, iddiaçı ona qarşı pul tələbi ilə bağlı Xətai Rayon Məhkəməsində iddia qaldırıb.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı ilkin iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh həm məhsulların istehsalına şərik olmağı, həm də istehsal olunan məhsullar üçün satış bazasının yaradılmasını üzərinə öhdəlik kimi götürmüşdür. Öncə istehsal olunan məhsullar mağazalara paylanılmış və mağazalar da məhsulları qəbul etmişdir, lakin sonradan cavabdeh şəriklikdən çıxdığına görə məhsullar satılmamış, satılmadığına görə geri qaytarılmış, anbar olmadığına görə yağışda islanmış və nəticədə məhsullar xarab olmuş, əmtəə görünüşünü itirmişlər. Cavabdehin tələb etdiyi 14 950 manat pulu ödəməyə razı deyillər, çünki iddiaçıya ümumilikdə 17 000 manat məbləğində ziyan dəyib, cavabdehin qarşılıqlı iddia üzrə tələb etdiyi 14 950 manat çıxıldıqdan sonra qalan pul cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh tərəfindən 793 manat məbləğində rəng qatqılarının pulunun ödənilməsi isə yalandır.
10. Cavabdehin vəkili və nümayəndəsi qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçının istehsal etdiyi məhsulların xarab olmasında cavabdehin heç bir günahı yoxdur. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
14. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
İşə baxan məhkəmənin mövqeyi:
24. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir.
25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
26. Məhkəmə qeyd edir ki, tərəflərin öz iddia tələblərinin hüquqi əsası kimi hansı dəlilləri irəli sürmələrindən asılı olmayaraq məhkəmə müstəqil şəkildə iddia tələbinin düzgün hüquqi əsasını müəyyənləşdirməyə haqlıdır.
27. İddia ərizəsindən iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan, və tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunur ki, tərəflər arasında birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün şifahi razılaşma olmuş, cavabdeh bu məqsədlə iddiaçıya 16 950 manat məbləğində pul vəsaitini iddiaçının bank hesabına köçürmüş, iddiaçı razılaşdırılmış məhsulları istehsal etmiş, lakin sonradan aralarında yaranmış mübahisə nəticəsində hazırda iddiaçıya verdiyi pulun geri qaytarılmasını və əldən çıxmış faydanı, iddiaçı isə məhsulların məhv olması, əmtəə görünüşünün itirilməsi nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir.
28. Eyni zamanda da işin mübahisəsiz halıdır ki, tərəflərin birgə fəaliyyətləri ilə bağlı şifahi razılaşmalarına uyğun olaraq cavabdeh iddiaçının bank hesabına 16950 manat pul ödəmiş, sonradan razılaşmaları pozulduğundan həmin puldan 2000 manat qaytarılsa da, 14950 manat iddiaçı tərəfindən qaytarılmamışdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, (tərəflər aralarındakı münasibəti və pulun verilməsini qanunla müəyyən edilmiş qaydada hər hansı bir müqavilə ilə rəsmləşdirməmişlər) sübuta yetriləcəyi halda, tərəflər onlara dəymiş maddi zərəri bir-birilərindən tələb edə bilərlər (§ 13).
29. Məhkəmə öncə ilkin iddia ərizəsinə münasibətdə qeyd edir ki, ilkin iddia tələbi əsassızdır.
30. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbinin hüquqi əsası mülki hüquq pozuntusu nəticəsində dəymiş maddi ziyandır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Göstərilən şərtlərin hər birinin (tam) mövcud olması mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranmasına səbəb olur.
31. Əməlin delikt olmasını şərtləndirən birinci addım həmin əməlin qanuna zidd olub-olmamasının müəyyən edilməsindən ibarətdir. Cavabdehin əməlinin qanuna zidd olmasının müəyyən edilməsi üçün tərəflər arasında konkret şərtləri, öhdəlikləri göstərilən müqavilənin bağlanması və cavabdehin öhdəliyini pozması, yaxud cavabdehin qanuna zidd əməli ilə bağlı iddiaçı tərəfindən mötəbər sübutların məhkəməyə təqdim edilməsi ilə müəyyən edilə bilərdi. Lakin işin mübahisəsiz halıdır ki, tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamışdır. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehin ona maddi zərər vurmasını təsdiq edən sübutlar da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, deliktin yaranması üçün əməlin qanuna ziddi olması müəyyən edilmirsə, yaxud müəyyən edilməsi mümkün deyildirsə, bu halda digər şərtlərin araşdırılmasına və hüquqi qismət verilməsinə zərurət aradan qalxır.
32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya maddi ziyanın dəyməsində cavabdehin təqsiri sübuta yetirilmədiyindən həmin dəymiş zərərin əvəzinin cavabdehdən tutulması barədə ilkin iddia tələbi təmin edilə bilməz.
33. Həmçinin məhkəmə qeyd edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən onun üçün məhkəməyə ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə tələb də təmin edilə bilməz.
34. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.
35. Belə ki, işin yuxarıda da qeyd edilən mübahisəsiz hallarından da göründüyü kimi cavabdeh tərəfindən onun bank hesabına ödənilmiş puldan 2000 manat qaytarıldıqdan sonra iddiaçı aldığı 14950 manat pulu cavabdehə qaytarmamışdır. İddiaçı bu halı cavabdehin birgə fəaliyyətləri ilə bağlı üzərinə götürdüyü öhdəliyini (istehsal olunacaq məhsulun satışının təşkil edilməsi və saxlanması üçün anbarın tikilməsi) yerinə yetirməməsi ilə əlaqələndirsə də, bu dəlilini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdehin pulunu heç bir hüquqi əsas olmadan qaytarmamaqla ona maddi zərər vurmuşdur. Belə ki, qeyd edilən hal iddiaçı tərəfindən həm iddia ərizəsində qeyd edilənlər, həm Xəzər RPİ-də iddiaçı tərəfindən verilmiş izahatlar, həm də məhkəmə iclası gedişində iddiaçının vəkili və nümayəndəsi tərəfindən verilmiş izahatlar əsasında öz təsdiqini tapmışdır. Pul vəsaitinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı isə tərəflər arasında mübahisə mövcud deyil. Məhkəmə qeyd edir ki, bu halın iddiaçı tərəfindən etiraf edilməsi artıq cavabdeh tərəfindən iddiaçıya 14 950 manat məbləğində pul vəsaitinin iddiaçıya verilməsi ilə bağlı faktı sübutetmək vəzifəsindən azad edir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
36. Eyni zamanda o da işin mübahisəsiz halıdır ki, sonradan iddiaçı tərəfindən 16 950 manat məbləğində pulun 2000 manat məbləğində hissəsi cavabdehə qaytarılmışdır. Bununla bağlı da tərəflər arasında mübahisə mövcud deyil.
37. Məhkəmə qənaətinə görə, qarşılıqlı iddia tələbi əldən çıxmış faydanın tələb edilməsi hissəsində qismən əsaslıdır.
38. Məhkəmə hesab edir ki, cavabdeh Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən bank uçot dərəcəsinə uyğun olaraq iddiaçıdan pul tələb etsə də, onun tələbinin hüquqi əsasını həmin müddəa deyil, Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli Plenum Qərarında deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.
39. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüququ mövqedən də göründüyü kimi, göstərilən müddəa əsasında iddia tələbi o halda əsaslı ola bilər ki, iddiaçı cavabdehin pulunu qanunsuz saxlamaqla Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmiş olsun. Lakin cavabdeh bu halları sübut edə bilməmişdir.
40. Borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyi hallarda kreditorun, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyi hallarda, gecikdirilmiş vaxt üçün faiz tələb etməsinin əsasları isə MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
41. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, pul məbləğinin gecikdirilməsinə görə faizin tələbi hissəsində iddia qismən təmin edilməlidir. İş materialların əsasında müəyyən olunur ki, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının hərəkətlərindən şikayət ilə bağlı Xəzər RPİ-nə ərizə ilə müraciət etmiş, məhkəməyə isə qarşılıqlı iddia barədə iddia ərizəsi ilə isə xx.xx.2023-cü il tarixində (9 ay 17 gündən sonra) müraciət etmişdir. Belə ki, ödənilməli olan 14 950 manat məbləğində pul vəsaitinin 5%-i 747,50 manat təşkil edir. Yəni, (747,50 / 12 ay) x 9 ay = 560,62 manat. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının onun 14 950 manat məbləğində pul vəsaitini qanunsuz saxlaması nəticəsində 560,62 manat məbləğində maddi dəyərdən (sair maddi xeyrindən) məhrum olmuşdur.
42. Məkhəmə qarşılıqlı iddia tələbinin 793 manat pul vəsaitinin iddiaçıdan tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilə bilməz. Cavabdeh bildirir ki, iddiaçı tərəfindən boya maddələrinin alınması üçün 793 manat məbləğində ödənilməli pul vəsaitinin dəyəri onun tərəfindən ödənilmiş, lakin həmin pul vəsaiti iddiaçı tərəfindən ona qaytarılmamışdır. Lakin onun bu dəlili iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddiaçının irəli sürdüyü dəlilinin təsdiqi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
43. Məhkəmə hesab edir ki, 142 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 90%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
44. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İlkin iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. 14 950 manat məbləğində pul, 560,62 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 15 510,62 manat pul vəsaiti İddiaçı alınaraq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı