Məhkəmə qərarları › İş №2(011)-3342/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3342/2021

20.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3342/2021 20.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(011)-855/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin onun xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(011)-855/2019 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə 05..2008ci ildə anadan olmuş X4 və xx xxxxx 2010-cu ildə anadan olmuş X1 üçün hər ay hər uşağa 160 manat olmaqla cəmi 320 manat miqdarında aliment tutulması qət edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı ilə müqayisədə hal-hazırda ölkədə yetkinlik yaşma çatmayanlar üçün yaşayış minimumu dəfələrlə artaraq, 175 manat təşkil edir. Habelə uşaqların məktəbə getməsi, onlar üçün məktəb geyimi, ləvazimatı və əlavə təhsil almaları üçün məbləğ tələb etdiyindən və s., həmçinin bəzən xəstəliklər, müalicələr üçün onlara əlavə xərclər tələb edir. Hazırkı dövrdə özünün qazancı, cavabdehin ödədiyi alimentlə birlikdə belə bütün bu xərcləri ödəməyə imkan vermədiyindən alimentin miqdarının artırılmasına, həmçinin uşaqların müalicəsi və əlavə xərclər üçün ayrı pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına ehtiyacı vardır. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı hazırkı iş üzrə tələbinin hüquqi əsası kimi Ailə Məcəllənin 75, 78-ci maddələrinə istinad etmişdir. Halbuki həmin maddlərdə valideynin uşağın saxlanılması üçün aliment ödəməli olması, hansı hallarda alimentin sabit pul məbləği ilə müəyyən edilməsindən bəhs olunur. Alimentlə bağlı isə məhkəmə qətnaməsi mövcuddur və o, həmin qətnaməni mübahisələndirməmişdir. İddiaçının hazırkı tələbi aliment təyini deyil, məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasından ibarət olduğundan o, maddi hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarım dəyişə bilər. Göründüyü kimi, qanunvericilik məhkəmə tərəfindən təyin olunmuş alimentin miqdarının sonradan dəyişdirilməsi üçün iki halı müəyyənləşdirmişdir. Bunlardan biri tərəflərin maddi vəziyyəti, digəri isə ailə vəziyyətində dəyişikliyin olması ilə bağlıdır. Hazırkı iş üzrə həmin halların heç biri mövcud deyildir. İddiaçı onun maddi vəziyyətinin yaxşı olmasını qeyd etsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki onun özünün istinad etdiyi Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşaq üçün valideynin aylıq qazancının 1/3-i miqdarında aliment tutulur. Yəni 350 manat aliment ödəməyə imkanı olması üçün bundan 3 dəfə artıq qazanca, 1050 manat aylıq gəlirə malik olmalıdır. Lakin iddiaçı onun aylıq qazancının bu məbləğdə olmasına, yaxud aliment təyin edildikdən sonra aylıq qazancının 3 dəfə artmasına dair hər hansı sübut təqdim etməmişdir. Bu isə iddianın rədd edilməsi üçün əsasdır. Təyin edilmiş alimentdən artıq vəsait ödəməyə maddi imkanı olmadığından alimentin miqdarının artırılması yalnız çıxarılacaq qətnamənin icrasında problemlər yaradacaqdır. Dövlət aztəminatlı ailələrin dolanışığı üçün mütəmadi olaraq müəyyən tədbirlər görür. Buna ünvanlı dövlət sosial yardımını misal göstərmək olar. İddiaçı təyin olunmuş aliment uşağın saxlanması üçün yetərli deyildirsə, bununla yanaşı ünvanlı dövlət sosial yardımı da ala bilər. Lakin onun bu hüquqdan istifadə etməməsi yalnız onu çətin durumda qoymaq məqsədi daşımasını göstərir. İddiaçı tələbində 2021-ci il üçün uşağın minimum yaşayış məbləğinin 175 manat müəyyən edilməsinə istinad etmişdir. Halbuki Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşağı saxlamaq valideynlərin borcudur. Qanunvericilik uşağı saxlamağı təkcə atanın üzərinə qoymur. Bu məsuliyyətə ananı da şərik edir. Yəni uşağın saxlanılması üçün tələb olunan vəsait təkcə ona yox, həm də iddiaçıya aiddir. İddiaçının heç bir işlə məşğul olmaması ondan asılı deyildir. İddiaçı aliment təyin edildiyi vaxtla müqayisədə müəyyən qədər inflyasiya olmasını əsas gətirərək alimentin sabit pul məbləği ilə müəyyən edilməsini xahiş etmişdir. Lakin nəzərə almamışdır ki, aliment təyin edilən ərəfədə əmək haqqım 367 manat olmaqla alimentə görə 122 manat tutulduğu halda, işə 2019-cu ildə apellyasiya məhkəməsində baxılan ərəfədə 478 manat olmaqla alimentə görə 159 manat pul tutulmuş, hazırda isə alimentə görə əmək haqqının 1/3-i kimi 205 manat və 50 manat da əlavə sabit pul tutulur. Yəni aliment əmək haqqının 1/3-i miqdarında tutulduğundan zaman keçdikcə əmək haqqında olan artım alimentə də təsir göstərir. iddiaçıdan ayrıldıqdan sonra X2 ilə ailə həyatı qurmuş və bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü İsmayılov İsmayıl, xx.xx.2018-ci il təvəlldülü İsmayılov Rəsul adlı uşaqları vardır. Bu hal isə aliment təyinindən sonra ailə vəziyyətində dəyişikliyin baş verməsini göstərir ki, bu da alimentin məbləğinin artırılması deyil, azaldılması üçün əsasdır. Bundan başqa yanında qalan uşaqlarından biri xəstəlikdən əziyyət çəkir ki, onun müalicəsi üçün də vəsait xərcləməlidir. Lakin iddiaçının tələbi təmin olunduğu təqdirdə, əmək haqqı nəinki yanında qalan xəstə uşağının müalicəsinə, hətta onların saxlanılmasına belə çatmayacaqdıir. Nəticədə yanında qalan uşaqların da hüquqları pozulmuş olur. Bütün bunlar iddiaçı tərəfindən nəzərə alınmamışdır. Bundan başqa iddiaçı 2019-cu ildə alimentin məbləğinin 160 manat müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun tələbi Bakı şəhəri, Xətai Rayon Məhkəməsi tərəfindən təmin edilsə də, sonda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-9316/2019 saylı qətnaməsi ilə qeyd olunan qətnamə qismən, ondan İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılmaqla, alimentin sabit pul məbləğində müəyyən edilməsi hisəssində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(050)-907/2013 saylı qətnaməsi ilə ondan İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) 1/3 hisəssi və hər uşaq üçün hər ay 25 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmı İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin, ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddianı tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 9316/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(011)-855/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(050)-907/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, qeyd olunan qətnamə qismən, tutulan alimentin miqdarının artırılmaqla, alimentin sabit pul məbləğində müəyyən edilməsi hisəssində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia həmin hissədə qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(050)- 907/2013 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancın (başqa gəlirlərin) 1/3 hisəssi və hər uşaq üçün hər ay 25 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Masallı rayonlararası Mühafizə Bölməsinin xx.xx.2021-ci il tarixli 270/97 saylı arayışından görünür ki, Cavabdeh aylıq əmək haqqı hal-hazırda 593 manat təşkil edir. AR ƏN Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 40549/2020-62-1 saylı məktubu vasitəsilə daxil olmuş, Bakı Apelliyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, iş- 2(103)-9316/2019-cu il saylı icra vərəqəsinə əsasən onun aylıq əmək haqqının 3/1 hissəsi (197.67 manat) və əlavə hər bir uşağa görə 25 manat (cəmi 50 manat) tutularaq, iddiaçya ödənilir. Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh hazırda X2 ilə ailə həyatı qurmuşdur və bu nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəlldülü X7 adlı uşaqları vardır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin artırılmasını tələb etməyə subyektiv hüququ olmasına baxmayaraq, məhkəmə tərəfindən işin araşdırılmış halları ilə qanunvericiliklə məhkəmə tərəfindən təyin olunmuş alimentin miqdarının sonradan dəyişdirilməsi üçün müəyyən edilmiş hallar, yəni tərəflərin ailə və ya maddi və vəziyyəti dəyişikliyin olması təsdiq olunmamışdır. İddiaçı cavabdehin maddi vəziyyətinin yaxşılığa doğru dəyişməsini əsaslandırmamış, barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(011)-855/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin onun xeyirinə tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar