Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3343/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, 2(011)-5406/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarındakı nikah pozulmuş, 11 aprel 2009-cu il təvəllüdlü X1 və 13 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində, cəmi 350 manat alimentin onun xeyrinə ödənilməsi barədə qətnamə qət edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh birgə nikahdan anadan olmuş övladları11 aprel 2009-cu il təvəllüdlü X1 və 13 aprel 2014-cü il təvəllüdlü X2 18 yaşına çatanadək hər ay onun xeyrinə 193 manat olmaqla, cəmi 386 manat alimentin kəsilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, hazırda baxçada müəllimə işlədiyini və 300 manat maaş aldığını əsas gətirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, 300 manat maaş aldığını, onun 150 manatının alimentə ödənildiyini, yenidən evləndiyini və həmin nikahdan da bir uşağının olmasını əsas gətirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-658/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5406/2017 saylı, 13 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, 11 aprel 2009-cu il təvəllüdlü X1 və 13 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 272 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1602/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış və 11 aprel 2009-cu il təvəllüdlü X1 və 13 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək 11 aprel 2009-cu il təvəllüdlü X1 və 13 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4622/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu N yanvar 1982-ci il təvəllüdlü Cavabdeh 05 aprel 2018-ci il tarixdə həmin poliklinikada müayinədə olmuşdur. İş materiallarında olan Sosial arayışdan görünür ki, N yanvar 1982-ci il təvəllüdlü Cavabdeh "xxxx" MMC-də sosial işçi kimi işləyir və 300 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin iddianın təmin edilməsinə etiraz ının əsası kimi maddi vəziyyətinin yaxşı olmaması, yenidən evlənməsi və həmin nikahdan da bir uşağının olması dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin maddi vəziyyətinin yaxşı olmaması onun qanunla müəyyən edilmiş uşaqların lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaqlar qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin tələblərinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması” tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.7-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ uşağın saxlanılması üçün zəruri olan minimal xərclərlə bağlı müəyyən edilmiş məbləğdə olduğu üçün iddia təmin edilməli və Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4622/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən 11 aprel 2009-cu il təvəllüdlü X1 və 13 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4622/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən 11 aprel 2009-cu il təvəllüdlü X1 və 13 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3343/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3343/2022
07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver