Məhkəmə qərarları › İş №2(011)-3344/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3344/2020

30.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3344/2020 30.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qȧrşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 50.000 (əlli min) manat məbləğində maddi və 100.000 (yüz min) manat məbləğində mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-757/2017 nömrəli, xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmdən narazı qalaraq apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(103)-1519/2017 saylı qərarı ilə şikayəti təmin edilməmiş, sözügedən hökm dəyişdirilmədən saxlanılmış və qərar dərhal qanuni qüvvəsini almış və o, cəzasının icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Lakin, sonradan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli Qərarı ilə vəkilləri tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və cinayət işi yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-558/2019 saylı, xx xxx 2019-cu il tarixli hökmü ilə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmağına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-757/2017 nömrəli, xx xxxx 2017-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilmiş və barəsində bəraət hökmü çıxarılmışdır. İddiaçı xx xxxxxx 2017-ci il tarixdən azadlığı qanunsuz məhdudlaşdırılmaqla Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi təziqlərə məruz qalmışdır. Barəsində aparılan cinayət təqibinin ibtidai araşdırılması qeyri-obyektiv, qərəzli keçirilmiş, məhkəmə istintaqı zamanı isə məhkəmə ədalətli və hərtərəfli araşdırma aparılmadan, həqiqəti əks etdirməyən, mötəbər olmayan cinayət işinin materiallarında olan sübutlara əsaslanmaqla ona cinayətkar statusu vermişdir. Ona görə də o, qanun pozuntuları ilə həyata keçirilən ədalət mühakiməsi nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinə göndərilmişdir. xx xxxxxx 2017-ci il tarixdən xx xxx 2019-cu il tarixədək olan 2 il 4 ay ərzində onun azadlığı qanunsuz olaraq məhdudlaşdırılmış, qanunsuz azadlıqdan məhrum edilmişdir. Qanunsuz həbsdə olduğu müddətdə gəlir əldə etmək imkanından məhrum olunmuş, sağlamlığında bir sıra mənfi dəyişikliklər baş vermiş, immuniteti olduqca zəifləmişdir, hazırda vərəm və hepatit C virusundan əziyyət çəkir. Pozulmuş hüquqlarının peşəkar müdafiəsi üçün ailəsi tərəfindən bütün məhkəmə instansiyalarında vəkillə təmin olunmuş və ona görə də ona göstərilən keyfiyyətli hüquqi xidmət üçün maddi vəsait xərcləmək məcburiyyətində qalmışdır. Həmin müddət ərzində nəinki o, eləcə də ailəsi sair maddi çətinliklər çəkmiş, həmçinin mənəvi iztirablara məruz qalmış, yaşadığı ərazidə və əvvəllər işlədiyi kollektivdə haqsız yerə narkotik vasitələrin satışı ilə məşğul olan cinayətkar kimi tanınmışdır. Ona görə də hesab edir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanın əvəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. İddiaçı və onun nümayəndəsi və vəkili X1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş, və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Cavabdeh Daxili İşlər Nazirliyinin nümayəndəsi X5 ərizə ilə müraciət edərək işə iddiaçının iştirakı olmadan baxılıb mahiyyəti üzrə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işə iddiaçın və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Kazımlı Könül Rasim qızı iştirak etdiyi məhkəmə iclasında iddiaya etiraz edərək, qeyd etmişdir ki, iddiaçı təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X5 iştirak etdiyi məhkəmə iclasında iddiaya etiraz edərək, qeyd etmişdir ki, İddiaçı x xxxxxx 2017-ci ildə Suraxanı RPİ İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.4.3. maddəsi ilə şübhəli bilinərək tutulmuş və həmin maddə ilə ona ittiham elan olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq müddətində İddiaçı törətdiyi əməli etiraf etmişdir. İddiaçı təqsirləndirilən şəxs qismində cəlb olunması etirafedici ifadəsi əsasında həyata keçirildiyindən ona hər hansı ziyan ödənişi nəzərdə tutulmur. Bundan başqa iddiaçı tərəf İddiaçı ibtidai istintaq zamanı fiziki və psixi təziqə məruz qaldığını və bunun nəticəsində qeyri-mötəbər sübutlar əldə olunduğunu bildirməsinə baxmayaraq göstərilən faktlarla bağlı hər hansı cinayət təqibi aparılmamış, cinayət işi başlanılmamış, hər hansı bir şəxs cinayət məsuliyyətinə cəlb olunmayaraq barəsində məhkəmənin ittiham hökmü çıxarılmamışdır. Odur ki, İddiaçı fiziki və psixi təyziqlər nəticəsində etiraf ifadəsi verməsi təsdiqini tapmamışdır. İddiaçı tərəf hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyanın vurulmasını göstərərək 50.000 manat maddi və 100.000 manat mənəvi zərərin ödənilməsini istəməsinə baxmayaraq həmin məbləğin formalaşma mexanizminin, vurulmuş ziyanın nədən ibarət olmasını dəqiqləşdirməmişdir. İddiaçı barəsində əsassız cinayət təqibinin aparılması nəticəsində qonşular, qohumlar, dost və tanışları arasında nüfuzdan və etibardan düşməsini bildirmişdir. İddiaçı barəsində 2008-ci ildə Nizami RPİ İstintaq şöbəsində CM-n 234.1., 2010-cu ildə Nərimanov, Nizami və Suraxanı RPİ-də CM-in 177.2.2. və 177.2.3. maddələri ilə cinayət işləri başalanaraq ittiham aktları ilə məhkəməyə göndərilmiş və məhkəmənin ittiham hökmləri çıxarılmışdır. Əvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin yenidən cinayət məsuliyyətinə cəlb edilməsini nüfuzdan salan hal kimi qiymətləndirmək həqiqətə uyğun hesab edilə bilməz. Cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilərək birinci instansiya məhkəməsi tərəfindən ittiham hökmü çıxarılmış, apelyasiya instansiyası məhkəməsi tərəfindən isə himin hökm qüvvədə saxlanılmışdır. Odur ki ibtidai istintaq zamanı və məhkəmə baxışlarında cinayət təqibini istisna edən halların aşkar şəkildə müəyyən edilməməsi vurulmuş ziyanın cinayət işinin həmin mərhələdə olduğu müddətə hesablanması düzgün deyil. İddiaçı istintaq təcridxanasında saxlanılan müddətdə qidalanmasına və hüquqi yardım göstərilməsinə müəyyən məsrəflər çəkildiyini bildirmişdir. Halbuki təqsirləndirilən şəxslərin müdafiəsi və istintaq təcridxanasında saxlanılan şəxslərin qidalanması tam şəkildə dövlət hesabina təmin edilir. Qeyd olunanları nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı barəsində məhkəmənin bəraət hökmü çıxarılmış şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə iddialarının təmin edilməməsinə dair qərarın çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-558/2019 nömrəli xx.xx.2019-cu il tarixli Hökmünə əsasən, müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətinin (apellyasiya şikayətinə əlavə ilə birlikdə) təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-757/2017 nömrəli, xx xxxx 2017-ci il tarixli hökmü ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təcqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilməsi, ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi, Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilməsi hökm edilmişdir. Hökmdən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Z.Q.Ağayevin sədrliyi ilə, A.Ə.Məcidov və S.S.Hüseynovdan ibarət tərkibdə) xx xxxx 2017-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmişdir. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. Hökmdə qeyd edilmişdir ki, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, İddiaçı bu cür qanunsuz əldə olunmuş sübutlar əsasında AR CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi nə cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, o cümlədən CPM-in 125, 143-146-cı maddələrinə, nə də ki (nəticə etibarı ilə) İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə uyğun deyil; Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxs İddiaçı ibtidai istintaqın ilkin dövründə verdiyi ifadələrində ona qarşı irəli sürülmüş ittiham üzrə bütün halları etiraf etməsi, lakin hazırki məhkəmə baxışındakı ifadələrdə verilmiş ittihamı qəbul etməməsinə münasibətdə qeyd etmişdir ki, AR CPM-in 126.5.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında olan sübutlar İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu bir daha təsdiq edir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası “xxxx” QSC-nin A/137 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1981-ci il təvəllüdlü, İddiaçı xx.xx.2015-ci il tarixində “xxxx” QSCnin İnsan Resursları və Xidmət Departamentinin Yaşıllaşdırma xidmətinə 5-ci dərəcəli yaşıllaşdırma tikintisi üzrə fəhlə peşəsinə qəbul edilmiş (Əmr № K-311, xx.xx.2015-ci il), xx.xx.2016-cı il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad edilmişdir (Əmr № Ş- 8929/2, xx.xx.2016-cı il). İşlədiyi müddət ərzində İddiaçı əmək haqqı cəmi 4238,88 manat təşkil edirdi (2015-ci il üzrə Oktyabr 123,75, Noyabr 396,00, Dekabr 341,70; 2016-cı il üzrə Yanvar 395,99, Fevral 333,39, Mart 396,00, Aprel 383,18, May 521,00, İyun 396,00, İyul 349,03, Avqust 309,93, Sentyabr 104,23, Oktyabr 188,68 manat). Bütün məbləğlərdən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqları ödənilmişdir. Mülki iddianın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində islah işləri, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə görə, vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Qanunun 5-ci maddəsində bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlərin; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanının; 3) ödənilmiş məhkəmə xərclərinin, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimənin; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlərin; 5) vurulmuş fiziki və mənəvi ziyanın ödənilməli olduğu; 7-ci maddəsində şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələrin mənəvi ziyan hesab edildiyi; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyanın mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənildiyi; 12-ci maddəsində fiziki və mənəvi ziyanın, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilməli olduğu təsbit edilmişdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. Qeyd edilən Qanunun 7-ci maddəsinə əsasən Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Qanunun 8-ci maddəsinə əsasən qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və X2 haqqında Konvensiya”-nın 41-ci maddəsinə və X6 Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və X6 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Yuxarıda istinad edilən qanunvericilik normalarını müddəalarını və mülki işin faktiki hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının qanunsuz ittiham edilərək həbs edilməsi nəticəsində onun mənəvi sarsıntı və iztirab keçirmiş olması mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 100000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 5000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddiaçının 50.000 (əlli min) manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. İddiaçı ona maddi ziyan vurulduğunu əsassız məhkum olunması ilə bağlı keçirdiyi əsəb, gərginlik və mənəvi iztirablar nəticəsində bir neçə xəstəliklərə (şəkərli diabet, hipertenziya və s.) düçar olması, habelə müalicə xərcləri çəkməsi ilə əsaslandırsa da, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən iddiaçı qanunsuz olaraq həbs olunması səbəbindən gəlir əldə etmək imkanından məhrum olmasına, iş yerini itirməsinə istinad etsə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, lakin Azərbaycan Respublikası “xxxx” QSC-nin A/137 nömrəli, xx.xx.2020-ci il tarixli arxiv arayışına əsasən İddiaçı xx.xx.2016-cı il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad edilmişdir. Odur ki, iddiaçı iş yerini itirmədiyi üçün əmək haqqından məhrum olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat məbləğində pul dövlət büdcəsi vasaitinə hesabına Azərbaycan Respublı̇ kasının Malı̇ yyə Nazı̇ rlı̇ yi vasitəsi ilə iddiaçı Nəbı̇ yev Salman Dəyanət oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar