Məhkəmə qərarları › İş №2(011)-3347/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-3347/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3347/2023 25.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı xx.xx.2021-ci il tarixində Cavabdeh 500 manat məbləğində pul vəsaiti vermişdir. Belə ki, cavabdeh pula ehtiyacı olduğunu və əldə etdiyi məbləği 3 ay müddətində iddiaçıya qaytaracağını vəd etmişdir. xx.xx.2021-ci il tarixində ona lazım olan 500 manat məbləğində pul vəsaitini İddiaçı ona verdiyini cavabdeh öz əlyazması ilə təsdiq etmiş və 3 ay müddətində hər ayın 4-cü günündə hissə-hissə geri ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh verdiyi vədə və əlyazmasına sadiq qalmamış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

İddiaçının tələbi:

2. Cavabdeh 500 manat məbləğində borcun, 40 manat məbləğində iddia ərizəsinin tərtibatına görə çəkilən əlavə xərcin və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Ərizə təqdim edərək, mülki iş üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh ondan 500 manat məbləğində borc pul istəmiş, iddiaçı həmin məbləği cavabdehə vermiş, lakin Cavabdeh aldığı borc məbləğini geri qaytarmamışdır.

6. Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. xx.xx.2021-ci il tarixli cavabdehin əlyazmasına əsasən, Cavabdeh İddiaçı müalicəyə görə 500 manat məbləğində borc pul verməsini xahiş etmiş, aldığı borc məbləğini sentyabr ayının 7-nə kimə ödəyəcəyini bildirmiş və girov olaraq anasının pensiya kartını qoymuşdur.

8. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi polis polkovnik-leytenantı Məhşur Hüseynova ünvanlanmış ərizəyə əsasən, 2020 və 2021-ci tarixlərdə Aynurə 1500, Əhiyəddin 1500, Fərhad 500, Niyaz 1000, Vüqar 800, Söhrab 1000 və Elvin adlı şəxs isə 700 manat İddiaçı işlədiyi lombarddan kredit forması ilə pul götürmüş, lakin geri qaytarmamışdırlar, bu səbəbdən də İddiaçı həmin şəxslərin tapılıb pulların geri qaytarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir.

9. xx.xx.2023-cü il tarixli Xətai RPİ-nin 34-cü PŞ-nin baş ə/m Polis mayoru Səfər Səfərov tərəfindən verilmiş arayışa əsasən, İddiaçı 2020 və 2021-ci tarixlərdə Aynurəyə 1500, Əhiyəddinə 1500, Fərhada 500, Niyaza 1000, Vüqara 800, Söhraba 1000 və Elvin adlı şəxsə 700 manat lombarddan pul verməsinə baxmayaraq, bu günki günə qədər borclarını qaytarmaması barədə məlumat vermişdir, qeyd olunanlarla bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatların mülki xarakterli olduğu üçün aidiyyatı üzrə müraciət etməsi barədə vətəndaşa rəsmi məlumat verilmişdir.

10. Cavabdeh tərəfindən Xətai RPİ-nin 34-cü PŞ-ndə xx.xx.2023-cü il tarixində verilmiş izahata əsasən, Cavabdeh İddiaçı şikayət ərizəsi ilə tanış olmuş, təxmini bir ilə yaxındır ki, 500 manat məbləğində özünün, 1000 manat məbləğində isə həyat yoldaşı X1 lombarddan pul götürdüyünü, lakin imkanı olmadığı üçün borcunu geri qaytara bilmədiyini, qısa müddətdə hissə-hissə ödəyəcəyini bildirmişdir.

11. xx.xx.2023-cü il tarixli, 55-1/2-A-425 saylı məktuba əsasən, İddiaçı şikayət ərizəsinə baxıldığı bildirilmiş, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyatı üzrə müraciət etməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

16. Mülki araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli borc müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2) və həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh qarşılıqlı razılığa əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Belə ki, Cavabdeh İddiaçı 500 manat məbləğində borc pul verməsini xahiş etmiş, aldığı borc məbləğini sentyabr ayının 7-nə kimə ödəyəcəyini bildirmiş və girov olaraq anasının pensiya kartını qoymuşdur, lakin bu günə qədər İddiaçı olan 500 manat məbləğində borcunu geri qaytarmamışdır. Cavabdeh Xətai RPİ-nin 34-cü PŞ-ndə xx.xx.2023-cü il tarixli izahatında da İddiaçı 500 manat məbləğində pul götürdüyünü, lakin imkanı olmadığı üçün borcunu geri qaytara bilmədiyini, qısa müddətdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin borcunu keçən dövr ərzində ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. (MM m. 443.1, 448.1 və 448.2).

17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin 500 manat pulun ödənilməsi hissəsində təmin edilməli, Cavabdeh 500 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

18. İddiaçının tələblərindən biri də iddia ərizəsinin verilməsinə görə 40 manat çəkilmiş xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsidir. Lakin iddiaçı həmin xərcin özü tərəfindən çəkilməsini təsdiq edən heç bir sübutu mülki iş materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə sübuta yetirilmədiyindən, təmin edilməməlidir.

Məhkəmə xərcləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1.İddia tələbi qismən təmin edilsin. 2.Cavabdeh 500 manat tutularaq İddiaçı ödənilsin. 3.İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar