Məhkəmə qərarları › İş №2(011)-3363/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3363/2025

24.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3363/2025 24.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Cavabdeh iddiaçıya Şəmkir rayonu Tatarlı kəndində 25 km boru xəttinin sökülməsi üçün texnika lazım olduğunu və o əraziyə gəlməyi təklif edib. Gündəlik 350 (üç yüz əlli) manat olmaqla yanacaq və sair xərclər iddiaçıya aid olub, hər günün sonunda nəzərdə tutulan pul vəsaiti nağd şəkildə iddiaçıya veriləcəyi təklif edilib.İddiaçı həmin texnikanı yəni ekskavatoru arendaya götürüb və hər gün 250 manat arenda pulu verib. İddiaçı xx.xx.2025-ci il tarixdə ekskavatoru "DAİMAN" markalı avtomaşınla ona deyilən ünvana aparıb və işə başlayıb. Bir gün işlədikdən sonra polis əməkdaşları Şəmkir rayonu Tatarlı kəndində onların işlədikləri yerə gələrək işi dayandırmağı bildiriblər. İddiaçı cavabdehə traktoru da götürüb getmək istədiyini deyibh və ondan bir günlük əmək haqqını yəni 350 manat pulu və "DAİMAN" yükləyicinin pulunu 600 manatı verməsini tələb edib. Cavabdeh iddiaçıya bildirib ki, "texnikanın pulundan narahat olmasın və onu aparmasın, bu gün sabahlıq gözləsin tezliklə işə başlayacaqlar". İddiaçı traktoru arendaya götürdüyünü və gündəlik arendaya 250 manat pul verməli olduğunu bildirsə də cavabdeh gündəlik pulun nə qədər olsa ödəyəcəyini bildirmişdir.

2. İddiaçı xx.xx.2025-ci il tarixədək gözləsə də Yusif yenə də ona bu gün sabah işə başlayacaqlarını deyib. İddiaçı onun yalan danışdığını görüb texnikanı götürmək üçün Şəmkir rayonu Tatarlı kəndinə gedib və traktoru oradan götürüb. Cavabdehin təqsiri ucbatından iddiaçı 3500 manat arendaya və 600 manat "DAİMAN" yükləyiciyə verib. Dəfələrlə cavabdehdən onun təqsiri ucbatından çəkilən 4100 manat xərci tələb etsə də, o həmin puldan indiyə kimi cəmi 100 manat pul qaytarmış, qalan hissəsini isə qaytarmaqdan qəsdən yayınmışdır.

İddiaçının tələbi:

3. İddiaçı Cavabdeh tərəfindən ona vurulan zərərə görə 4000 manat pulun və ödədiyi 69 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

4. xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ilə müraciət edərək, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, cavabdeh ona ödəməli olduğu 4100 manat puldan cəmi 100 manat ödəmişdir və o 4000 manat pulu və 69 manat ödənilmiş dövlət rüsumunu tələb edir.

6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, iddiaçını o iş yerinə çağırmışdır. Lakin, iş onun işi olmamışdır. Onlar iş yerinə getmiş, günorta polislər gəlmiş və işi dayandırmışdırlar. İşin sahibi olan şəxsə o dəfələrlə xəbərdarlıq etmişdir bununla bağlı, lakin hələ də heç nə edilməmişdir. Həmin adamla Gəncədə görüşmüş və iddiaçıya dəyən ziyanla bağlı ona məlumat vermişdir. Təxmini onun özünə də hazırda 10000 manata yaxın zərər dəymişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

7. 24 yanvar 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərara əsasən, Cavabdeh təklifi ilə İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək icarə götürdüyü ekskavatoru Şəmkir rayonu Tatarlı kəndində saxlamışdır.

8. xx.xx.2025-cil tarixli arayışa əsasən, İddiaçı Göygöl rayonu Bəhrambağ kəndində yaşayır.

9. Digər sənədlər və disk.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

Məhkəmənin mövqeyi:

13. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

14. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

15. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, tələbin hüquqi əsasını ilk növbədə Mülki Məcəllənin 1096-cı və 1097.1-ci maddələri təşkil edir.

16. Məhkəmə qeyd edir ki, Cavabdeh təklifi ilə İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək icarəyə götürdüyü ekskavatoru Şəmkir rayonu Tatarlı kəndində saxlamışdır. İşin bu halları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 24 yanvar 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarda öz təsdiqini tapmışdır.

17. Həmçinin, tərəflərin izahatından və iş materiallarından məlum olmuşdur ki, ekskavatorun Şəmkir rayonu Tatarlı kəndində saxlanıldığı hər gün üçün 250 manat icarə haqqı ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. İşin bu halları iş materiallarına əlavə edilmiş diskdə öz əksini tapır. Cavabdeh isə vədinə əməl etməyərək icarə haqqı üçün olan pulu iddiaçıya ödəməmişdir, buna görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir

18. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ekskavatorun daşınması üçün “DAİMAN” markalı yükləyici maşına iddiaçı tərəfindən 600 manat məbləğində ödəniş edilmişdir. Həmçinin, ekskavatoru Şəmkir rayonu Tatarlı kəndində saxlanılması üçün iddiaçı 3500 (250 x 14=3500) manat məbləğində xərc çəkmişdir. İddiaçıya dəymiş zərərin ümumi məbləği 4100 manat təşkil etmiş, cavabdeh tərəfin 100 manat ödədiyi iddiaçıtərəfindən qeyd edilmişdir.

19. Cavabdeh tərəf məhkəmə iclasında verdiyi izah zamanı, iddiaçıya zərərin vurulmasını etifa etmiş, lakin bu məsələdə onun təqsirinin olmadığını qeyd etmiş, başqa şəxsində ona verdiyi vəd üzündən zərərə düşdüyünü qeyd etmiş, lakin bu halları sübut edən dəlilləri məhkəməyə təqdim etməmişdir.

19. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 69 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 (altmış doqquz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar