Məhkəmə qərarları › İş №2(011)-3367/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3367/2022

01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3367/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarınının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən övladları xx.xx.2010-cu il təvəllüdlü Təvəkkül və xx.xx.2011-ci il təvəllüdlü Məhəmmədin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 193 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X5 və X1 üçün hər ay hər uşaq üçün 180 manat cəmi 360 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikahları pozulmuşdur, birgə nikahdan iki uşaqları dünyaya gəlmişdir, nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur, bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq kəsilmişdir, hazırda boşanmışdırlar, ayrı-ayrılıqda yaşayırlar, uşaqlar öz himayəsindədirlər, cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir, hazırki öz qazancı ilə uşaqların təminatını ödəmək çətindir, tutulan aliment uşaqların xərclərini ödəməyə kifayət etmir, uşaqlar böyüdükcə xərcləri də artır, bu səbəbdən alimentin artırılmasını xahiş edir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi L.N.Axundova izahat verərək bildirmişdir ki, cavabdeh iddia tələbini qəbul edir, X5 və X1 üçün hər ay hər uşaq üçün 180 manat cəmi 360 manat aliment ödəməyə razıdır. Sonda cavabdehin nümayəndəsi L.N.Axundova qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İİİ seriyalı 958173 saylı doğum haqqında şəhdaətnamənin surətindən görünür ki, X6 xx.xx.2010-ci ildə Bakıda anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı 958174 saylı doğum haqqında şəhdaətnamənin surətindən görünür ki, X5 xx.xx.2011-ci ildə Bakıda anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı 159482 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 arasındakı nikah ləğv edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1475/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6926/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah pozulmuşdur, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, uşaqlar halhazırda iddiaçının himayəsindədir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1475/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında müəyyən olunmuş hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat miqdarında aliment məbləği uşaqların saxlanması məqsəd ilə yetərli deyil və aliment məbləğinin artırılması tələbi onların əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1475/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə cavabdehin razılığını nəzərə alaraq xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1475/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1475/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 180 olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar