Məhkəmə qərarları › İş №2(011)-3368/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3368/2022

09.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3368/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdeh Abdullazadə (İsmayıl) Aqşin Faiq oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Abdullazadə (İsmayıl) Aqşin Faiq oğluna qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abdullazadə (İsmayıl) Aqşin Faiq oğluna qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1416,34 manat maddi zərərin əvəzinin və 1000 manat mənəvi zərərin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Abdullazadə (İsmayıl) Aqşin Faiq oğlu “KapitalBank" ASC-nin Gədəbəy filialı ilə aralarında bağlanmış 19.03 2014-cü il tarixli 181GTK********** (sistemdə dəyişikliklərlə əlaqədar əvvəlki kredit müqaviləsi 181GTİM1********) nömrəli kredit müqaviləsi üzrə həmin bankdan 5000 manat kredit götürmüş və o da, həmin kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icra edilməsinin təminatı kimi zamin dayanmışdır. Cavabdeh krediti götürüb istifadə etmiş, lakin ödəmədiyi uçün Xətai rayon məhkəməsinin 2(011)-9850/2015 nömrəli, 16.11.2015-ci il tarixli məhkəmə əmri ilə 1270,04 manat əsas borcun. 426,30 manat faiz borcunun həm ondan, həm də Abdullazadə Aqşin Faiq oğlundan müştərək qaydada tutulması əmr edilmişdir. Həmin məbləğin 1416,34 manat hissəsi zamin kimi ondan bankın xeyrinə tutulmuşdur və borc tam ödənilmişdir. Cavabdehin əvəzinə borcun ondan tutulması ilə bağlı əsəb sarsıntıları keçirmiş, qanuni əmlakından məhrum olması, hələ üstəlik də əmlakından məhrum edən şəxsin saymamazlığı nəticəsində mənəvi zərərə məruz qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədəqanunla müəyyən edilmiş qaydada məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Abdullazadə (İsmayıl) Aqşin Faiq oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya 2015-ci ildə 800 manatdan çox pul ödəsə də, qəbz olmadığından qeyd etməmişdir. Qeyd olunanların nəzərə alaraq, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16.11.2015-ci il tarixli 2(011)-9850/2015 saylı məhkəmə əmrindən görünür ki, borclular Abdullazadə (İsmayıl) Aqşin Faiq oğlundan və İddiaçı 1270,04 manat əsas borcun. 426,30 manat faiz borcu olmaqla, cəmi 1696,34 manat borcun və 20 manat dövlət rüsumunun kreditor “KapitalBank" ASC-nin xeyrinə tutulması əmr edilmişdir. İş materiallarında olan “KapitalBank" ASC-nin 02.07.2021-ci il tarixli, 135000/1944 saylı arayışından görünür ki, Abdullazadə Aqşin Faiq oğlu ilə “Kapital Bank" ASC-nin Gədəbəy filialı arasında bağlanmış 19.03.2014-cü il tarixli, 181GTK********** (sistemdə dəyişikliklə əlaqədar əvvəlki kredit müqaviləsi 18İGTUM1********) nömrəli 5000 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 1416,34 manat məbləğində ödəniş edilmiş, 17.10.2017ci il tarixə kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi yoxdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla İddiaçı tərəfindən zamin qismində cavabdeh Abdullazadə (İsmayıl) Aqşin Faiq oğlunun kredit müqaviləsi üzrə borcundan 1416,34 manat məbləğində ödəniş etməsi müəyyən edilmişdir. Cavabdeh Abdullazadə (İsmayıl) Aqşin Faiq oğlu məhkəmə baxışında borcundan ödənişlər etməsini bildirsə də, bu barədə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyan hissəsində təmin edilməli, 1416,34 manat cavabdehdən tutularaq, iddiaçıya ödəniməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərə görə kompensasiyanın ödənilməsi hissəsində əsassız olduğuna görə təmin edilməməlidir. İlk növbədə qeyd məhkəmə qeydə etməyi zəruri hesab edir ki, zaminlik müqaviləsinin mahiyyətini borcalan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi hallarında, zaminin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıması təşkil edir. Bu mənada iddiaçının iddia ərizəsində mənəvi ziyana məruz qalmasının səbəbi kimi cavabdehin əvəzindən borcun ondan tutulmasına istinad etməsi tamamilə əsassızdır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Kletsova Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. "Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə əlavə olunmuş Aa seriyalı, 371788 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə ödənilməli olan 34 manat dövlət rüsumu cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Abdullazadə (İsmayıl) Aqşin Faiq oğlundan 1416,34 (bir min dörd yüz on altı manat 34 qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh Abdullazadə (İsmayıl) Aqşin Faiq oğlundan 34 (otuz dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar