Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-339/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat əsas borc və 250 manat faiz borcunun, 700 ABŞ dolları əsas borcun, 35 ABŞ dolları faiz borcunun, 500 manat mənəvi zərərin, onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 5780 manat və 735 ABŞ dolları pul məbləğinin alınaraq X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 25.09.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, 2018-ci ilin aprel ayında Cavabdeh nağd formada 5000 manat və 700 ABŞ dolları borc pul vermişdir, həmin məbləğlərin onun tərəfindən alınmasını cavabdeh öz xətti ilə yazaraq, imzası ilə də təsdiq etmişdir, aldığı məbləği Cavabdeh 3 ay ərzində qaytarmağa söz vermişdir, lakin bugünə kimi cavabdeh həmin məbləği ona qaytarmamış, dəfələrlə verdiyi pulların geri qaytarılmasını istəsə də, həmin şəxs müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır, onun hərəkəti ailəsində söz-söhbətin yaranmasına səbəb olmuş, maddi vəziyyətini pisləşdirir, ona xeyli zərər vurur, həmin məbləğ 5000 manat və 700 ABŞ dolları mülki dövriyyə şəraitində ona müəyyən gəlir gətirə bilərdi, o, həmin gəlirlərdən də məhrum olmuşdur, borclu ona verəcəyi məbləği 1 ildən çoxdur ki, gecikdirir, deməli borclu ən azı borc məbləğinin 5%-i miqdarında əlavə pul ödəməlidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh 2018-ci ildə X8 məxsus “Lombard” kredit müəssisəsində kredit mütəxəssisi işləmişdir, cavabbdeh “Lombard”da işləyərkən qonşusu X4 tez-tez onun yanına gəlib-getmiş, hətta bir neçə dəfə Rafael onun da pulu olduğunu, onlara kreditlə pul verə bilər kimi ifadələr işlətmişdir, son vaxtlar iddiaçı cavabdehdən əl çəkməyərək iddiaçıdan borca nə üçün pul götürmədiklərini soruşurmuş, cavabdeh isə hər dəfəsində onun dediklərini qulaq ardına vuraraq, öz işi ilə məşğul olurmuş, Rafael onun yanına gəlib-gedərkən həmçinin onun müdiri Zauru da şəxsən tanımışdır, Rafaellə onun arasındakı söhbətlərdən Zaur, Rafaelin kreditlə pul vermək istədiyini bilmişdir. Zaura pul lazım olarkən özü Rafaeldən bir neçə dəfə pul istəmiş, Rafaelin 5000 (beş min) manatı və 700 (yeddi yüz) ABŞ dollarını Zaura nə vaxt verməsindən isə xəbəri olmamışdır, Rafael şəxsən cavabdehə bir manat da olsun pul verməyib, əgər cavabdehə pul veribsə bunun sübutunu təqdim etməlidir, Zaur Rafaeldən 5000 (beş min) manat pul götürdüyünü cavabdehə demişdir, aradan bir neçə müddət keçdikdən sonra Zaurdan Rafaelə olan pul borcunun 4000 (dörd min) manatını qaytardığını eşitmişdir, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə verilmiş və iddia ərizəsinə əlavə edilmiş borc müqaviləsi adlandırılan kağız parçasının cavabdehə heç bir aidiyyəti yoxdur, iddiaçının borc müqaviləsi adlandırdığı kağız parçasına diqqətlə baxdıqda görünür ki, Zaurun özü həmin kağızı imzalamış və öz xətti ilə mobil telefonunu da yazmışdır, eyni zamanda həmin kağız parçasında qeyd olunan telefon nömrəsi də şəxsən Zaura məxsus olmuşdur, iddiaçının borc müqaviləsi adlandırdığı kağız parçasında Cavabdeh sözünün yazılması o demək deyil ki, həmin şəxs cavabdehdir və yaxud ölkədə cavabdehdən başqa Cavabdeh yoxdur, həmin yazıda nə ata adı yazılıb, nə şəxsiyyətini təsdiq edən, yəni şəxsin ona aid olması barədə sənəd yoxdur, iddiaçı hansı əsasla pul tələb edir, o da cavabdehə aydın deyildir, iddiaçı ərizəsində nağd formada ona borc pul verildiyini göstərmişdir, Rafael özü də, ərizədə göstərdiyi pul məbləğini şəxsən, əlbə-əl cavabdehə vermədiyini çox yaxşı bilir, pulu kimə vermişdirsə, ondan da tələb etməlidir, həmçinin iddiaçı tərəfindən iddia ərizəsində iddia tələbinin əsaslandırıldığı hal kimi “cavabdeh 3 (üç) ərzində pul məbləğini qaytarmağa söz vermişdir” qeyd edilmişdir, bunun 3 gün, 3 ay və ya 3 il olması müəyyən deyildir, bu cümlədəki qeyri-müəyyənlikdən də iddiaçının cavabdeh haqqında qeyd etdikləri yalandan başqa bir şey olmadığının sübutudur, iddiaçı iddia ərizəsində bu günə kimi cavabdeh həmin pul məbləğini qaytarmadığını qeyd etmişdir, cavabdeh almadığı pul məbləğini hansı əsasla qaytarmalı olması göstərilməmişdir, ümumiyyətlə iddiaçı ərizəsində göstərməsinə baxmayaraq, cavabdehdən hər hansı pul məbləğinin qaytarılmasını tələb etməmiş, iddiaçının məhkəməyə müraciət etməsindən sonra cavabdeh, iddiaçının Cavabdeh qarşı belə bir iddiası olduğunu öyrənmişdir. Sonda Vəkil iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 30.04.2018-ci il tarixli əl yazmadan görünür ki, Cavabdeh tərəfindən onun X1 5000 manat alması, 700 ABŞ dolları götürülməsi qeyd edilmişdir. İş materiallarında olan 4/914 saylı, 23.11.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində 30.04.2018-ci il tarixli Cavabdeh adından olan pulun alınmasına dair qəbzdəki əlyazmalar və həmin qəbzdə “götürdüm” və “şərtilə” yazılarından sonrakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur, ekspertizaya təqdim edilmiş, mülki işin 5-ci vərəqində 30.04.2018-ci il tarixli Cavabdeh adından olan pulun alınmasına dair qəbzin aşağı sağ hissəsində “Zaur” yazısının üst tərəfindəki imzanın Cavabdeh tərəfindən icra olunub olunmaması tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan ekpert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 122 manat təşkil edir. Məhkəmə, ekspert rəyinə münasibətdə hesab edir ki, həmin rəy mötəbər sübut kimi qiymətləndirilməli, iddia tələbi üzrə borcun məbləğinin və bu məbləğə dair cavabdehin aidiyyətinin müəyyən olunmasında ekspertin gəldiyi nəticələr nəzərə alınmalıdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, 30.04.2018ci il tarixində tərəflər arasındakı şifahi borc müqaviləsi əsasında Cavabdeh İddiaçıdan ilk öncə 5000 manat, sonra əlavə olaraq 700 ABŞ dolları borc pul almışdır, həmin pulun iddiaçıya yaxın müddətdə qaytarılması barədə razılaşma olmuşdur. Bununla belə, Cavabdeh borc müqaviləsi üzrə iddiaçıya olan borc öhdəliyinin icrasını istisna edən, öhdəliyin icra edilməsi vaxtı və məbləğdən faiz ödənilməsinə, həmçinin tərəflər arasında hər hansı bir razılaşma olmasına və kreditorun məhkəmədənə kənar qaydada borcun ödənilməsi barədə xəbərdarlıq etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinin faiz borcu barədə hissəsinə münasibətdə hesab edir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi hallar üçün cavabdehlik daşıdığından və müvafiq razılaşma bağlanıldığı zaman bu kimi hallarla bağlı, həmçinin bu münasibətlər yaranarkən öhdəliyin icra edilməsi vaxtı barədə tərəflər arasında hər hansı bir razılaşma nəzərdə tutulmadığından iddia tələbi həmin hissədə əsaslı deyildir. Məhkəmə, iddia tələbinin “mənəvi zərərə” münasibətdə qeyd edir ki, əvvəla, hazırkı mübahisə tərəflər arasında borc müqaviləsindən irəli gəldiyindən və bu razılaşma tərəflərin iradə ifadəsi azadlığına əsaslandığından, hüquq münasibətləri üzrə belə nəticələrin iddiaçı üçün gözlənilən olmasını istisna etmirdi. Digər tərəfdən, iddia tələbi həmin hissədə sübutetmə ilə bağlıdır və iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair sübutetmə vəzifəsi daşıyır, lakin o, bu hallara dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə, cavabdeh tərəfin borc məbləğinin onun tərəfindən götürülməməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla, cavabdeh tərəfindən “pulun götürülməsi barədə” qəbzi imza etməklə bu öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İkincisi, mülki iş üzrə tərəflər öz dəlillərinin əsası kimi istnad etdiyi hallarla bağlı sübut etmə vəzifəsi daşıdığı halda, onun tərəfindən borc məbləğinin götürülməməsinə dair mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, hdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5000 manat və 750 ABŞ dolları borc məbləği iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməli, həmçinin ekspertiza tədqiqatının dəyərini təşkil edən 122 manat məbləğində pul Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( Büdcə təsnifat kodu:142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X5, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat və ödəniş günü Azərbaycan məzənnəsi ilə hesablanmaqla 700 (yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat alınaraq X3 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 122 (yüz iyirmi iki) manat Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-339/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-339/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver