Məhkəmə qərarları › İş №2(011)-3391/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3391/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3391/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 (yeddi min beş yüz) manat pulun və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun – cəmi 7595 (yeddi min beş yüz doxsan beş) manat pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 28 aprel 2020-ci il tarixdə Cavabdeh ondan müştərək ticarət adı ilə 24691 (iyirmi dörd min altı yüz doxsan bir) manat pul almışdır. Bu vəsaitdən hissə-hissə 17691 (on yeddi min altı yüz doxsan bir) manat geri qaytarmış, lakin qalan 7000 (yeddi min) manat pulu hələ də qaytarmamışdır. Əlavə olaraq, satış məqsədilə aldıqları 2015-ci il buraxılışlı, dövlət qeydiyyat nişanı **-BY-*** olan Chevrolet Cruze markalı avtomobili keçmiş iş yoldaşı İmanov Naibə sataraq, avtomobilin satışından ona çatacaq 500 (beş yüz) manat vəsaiti də qaytarmamışdır. Bundan sonra 18 iyul 2022-ci il tarixdən dəfələrlə Cavabdeh ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulu tələb etmişdir. Həmin dövrdə bu vəsaitin olmadığını, lakin ünvan 1 ünvanında yerləşən evləri satıldıqdan sonra qaytaracağını bildirmişdir. Lakin evinin satılmasına, özünün də ticarətlə məşğul olmasına baxmayaraq 2023-cü ilin iyun ayından pulu qaytarmayacağını bildirmişdir. Borcla bağlı onda Cavabdeh ilə votsap yazışmaları da vardır. Bir sözlə, cavabdeh onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onu aldatmış və nəticədə ziyan vurmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə Cavabdeh “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, o, həmin o dövlət işçisi ilə, yəni İddiaçı ilə şərikli iş görmüşdür, lakin ona heçbir borcu yoxdur. Nə iş görmüşlərsə, eyni məbləğdə işə pul qoymuşlar. Hətta o qeyri rəsmi şəriki (İddiaçı) onun həyat yoldaşının təsis etdiyi şirkətin peçatını və çek kitabçasını yoldaşını aldadaraq ondan oğurlayıb. Əksinə, şərikli satmaq məqsədi ilə gətirdikləri Chevrolet Cruze avtomobili onun adına rəsmiləşdirilib və satışı özü edib. Sübut üçün avtomobilin texniki passportunun surəti onda vardır. Deməli İddiaçı ona borcu var, çünki avtomobili 17000 manata satıb və ona pulun yarısını ödəməyib. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə verilmiş AE seriyalı 118466 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-BY-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İş materiallarında olan EMS-də çıxarışdan görünür ki, 50 362 07 03 saylı telefon nömrəsi Cavabdeh məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 95 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddia tələbi cavabdehdən 7500 manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədədir, İddiaçı Cavabdeh ona borc kimi verdiyini qeyd etdiyi 24691 manat məbləğindən qalan 7000 manatı və “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin satışından ona çatmalı olan 500 manat vəsaiti tələb edir, iddiaçı öz tələbinin əsası kimi votsap yazışmalarını məhkəməyə təqdim etmişdir, həmin yazışmalar “X1” və “+994 50 362 07 03” arasında olmaqla xx.xx.2020-xx.xx.2022-ci il tarixləri aralığını əhatə edir, cavabdeh iddia tələbini qəbul etmir, əksinə iddiaçının ona borclu olduğunu qeyd edir. Bununla belə, cavabdehin iddia tələbi ilə bağlı hər hansı öhdəliyinin mövcudluğuna dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Qeyd olunmalıdır ki, öhdəliyin yaranması əsasları və ümumi şəkildə dairəsi MM-in müddəalarında müəyyən edilmişdir. Öhdəliyin yaranması üçün ilk növbədə onun iştirakçıları (tərəfləri) arasında hüquq münasibətləri yaranmalı və bu münasibətlər qanunla müəyyən edilmiş əsaslara söykənməlidir. Yaranma formasına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər (deliktlər) və qanundan irəli gələn öhdəliklərə (əsassız varlanma) bölünür. Öhdəliklərin ən geniş yayılmış forması isə müqavilə öhdəlikləridir. Qanun müəyyən edir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Lakin tərəflər arasında borc verilməsinə dair hər hansı müqavilə bağlanmamış, iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qanun isə tələb edir ki, borclu yalnız üzərinə götürdüyü öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçının tələb etdiyi borc məbləği ilə bağlı tərəflər arasında hər hansı bir əqdin (müqavilənin) olmadığı və cavabdehin “iddiaçı ilə ortaqlı iş görmələri və bunun nəticəsində iddiaçının ona borclu olması” barədə dəlillər sürdüyü bir vəziyyətdə, iddiaçı, əvvəla, Cavabdeh 24691 manat borc verməsi və bunun nəticəsində cavabdehin ona 7000 manat borcunun qalması, ikincisi, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin satışından ona 500 manat borcun qalması hallarına dair sübutetmə vəzifəsi yaranır. Lakin iş materriallarından da göründüyü kimi iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə, Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin sahibinin İddiaçı olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Məhkəmə, iddiaçının məhkəməyə təqdim etdiyi votsap yazışmalarına münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, mötəbər, həqiqiliyi şübhə doğurmayan, əsaslı şübhədən kənar, digər hallar ilə təkzib edilməsi mümkün olmayan sübutlar nəzərə alınmalıdır, iddiaçının təqdim etdiyi həmin yazışmalardan isə cavabdehin iddiaçıya hər hansı borcunun olması ilə bağlı əsaslı faktlar müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş votsap yazışmaları iddia tələbini təsdiq edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “7500 manat pulun və ödənilmiş 95 manat dövlət rüsumunun – cəmi 7595 manat pulun alınaraq onun xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Cavabdeh 7500 (yeddi min beş yüz) manat pulun və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun – cəmi 7595 (yeddi min beş yüz doxsan beş) manat pulun alınaraq onun xeyrinə tutulması” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar