Məhkəmə qərarları › İş №2(011)-340/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-340/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-340/2022 11.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-ni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 28.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 2322,36 manat, faiz borcu üzrə 334,68 manat, 28.08.2021-ci il tarixdən 28.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 8,60 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2665,64 manat kredit borcunun və 30 dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh1 arasında 28.08.2019-cu il tarixdə 11-MZ-1-0-2117-19 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə illik 25 faiz olmaqla, 18 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş və borcun təminatı olaraq Cavabdeh2 ilə 28.08.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zamin 28.08.2019-cu il tarixli 11-MZ-1-0-2117-19 saylı kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşdür. 28.08.2019-cu il tarixli məxaric orderi ilə 5000 manat pul vəsaiti Cavabdeh1 verilmişdir. Həmçinin, 05.06.2020-ci il tarixdə və 28.12.2020-ci il tarixdə kredit və zaminlik müqavilələrinə 1 saylı Əlavə Saziş imzalanmış, birinci Saziş üzrə kreditin qalıq hissəsi kapitallaşdırılmaqla 3094,44 manat müəyyən edilməklə müqavilənin müddəti 28.05.2021ci il tarixədək, ikinci Saziş üzrə kreditin qalıq hissəsi kapitallaşdırılmaqla 2322,36 manat müəyyən edilməklə, müqavilənin müddəti 28.08.2021-ci il tarxidək uzadılmışdır. İddiaçı yuxarıda qeyd edilmiş iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28.08.2019-cu il tarixli müqaviləsinin şərtlərini Cavabdeh1 pozaraq borc öhdəliyini vaxtında ödməkdən boyun qaçırır. 28.09.2020-ci il tarixədək cavabdehin 2322,36 manat, faiz borcu üzrə 334,68 manat, 8,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2665,64 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəmir. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddianı müdafiə edərək təmin olunmasını, cavabdehlər isə iddiaya etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin halları müəyyən edilir ki, tərəflər arasında 28.08.2019-cu il tarixdə 11- MZ-1-0-2117-19 saylı kredit müqaviləsi bağlanmış, iddiaçı 5000 manat məbləğində pulu illik 25% olmaq şərtilə, 18 ay müddətinə Cavabdeh1 kreditə vermiş və Cavabdeh1 qeyd edilən pul məbləğini almışdır. Tərəflər arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. 28.09.2021-ci il tarixinə təqdim olunmuş maliyyə arayışına əsasən Cavabdeh1 verilən kreditin məbləği 5000 manat, əsas borcdan ödənilən cəmi məbləğ 2844,52 manat, ödənilmiş faiz borcu 1087,48 manat, ödəniş tarixi əsas borcu üzrə qalıq məbləğ 2322,36 manat, faiz borcu üzrə qalıq məbləğ 334,68 manat, əldən çıxmış fayda 8,60 manat olmaqla, cəmi borc 2665,64 manatdır. Eyni zamanda, iş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 9/8879 saylı, 11.01.2022-ci il tarixli rəyində isə müqavilə üzrə əsas borcun 2260,40 manat, faiz borcunun isə 326,96 manat təşkil etməsi qeyd edilmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun olması, bununla da öhdəliyini tam yerinə yetirməməsi iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Lakin, məhkəmə hesab edir ki, həm əsas, həm faiz borcu ekspert rəyinə uyğun olaraq cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Azərbaycan Republikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün (illik 5%) faiz məbləği qismində 8,60 manat pulun tələb edilməsi hissəsində də əsaslıdır. Belə ki, işin yuxarıda qeyd edilən hallarından da görünür ki, tərəflər arasında müqavilə sonuncu Əlavə Saziş ilə 28.08.2021-ci il tarixədək uzadılsa da, Cavabdeh1 öhdəliyini müqavilə müddəti bitdikdən sonra da yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə eyni zamanda, iddia tələbinin digər Cavabdeh2 aid hissədə araşdıraraq hesab edir ki, o kredit müqaviləsi üzrə Cavabdeh1 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, Cavabdeh2 digər Cavabdeh1 ilə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun, cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ödənilmiş dövlət rüsumu, habelə ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2260,40 manat əsas, 326,96 manat faiz, 8,6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 2595,96 manat və 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 100 manat ekepertiza xərci Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar