Məhkəmə qərarları › İş №2(011)-341/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-341/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-341/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçı İKB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 11610,86 manat əsas borc, 2697,23 manat faiz borcu və 4937,42 manat cərimə, cəmi 19245.51 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən “TBC” Kredit Bank olmayan Kredit təşkilatından illik 25 faizlə, 36 ay müddətinə 12000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. “TBC” Kredit Bank olmayan Kredit təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış X5 xx.xx.2020-ci il tarixli müqaviləyə 1 nömrəli Əlavə Sazişə əsasən Cavabdeh1 “TBC” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı ASC-yə keçmişdir. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2021-ci ilədək Cavabdeh1 banka 11610,86 manat əsas borc, 1254,13 manat faiz borcu, 1189,26 manat cərimə, cəmi 14054.25 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “TBC” Kredit Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış AZAD-529-384 nömrəli Kredit Müqaviləsinə əsasən kreditor borcalana 26 ay müddətinə, illik 25% olmaqla 12000,00 manat məbləğində kredit vermişdir. İş materiallarında olan ““TBC” Kredit Bank olmayan Kredit təşkilatı ilə zamin Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış AZAD-529-384+AZAD-534 nömrəli Zaminlik Müqaviləsinə əsasən zamin Cavabdeh2 "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış AZAD-529-384 nömrəli Kredit Müqaviləsi üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixində bağlanılmış xx.xx.2020-ci il tarixli AZAD-529-384 saylı Kredit Müqaviləsinə Əlavə Sazişə əsasən yuxarıda qeyd edilən Kredit Müqaviləsi üzrə qalıq borc məbləği 12123.96 manat təşkil edir, kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılır, illik faiz dərəcəsi isə 25 faiz təşkil edir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış xx.xx.2020-ci il tarixdə bağlanmış AZAD-529-384+AZAD-534 saylı X3 Sazişin surətindən görünür ki, tərəflər kredit müqaviləsi üzrə qalıq borcun 12123.96 manat təşkil etdiyi, kreditin müddətinin xx.xx.2024-cü il tarixədək uzadıldığı, faiz dərəcəsinin isə 25 faiz təşkil edəcəyi barədə razılaşmışdırlar. İş materiallarında olan İddiaçı İKB ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə banka 11610,86 manat əsas borc, 2697,23 manat faiz borcu, 4937,42 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 19245,51 manat məbləğində borcu vardır. İş materiallarında olan “TBC” Kredit Bank olmayan Kredit təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt edilməsinə dair xx.xx.2020-ci il tarixli müqaviləyə, 01 oktyabr 2020-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh1 ilə “TBC” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı ASC-yə keçmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xəbərdarlıqdan görünür ki, cavabdehdən borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində İddiaçı Banka ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/2741 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 11692,83, faiz borcu üzrə 2598,41 manat məbləğində müəyyən olunur. Qeyd edilən ekspertizanın dəyəri 150 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumuna görə 30,00 manat məbləğində pul ödənilmişdir. Məhkəmə ilk növbədə Cavabdeh1 ilə “TBC” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun İddiaçı İKB ASC tərəfindən tələb edilməsi xüsusatını araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, ““TBC” Kredit Bank olmayan Kredit təşkilatı ilə İddiaçı İKB ASC arasında bağlanan iş materillarına əlavə olunmuş müqaviləyə əsasən “TBC” Kredit Bank olmayan Kredit təşkilatı borc tələbetmə hüquqlarını İddiaçı ASC-yə ötürməklə güzəşt etmişdir. Bu səbəblə də, hazırki iddia tələbi üzrə İddiaçı İKB ASC Cavabdeh1undan xx.xx.2020-ci il tarixdə bağlanmış Kredit Müqaviləsi üzrə borcları tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Cavabdehdən faiz borcu üzrə 2598,41 manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılaraq 818,5 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu tutulur. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncular mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqavilələrinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə “TBC” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli AZAD-529-384 nömrəli Kredit müqaviləsi üzrə əsas borca görə 11610,86 (on bir min altı yüz on manat, səksən altı qəpik), faiz borcuna görə 2598,41 (iki min beş yüz doxsan səkkiz manat qırx bir qəpik), cərimə borcuna görə 818,5 (səkkiz yüz on səkkiz manat, əlli qəpik) manat, ümumilikdə 15027,77 (on beş iyirmi yeddi manat yetmiş yeddi qəpik) manat, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar