Məhkəmə qərarları › İş №2(011)-342/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-342/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-342/2022 28.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi və ona əlavə təqdim edərək cavabdehdən 27.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 12001,37 manat əsas borc, 32,98 manat faiz borcu və 14,42 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12048,77 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 135 saylı fərdi yaşayış evinə (bundan sonra – Fərdi yaşayış evi) yönəldilməsi, Fərdi yaşayış evinin açıq hərracdan satılması, borcun Fərdi yaşayış evinin hərracdan satışı hesabına əldə olunmuş vəsait hesabına Banka ödənilməsi, satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Fərdi yaşayış evinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X3, X5 və X1 həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların Fərdi yaşayış evindən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 27.12.2019-cu il tarixdə kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə 13184,52 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Həmçinin, iddiaçı ilə cavabdeh arasında 27.12.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı 135 saylı fərdi yaşayış evi müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklülüyü 30.12.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə ********** saylı Çıxarış verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavəsində qeyd etmişdir ki, Cavabdeh ilə iddiaçının bağladığı 27.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1 % olmaqla 13184,52 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehin iddiaçı ilə bağladığı 27.12.2019cu il tarixli ipoteka müqaviləsi əsasında Fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 10.09.2021-ci ilədək cavabdehin banka 12001,37 manat əsas borc, 32,98 manat faiz borcu və 14,42 manat cərimə borcu olmaqla ümumilikdə 12048,77 manat borcu vardır. Cavabdehdən tələb olunan kredit borcu ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə yönəldilməlidir. Əmlaka tutma yönəldilərkən Cavabdeh, X3, X5 X1 ipoteka predmeti olan mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli, onlar həmin mənzildən çıxarılmalı, mənzil boşaldılmalı və Banka təhvil verilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 27.12.2019-cu il tarixdə Kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq, Cavabdeh məxsus yaşayış sahəsinə dair 27.12.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyini tam icra etməyərək müqavilə şərtlərini pozmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışlarında da Cavabdeh 10.09.2021-ci il tarixə, 27.12.2021-ci il tarixli kredit müqaviləsi üzrə 12001,37 manat əsas borcu, 32,98 manat faiz borcu və 14,42 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12048,77 manat məbləğində borcunun olması, 02.03.2022-ci il tarixə, 27.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11551,37 manat əsas borcu, 89.47 manat faiz borcu və 274,78 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 11915,62 manat borcu qeyd edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməklə iddia irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının 07.01.2022-ci il tarixli, 9/8883 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 27.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.09.2021-ci il tarixə Cavabdeh iddiaçıya 11966,02 manat əsas, 5,32 manat məbləğində faiz borcu, 21.10.2021-ci il tarixə isə 11.834,96 manat əsas, 0,00 manat məbləğində faiz borcu vardır. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Azərbaycan Republikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, iddia ərizəsi məhkəməyə verildikdən sonra 21.10.2021-ci il tarixdə 150 manat, 28.01.2022-ci il tarixdə isə 300 manat pul Cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, hətta ekspert rəyində son ödənilən 300 manat nəzərə alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, 27.12.2019-cu il tarixli, 22G11035315 saylı kredit müqaviləsi üzrə əsas borca görə 11534,96 manat (11.834,96 manat – 300 manat = 11534,96 manat) məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 27.12.2019-cu il tarixli, 22G11035315 saylı kredit müqaviləsi üzrə 32,98 manat məbləğində faiz borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının 07.01.2022-ci il tarixli, 9/8883 saylı ekspert rəyi ilə 27.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 21.10.2021-ci il tarixə faiz borcu yoxdur. Məhkəmə, həmçinin iddianın 27.12.2019-cu il tarixli, 22G11035315 saylı kredit müqaviləsi üzrə 14,42 manat məbləğində dəbbə pulunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu tələb olunan əsas borca mütənasibdir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş yaşayış sahəsinə yönəldilməsinə, əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitdən borcun və digər xərclərin ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, və ipoteka predmetinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X3, X5 X1 Fərdi yaşayış evindən çıxarılması, Fərdi yaşayış evinin boşaldılması və onların Fərdi yaşayış evindən çıxarılmasına dair hissəsələrini də araşdıraraq hesab edir ki, iddia həmin hissələrdə də əsaslıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X3, X5, X1 həmin evdən çıxarılması və mənzilin boşaldılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissələri də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinə yönəldilməlidir. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş yaşayış sahələrinə yönəldilməsi ipoteka ilə yüklü edilmiş həmin yaşayış sahələrinin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmeti olan Fərdi yaşayış evinin likvid dəyəri 31 000 manat müəyyən edilməlidir. Belə ki, "xxxx" MMC-nin 15.03.2022-ci il tarixli, 044/YB-22 saylı mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı 135 saylı 41 m2 ümumi sahədən ibarət yaşayış sahəsinin ilkin bazar dəyəri 35.000 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə həmçinin iddianın bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh, X3, X5 və X1 Fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və Banka təhvil verilməsi hissəsində təmin edilə bilməz. Məhkəmənin qənaətinə görə, iddiaçı həmin tələbləri hazırda irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə qeyd edir ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “cavabdehlərin qeyd olunan daşınmaz əmlaklara istifadə hüququnun itirilmiş hesab edilməsi və Fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası MM-nin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. İpoteka qoyanın və digər cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Həmçinin, mənzil satıldıqdan sonra mənzilin mülkiyyətçisi iddiaçı olmaya da bilər. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır (MM-nin 414.1-ci maddəsi). Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu, habelə mütəxəsis və ekspert xərcələri iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 96%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 11.534,96 manat əsas, 14,42 manat cərimə, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün 28,80 manat məbləğində dövlət rüsumu, cəmi 11618,18 manat məbləğində pul Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Tələb Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı 135 saylı fərdi yaşayış evinə yönəldilsin. ünvan 1 ünvanında yerləşən 2 otaqlı 135 saylı fərdi yaşayış evinin likvid dəyəri 31.000 manat olmaqla açıq hərracdan satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən "xxxx" ASC-yə olan 11618,18 manat məbləğində pul ödənilsin, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilsin, ipoteka predmetinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh, X6, X8 və X4 ünvan 1 ünvanında yerləşən 2 otaqlı 135 saylı fərdi yaşayış evindən çıxarılsınlar və həmin boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsmunun 1,20 manat hissəsi iddiaçıya aid edilsin. Ekspertiza xərcinin 48 manat hissəsi Cavabdeh, 2 manat hissəsi "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmeti olan yaşayış sahəsinin qiymətləndirilməsi üçün mütəxəsis xərcinin 240 manat hissəsi Cavabdeh, 10 manat hissəsi "xxxx" ASC-dən tutlaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar