Məhkəmə qərarları › İş №2(011)-3429/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-3429/2022

22.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3429/2022 22.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC (KATV1) Cavabdeh qarşı – cavabdehdən “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 31,80 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının, ümumilikdə 162,20 manat məbləğində pulun tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə "xxxx" MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 131 saylı MKİS tərəfindən verilən arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2009-cu il tarixdə həmin ünvanda yaşayan cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2014-cü il tarixinədək etmiş və həmin ünvan xx.xx.2014-cü il tarixdə 16,80 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2014-cü il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini qapını açmamış, lakin “K@TV1”-ə baxdığını etiraf etmiş, bu barədə 0888 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən aslı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı xx.xx.2014-cü il tarixdə ilk qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014cü il tarixə qədər olan müddət 106 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərər 31 manat 70 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə xəbərdarlıq məktubu çatdırılmış, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 0888 N saylı xx.xx.2014-cü il tarixli aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 126 saylı mənzilin sakini “KATV1” kabel şəbəkəsinə lazımı müqavilə bağlamadan qanunsuz olaraq qoşulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2009-cu il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşdur. xx.xx.2014-cü il tarixinədək son ödəməsini etmişdir. xx.xx.2014-cü il tarixində 16,80 manat borc ilə şəbəkədən ayrılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə hüquqi xidmətlərin göstərilməsi üçün 100 manat məbləğində pul ödəmişdir. Göründüyü kimi, Cavabdeh ünvan 1 ünvanında yaşayır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi aktlardan da görünür ki, xx.xx.2014-cü il tarixdə kabel şəbəkəsinə baxış keçirilərkən Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 1A ünvanında yerləşən 126 saylı mənzilində “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə bağladığı müqaviləyə xitam verdikdən və həmin mənzili kabel şəbəkəsindən ayırdıqdan sonra, mənzilin sakini və iş üzrə cavabdeh iddiaçı ilə heç bir müqavilə bağlamadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmuş və bununla da nəzərdə tutulan abunə haqqını ödəmədən iddiaçının göstərdiyi xidmətlərdən yararlanmışdır. İddiaçı yuxarıda qeyd edilən lisenziyaya əsasən kabel və efir kabel vasitəsi ilə televiziya yayımı kimi fəaliyyət göstərmək hüququnu qanuni əsaslarla əldə etmiş və həmin xidmətlərin həyata keçirilməsinə görə abunəçilərdən abunə haqqı qismində gəlir əldə etmək imkanını qazanmışdır. Cavabdeh isə şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi 162,20 manat məbləğində pul tələb edən iddiaçının tələbi əsaslıdır. Ona görə ki, cavabdehin şəbəkədən ayrıldığı xx.xx.2014-cü il tarixdən sonra ilk qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 106 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərər 31 manat 80 qəpik təşkil edir. Belə ki, kabel televizyasının xidmətindən istifadə üçün gündəlik abunə haqqı isə 30 qəpik təşkil edir. Həmin hesabla bu məbləğ 31,80 (106 gün x 0,30 manat = 31,80 manat) manat təşkil edir. Bununla da, 31,80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından zərər anlayışı ilə əhatə olunur. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 162,20 manat abunə haqqı qismində vurulmuş zərərin əvəzinin tutulmasına dair tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin iddiaçı tərəfindən 100 manat məbləğində hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, iddia qeyd edilən hissədə təmin edilərək, 100 manat məbləğində hüquqi xidmət üçün ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kabel şəbəkəsinə qanunsuz qoşulması nəticəsində vurulmuş zərərin əvəzi cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərin əvəzi olaraq 31,80 (otuz bir manat səksən qəpik) manat məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-nə (KATV1) ödənilsin. Hüquqi yardıma görə çəkilən xərclərin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı Cavabdeh alınaraq "xxxx" MMC-yə (KATV1) ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar