Məhkəmə qərarları › İş №2(011)-343/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-343/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-343/2021 22.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 13800 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 22.10.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ona məxsus dəyəri 1150 manat olan 1 dəst qızıl zənbil sırğa (12,40 qram), dəyəri 2700 manat olan 1 dəst brilyant komplekt, dəyəri 1300 manat olan 1 dəst qızıl sırğa və üzük (16,80 qram), dəyəri 1250 manat olan 1 ədəd qızıl saat sepi (15,70 qram), dəyəri 800 manat olan 1 ədəd brilyant qaşlı qızıl üzük (7 qram), dəyəri 750 manat olan 1 ədəd qızıl üzük (7 qram), dəyəri 600 manat olan 1 dəst qızıl sırğa (7 qram), dəyəri 600 manat olan 1 dəst qızıl sırğa (5,25 qram), dəyəri 2250 manat olan 1 ədəd saatlı qızıl qolbaq (27,8 qram), dəyəri 512 manat olan 1 ədəd qızıl üzük (4,8 qram), dəyəri 1495 manat olan 1 ədəd qızıl sep (14 qram), dəyəri 393 manat olan 1 ədəd brilyant qaşlı qızıl üzükdən ibarət qızıl-zinət əşyaları, onlar olmadığı təqdirdə 13800 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh müxtəlif tarixlərdə qızıl-zinət əşyalarını satmış və cavabdeh isə qısa müddətdə onların dəyərini hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür, 08.02.2019-cu il tarixdə: 7,55 qram olan, 806 manat dəyərində sırğa; 5 qram olan, 598 manat dəyərində kulon-sırğa; 4,8 qram olan, 512 manat dəyərində üzük; 14 qram olan, 1495 manat dəyərində italyan sep; 14.02.2019-cu il tarixdə: 20,8 qram olan, 1650 manat dəyərində bilərzik; 2700 manat dəyərində komplekt brillyant; 4,9 qram olan, 400 manat dəyərində kulon; 9,70 qram olan, 800 manat dəyərində bilərzik; 8,2 qram olan, 850 manat dəyərində italyan sırğa, 16,800 qram olan, 1300 manat dəyərində yantar komplekt, 15,700 qram olan, 1250 manat dəyərində saat sepı, 25.03.2019-cu il tarixdə: 7 qram olan, 800 manat dəyərində brillyant üzük, 7 qram olan, 750 manat dəyərində italyan üzük, 7 qram olan, 600 manat dəyərində sırğa, 5,25 qram olan, 600 manat dəyərində italyan sırğa; 14 qram olan, 1550 manat dəyərində italyan bilərzik; 393 manat dəyərində brillyant üzük; 27,800 qram olan, 2250 manat dəyərində saatlı qolbaq, 05.05.2019-cu il tarixdə: 12,4 qram olan, 1150 manat dəyərində zənbil sırğadan ibarət qızıl-zinət əşyaları vermişdir, cavabdeh 20300 manat olan aldığı malların dəyərinin cəmi 6500 manatını ödəmiş, 13800 manat borcu qalmışdır, cavabdeh öz öhdəliyini yerinə yetirməyərək aldığı qızıl-zinət əşyalarının dəyərini ödəməmişdir, o bununla bağlı olaraq Nizamı Rayon 24-cü Polis Bölməsinə müraciət etmiş, tərəflər arasındakı münasibətlərin mülki xarakterli olması səbəbindən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur, cavabdehin göstərilən tarixlərdə ondan qızıl-zinət əşyalarının götürülməsini təsdiq edən qəbzlər də mövcuddur, aralarındakı razılaşmaya əsasən cavabdeh aldığı qızıl-zinət əşyalarının dəyərini qısa müddətdə verməli idi, lakin uzun müddət keçsə də cavabdeh öz öhdəliklərindən yayınır ki, bu da onun mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur, İddiaçı həmçinin bildirdi ki, cavabdehin təqdim etdiyi əlyazmadakı “Cavabdeh Z.q. verdi (beş yüz manat)+(üç yüz əlli manat) mənə” yazılardan başqa digər yazılar ona məxsus deyil, həmin əlyazmadan görünür ki, cavabdeh yalnız ona 850 manat vermişdir, digər yazıları cavabdeh özü saxtalaşdıraraq məhkəməyə təqdim etmişdir, onun guya borcunun olmamasına dair sübut kimi təqdim etdiyi yazı etibarsızdır ki, bunu hətta ekspertiza da təsdiq etmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 05.10.2020-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, hissə-hissə nisyə satış məqsədilə iddiaçıdan ümumi dəyəri 20300 manat olan qızıl-zinət əşyalarını götürmüşdür, lakin götürdüyü qızılların dəyərini ödəmişdir, ona yalnız 700 manat borcu qalmışdır, məhkəməyə təqdim etdiyi İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin ksero surətini əks etdirən vərəqin əlyazma mətnində iddiaçıya borcunu ödədiyini təsdiq edən yazılar vardır. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, əl yazısı ilə icra olunmuş İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin ksero surətini əks etdirən vərəqdə “1000 + 1900 + 2350 + 1700 + 400 + 1300 + 500 + 350 + 300 + 150 + 50 + 200 + Cavabdeh Z.q. verdi (beş yüz manat) + (üç yüz əlli manat) mənə; mart 23 + 650 + 200m + 250m + 350m + 200 + 100; 24/05 2019=700m” yazı mətni əks olunmuşdur. İş materiallarında olan əl yazısı ilə icra olunmuş Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin ksero surətini əks etdirən vərəqdə “07.04.2019 - qrazella-14q-qolbaq - Cavabdeh Z. qızına verdim - İddiaçı - aldı:İ.D.Z.q.-imza; 09.05.2019 - brilyant üzük-400m - Cavabdeh Z. qızına verdim - İddiaçı - aldı:İ.Dostuxanım Z.q.-imza; 11.04.2019 - sırğazənbil-12.40-1150m - verdim Cavabdeh Z.qızına- verdim - İddiaçı - aldı:İ.D.Z.qızı-imza; 03.03.2019 - 1) brilyant üzük-1600 - qaytardı, 2) komplekt brilyant-2700, 3) komplekt sırğa+üzük-16,800-1300 - Cavabdeh Z.q-na verdim - İddiaçı – imza - aldım-Cavabdehimza; 07.03.2019 - saat sepi-15,700-1250m - imza; 23.03.2019 – 1) üzük br.-7,2-800m (br), 2) üzük it-7q-750m, 3) sırğa-585-7q-600m, 4) sırğa-750-5,25-600m - verdim Cavabdeh - aldı-imza; 25.03.2019 - saatlı qolbaq-27,8q-2250m - verdim Cavabdeh - aldıimza; 08.02.2019 - 1) sırğa-7,55, 2) kulon+sırğa-5,6, 3) üzük-4,8, 4) sep-14q - Mən Cavabdeh Z.qızı İddiaçı F.q. yuxarıda göstərilən qızılları götürdüm. Qaytara bilməsəm məsuliyyət daşıyıram - imza-Cavabdeh-imza; 14.02.2019 - qolbaq-20,80-1650m, üzük br- 1600m, üzük br-1100m, komplekt-2700m - qaytardı, üzük-200m (nəğd), kulon-4,94-430m, qolbaq-9,70-800m - Mən bu malları götürdüm - imza-Dostuxanım; 26.02.2019 - italyan sırğa-8,2q-850m - imza” yazı mətni əks edilmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, təqdim edilmiş mülki işin 44-cü vərəqində 24 may 2019-cu il tarixli pulun alınmasına dair qəbzdəki əlyazmalar (1-ci sətirdəki “1000+1900+2350+1700+400+1300” rəqəmlərindən, 3-cü sətirdəki “mart” sözündən və 4-cü sətirdəki “650” rəqəmindəki “50” rəqəmindən başqa) - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 44-cü vərəqində 24 may 2019-cu il tarixli pulun alınmasına dair qəbzin 3-cü sətrindəki “mart” sözü və 4-cü sətirdəki “650” rəqəmindəki “50” rəqəmi, “mənə” yazısının altındakı imza tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan həmin rəqəmin İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması barədə rəy vermək mümkün olmamışdır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 122 manat təşkil edir. İş materiallarında olan ekspert rəyindən görünür ki, 7,55 qram çəkidə olan sırğa, 5,6 qram çəkidə olan kulon sırğa, 4,8 qram çəkidə olan üzük, 14 qram çəkidə olan italyan qolbaqdan ibarət olan qızıl-zinət əşyalarının nəzəri hesablamaya əsasən təxmini bazar qiyməti – 3412,26 manat müəyyən olunmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında qızıl alqı-satqısına dair şifahi müqavilə bağlanmışdır, İddiaçı – dəyəri 1495 manat olan qolbaq (14 qram, qrazella firması); dəyəri 393 manat olan brilyant qaşlı üzük; dəyəri 1150 manat olan zənbil sırğa (12,40 qram); dəyəri 2700 manat olan komplekt brilyant; dəyəri 1300 manat olan komplekt sırğa-üzük (16,800 qram); dəyəri 1250 manat olan saat sepi (15,700 qram); dəyəri 800 manat olan brilyant üzük (7,2 qram); dəyəri 750 manat olan üzük (7 qram, 750 əyar); dəyəri 600 manat olan sırğa (7 qram, 585 əyar); dəyəri 600 manat olan sırğa (5,25 qram, 750 əyar); dəyəri 2250 manat olan saatlı qolbaq (27,8 qram); dəyəri 806 manat olan sırğa (7,55 qram); dəyəri 598 manat olan kulon sırğa (5,6 qram); dəyəri 512 manat olan üzük (4,8 qram); dəyəri 1495 manat olan sep (14 qram); dəyəri 1650 manat olan qolbaq (20,80 qram); dəyəri 1100 manat olan brilyant qaşlı üzük; dəyəri 430 manat olan kulon (4,94 qram); dəyəri 800 manat olan qolbaq (9,70 qram); dəyəri 850 manat olan sırğa (8,2 qram, 750 əyar) ibarət qızıl-zinət əşyalarını hissəhissə satış məqsədilə Cavabdeh 08.02.2019, 14.02.2019, 26.02.2019, 03.03.2019, 07.03.2019, 23.03.2019, 25.03.2019, 07.04.2019, 09.05.2019, 11.04.2019-cu il tarixlərində vermişdir, həmin qızıl-zinət əşyalarının alqı-satqısı barədə mübahisə yoxdur, mübahisə borc məbləği barədədir, cavabdeh iddia tələbini 700 manat həddə qəbul edir, alqı-satqı üzrə cavabdehin iddiaçıya 1 dəst qızıl zənbil sırğa (12,40 qram), 1 dəst brilyant komplekt, 1 dəst qızıl sırğa və üzük (16,80 qram), 1 ədəd qızıl saat sepi (15,70 qram), 1 ədəd brilyant qaşlı qızıl üzük (7 qram), 1 ədəd qızıl üzük (7 qram), 1 dəst qızıl sırğa (7 qram), 1 dəst qızıl sırğa (5,25 qram), 1 ədəd saatlı qızıl qolbaq (27,8 qram), 1 ədəd qızıl üzük (4,8 qram), 1 ədəd qızıl sep (14 qram), 1 ədəd brilyant qaşlı qızıl üzükdən ibarət qızıl-zinət əşyaları üzrə qalıq borcu 13800 manat təşkil edir. Bununla belə, qızıl-zinət əşyalarının qaytarılmasını təsdiq edən, həmçinin iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehin “əlyazma mətnində iddiaçıya borcunu ödədiyini, ona cəmi 700 manat borcunun qalması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, bu sübutlar iddia tələbinin rədd olunması üçün məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə ki, həmin sübut tərəflər arasında alqı-satqıdan irəli gələn ümumilikdə 20300 manat məbləğdən 6500 manat məbləğin qaytarılmasını təsdiq edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 20300 manat məbləğdə qızıl-zinət əşyalarının almasını etiraf etdiyindən, iddia tələbi üzrə sübutetmə yükü də onun üzərinə düşür. Lakin onun tərəfindən iş materiallarına bu halları təsdiq edən sübutlar əlavə edilməmiş və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, ekspertin gəldiyi nəticə ilə razılaşaraq ekspert rəyini qəbzin (sənədin) həqiqiliyinin müəyyən olunmasında sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus dəyəri 1150 manat olan 1 dəst qızıl zənbil sırğa (12,40 qram), dəyəri 2700 manat olan 1 dəst brilyant komplekt, dəyəri 1300 manat olan 1 dəst qızıl sırğa və üzük (16,80 qram), dəyəri 1250 manat olan 1 ədəd qızıl saat sepi (15,70 qram), dəyəri 800 manat olan 1 ədəd brilyant qaşlı qızıl üzük (7 qram), dəyəri 750 manat olan 1 ədəd qızıl üzük (7 qram), dəyəri 600 manat olan 1 dəst qızıl sırğa (7 qram), dəyəri 600 manat olan 1 dəst qızıl sırğa (5,25 qram), dəyəri 2250 manat olan 1 ədəd saatlı qızıl qolbaq (27,8 qram), dəyəri 512 manat olan 1 ədəd qızıl üzük (4,8 qram), dəyəri 1495 manat olan 1 ədəd qızıl sep (14 qram), dəyəri 393 manat olan 1 ədəd brilyant qaşlı qızıl üzükdən ibarət qızıl-zinət əşyaları, onlar olmadığı təqdirdə 13800 (on üç min səkkiz yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 122 və 200 manat cavabdehə aid edilməli, ondan 122 manat tutularaq dövlət büdcəsinə, 200 manat tutularaq “X1 və Ekspertiza Mərkəzi” MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus dəyəri 1150 manat olan 1 dəst qızıl zənbil sırğa (12,40 qram), dəyəri 2700 manat olan 1 dəst brilyant komplekt, dəyəri 1300 manat olan 1 dəst qızıl sırğa və üzük (16,80 qram), dəyəri 1250 manat olan 1 ədəd qızıl saat sepi (15,70 qram), dəyəri 800 manat olan 1 ədəd brilyant qaşlı qızıl üzük (7 qram), dəyəri 750 manat olan 1 ədəd qızıl üzük (7 qram), dəyəri 600 manat olan 1 dəst qızıl sırğa (7 qram), dəyəri 600 manat olan 1 dəst qızıl sırğa (5,25 qram), dəyəri 2250 manat olan 1 ədəd saatlı qızıl qolbaq (27,8 qram), dəyəri 512 manat olan 1 ədəd qızıl üzük (4,8 qram), dəyəri 1495 manat olan 1 ədəd qızıl sep (14 qram), dəyəri 393 manat olan 1 ədəd brilyant qaşlı qızıl üzükdən ibarət qızıl-zinət əşyaları, onlar olmadığı təqdirdə 13800 (on üç min səkkiz yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyərini təşkil edən 122 (yüz iyirmi iki) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************), 200 (iki yüz) manat alınaraq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə (Hesab №: AZ42AİİB400600C**********108, Kod: 200082, Müxbir hesab: AZ37NABZ013501**********1944, VÖEN: **********, SWİFT: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar