Məhkəmə qərarları › İş №2(011)-3431/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3431/2022

07.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3431/2022 07.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC (KATV1) Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 45.90 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün "xxxx" MMC-yə ödənilmiş 100 (bir yüz) manat pulun, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun, ümumilikdə 176.30 manat məbləğində vurulmuş maddi ziyanın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” qanununa uyğun olaraq, 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Xətai rayonunda kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin, son zamanlar Xətai rayonu ərazisində bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasında mart 2015-ci ildən dekabr 2015-ci il tarixədək 36 saylı mənzilin sahibi cavabdeh olmuş və orada qeydiyyatsız yaşamışdır. Belə ki, 02 sentyabr 2013-cü il tarixdə həmin ünvanda yaşayan X1 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01 fevral 2015-ci il tarixinədək etmiş və həmin ünvan 19 mart 2015-ci il tarixdə 14.70 manat borc ilə şəbəkədən ayrılmışdır. 24 noyabr 2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin iştirakı ilə həmin ünvanda yaşayış sahəsi yerləşən kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 4592 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Binaya sonuncu dəfə 24 iyun 2015-ci il tarixdə baxış keçirilmişdir. Belə olan halda yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat və 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Sözügedən ünvana son baxışın keçirildiyi 24 iyun 2015-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 24 noyabr 2015-ci il tarixə qədər olan müddət 153 gün təşkil edir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərti ilə iddiaçıya vurulan zərərin məbləği 45.90 manat təşkil edir. Pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya çatdırılmış, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Xətai rayonu, Telnov (ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yaşamış Cavabdeh İddiaçı MMCnin abunəçisi olmuşdur və X1 ilə İddiaçı MMC arasında bağlanmış 02 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən mənzil “KATV1” xidmətlərinin göstərilməsi üçün kabel televiziyası şəbəkəsinə qoşulmuş, son ödəməsini 01 fevral 2015-ci il tarixinədək etmiş və müqavilə münasibətlərinə 19 mart 2015-ci ildə son qoyularaq həmin ünvan şəbəkədən ayrılmışdır. 24 noyabr 2015-ci il tarixdə həmin ünvanda “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edilmişdir. İddiaçı tərəfindən Cavabdeh iş üzrə hüquqi xidmət göstərmiş və bunun müqabilində 100 manat hüquqi xidmət haqqı ödənilmişdir. Göründüyü kimi, Cavabdeh mənzilin sahibi olmuş, İddiaçı MMC Bakı şəhəri, Xətai rayonu, Telnov (ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə analoq yayım ilə 02 sentyabr 2013-cü il tarixdən başlamışdır. Həmin mənzilə 4592 N saylı akt tərtib olunana qədər sonuncu dəfə 24 iyun 2015-ci il tarixdə həmin binaya baxış keçirilərkən göstərilən mənzildə “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin mənzilə dair kabel televiziyası xidmətinin göstərilməsinə dair müqaviləyə xitam verdikdən və həmin mənzili kabel şəbəkəsindən ayırdıqdan sonra cavabdehə məxsus mənzil kabel şəbəkəsinə təkrarən qoşulmuş və abunə haqqı ödənilmədən iddiaçının göstərdiyi xidmətlərdən yararlanmış və iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, sözügedən ünvana son baxışın keçirildiyi 24 iyun 2015-ci il tarixdən qanunsuz qoşulma barədə 4592 N saylı akt tərtib olunduğu 24 noyabr 2015-ci ilədək qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma 153 gün təşkil etmişdir. Bu isə hər gün üçün 30 qəpik maddi ziyan hesablanmaq şərti ilə 45.90 manat təşkil edir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 45.90 manat abunə haqqı qismində vurulmuş zərərin əvəzinin tutulmasına dair tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin iddiaçı tərəfindən 100 manat məbləğində hüquqi xidmətlərin göstərilməsi üçün çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən-yəni 20 manat məbləğində təmin edilməlidir. Belə ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunmuşdur və bu istənilən məbləğdə ola bilərdi. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 15 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 15.40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində yaranmış 45.90 manat, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hüquqi xidmətlərin göstərilməsinə görə çəkilən xərc kimi 20 manat, dövlət rüsumuna görə ödənilmiş 15 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə (KATV 1) ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində yaranmış 45.90 (qırx beş manat doxsan qəpik) manat, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hüquqi xidmətlərin göstərilməsinə görə çəkilən xərc kimi 20 (iyirmi) manat, dövlət rüsumuna görə ödənilmiş 15 (on beş) manat olmaqla, cəmi 80.90 (səksən manat doxsan qəpik) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə (KATV 1) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş rüsumunun 15.40 (on beş manat qırx qəpik) manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar