Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3438/2021 18.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Arif qızının cavabdeh “xxxx” MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Arif qızı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 21 oktyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab olunması nəticəsində İddiaçı dəymiş 37.440 ABŞ dolları mənzilə görə ödənilmiş məbləğ 20.000 manatın “xxxx” MMC-dən İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər X1 və “xxxx” MMC-yə qarşı X2 ilə “xxxx” MMC arasında Bakı şəhəri, Rahib Məmmədov küçəsi 20 ünvanında yerləşən, “xxxx” MMC-yə məxsus olan yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 117 kv.m olan mənzilə dair bağlanmış 15 yanvar 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə, X2 isə “ xxxx” MMC-yə və İddiaçı qarşı İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış 21 oktyabr 2006-cı il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X1 və “xxxx” MMC-yə qarşı 15 yanvar 2007-ci il tarixdə Bakı şəhəri, Rahib Məmmədov küçəsi 20 ünvanında yerləşən, 14 mərtəbəli yaşayış evinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.m olan mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə “xxxx” MMC arasında Bakı şəhəri, Rahib Məmmədov küçəsi 20 ünvanında yerləşən, 14 mərtəbəli yaşayış evinin 6-cı mərtəbəsində yerləşən 117 kv.m mənzilə dair bağlanmış 21 oktyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 37.440 ABŞ dolları mənzilə görə ödənilmiş pul, 50.000 manat əldən çıxmış fayda, 100.000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək, “xxxx” MMC-dən 37.440 ABŞ dolları əsas borc, gecikdirilmiş vaxt üçün 15 il ərzində 6.25 faiz olmaqla 35.100 ABŞ dolları əldən çıxmış fayda və mənəvi zərərə görə 100.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 37.440 ABŞ dolları əsas borc, gecikdirilmiş vaxt üçün 15 il ərzində 5 faiz olmaqla 28.080 ABŞ dolları əldən çıxmış fayda və mənəvi zərərə görə 100.000 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X1 və “xxxx” MMC-yə qarşı 15 yanvar 2007-ci il tarixdə ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 117 kv.m olan mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə “xxxx” MMC arasında ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 6-cı mərtəbəsində yerləşən 117 kv.m mənzilə dair bağlanmış 21 oktyabr 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Mülki iş materiallarından görünür ki, ünvan 2 ünvanda inşa olunmuş yaşayış binası “xxxx” MMC-yə məxsusdur. 21 oktyabr 2006-cı il tarixli müqavilə ilə “xxxx” MMC tərəfindən ünvan 1 ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 6-cı mərtəbəsində yerləşən, 117 kv.m 37.440 ABŞ dolları dəyərində mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. Binanın 2-ci blok, 6-cı mərtəbəsində, ümumi sahəsi 117 kv.m olan 3 otaqlı mənzilin dəyəri payçı İddiaçı tərəfindən 37.440 ABŞ dolları MMC-yə ödənilmişdir. “xxxx” MMC ilə İddiaçı arasında mənzilə dair 21 oktyabr 2006-cı il tarixli müqavilə bağlanarkən həmin mənzil payçı hüququ ilə başqa şəxsə, yəni R.R.Əliyevə məxsus olmuşdur. 2006-cı ilin may ayında R.R.Əliyev mübahisəli mənzili əvvəl Mahir adlı şəxsdən almış, 15 yanvar 2007-ci il tarixdə mənzili 46.800 manata Kəmalə Bayramovaya satmışdır. R.R.Əliyev və X2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, eyni zamanda mübahisəli mənzillə təmin olunduğu üçün Kəmalə Bayramovanın təqsirləndirilən şəxslərə qarşı heç bir tələb və şikayətinin olmaması Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2014-cü il tarixli hökmü ilə müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Kəmalə Bayramova 15 yanvar 2007-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilə yiyələndikdən sonra orada təmir işləri aparmışdır və hazırda da həmin mənzil onun sahibliyində və istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəlik dedikdə bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməsi, məsələn, pul ödəməsi, əmlak verməsi, iş görməsi, xidmətlər göstərməsi və i.a. və ya müəyyən hərəkətdən çəkinməsi, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ başa düşülür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Hazırkı iş üzrə iddiaçıya ondan daha öncə digər şəxlərə satılmış mənzili ikinci dəfə satmaqla cavabdehlər qanunvericiliklə alğı-satqı müqaviləsinə tətbiq olunan normaları pozmuşlar (Mülki Məcəllənin 572-ci maddəsinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur) və eyni zamanda müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etməmişlər. Məhkəmə çəkişmələri nəticəsində iddiaçı ona müqavilə əsasında verilmiş yaşayış sahəsindən məhrum olmuş və uzun illərdir ki, nə ödədiyi pulla, nə də ki hər hansı mənzillə təmin olunmamışdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən həm ona dəyən maddi ziyanı, həm icranın gecikdirilməsi nəticəsində ona vurulmuş ziyanı, həm də vurulmuş mənəvi ziyanı tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Göründüyü kimi cavabdehin öhdəliyini vaxtında icra etməməsinin nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Odur ki, iddiaçı qeyd edilən məbləğləri tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə Mülki Məcəllənin 445.1-ci maddəsinə istinad edərək hesab edir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarından görünür ki, alğı-satqı müqaviləsi bağlandığı 21 oktyabr 2006-cı il tarixdən gecikdirilmiş müddət 15 il təşkil etdiyindən, əsas borcun illik 5% hesabı ilə həmin məbləğ 28.080 ABŞ dolları təşkil edir. Məhkəmə iddiaçının gecikdirilmiş vaxt üçün illik 6.25 faiz olmaqla 25.100 ABŞ dolları pul vəsaitinin ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olmaqla qismən təmin edilməli və cavabdehdən illik 5% hesabı ilə 28.080 ABŞ dolları pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının aldığı mənzilin nə özünün, nə də dəyərinin indiyə qədər ona ödənilməməsi onun yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 2.000 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, “xxxx” MMC-dən 37.440 ABŞ dolları əsas borc, gecikdirilmiş vaxt üçün 15 il ərzində 5% olmaqla 28.080 ABŞ dolları əldən çıxmış fayda, mənəvi zərərə görə 2.000 manat pul vəsaiti İddiaçı Arif qızının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən 37.440 (otuz yeddi min dörd yüz qırx) ABŞ dolları əsas borc, gecikdirilmiş vaxt üçün 15 il ərzində 5% olmaqla 28.080 (iyirmi səkkiz min səksən) ABŞ dolları pul ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə, mənəvi zərərə görə 2.000 (iki min) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Arif qızına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3438/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3438/2021
18.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver