Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3475/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, (2(003)- 104/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyişdirilərək, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, (2(003)-104/2020 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, cavabdehlə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 onun yanında saxlanılması, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdeh qeyd olunan qətnaməni yuxarı instansiya məhkəmələrində mübahisələndirmiş və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)- 59/22 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Bu günə qədər cavabdeh uşaqların saxlanılması üçün təyin olunan 100 manat məbləğdən 1 manat belə ödəməmişdir. Bununla bağlı müvafiq qurumlara müraciətlər etsə də, lazımi tədbirlər hələ də görülməmişdir. Cavabdeh uşağının saxlanılmasında iştirak etmədiyinə, onun maddi tələblatlarını təmin etmədiyinə, uşağın qayğısına qalmamaqla öz valideynlik borcunu yerinə yetirməkdən yayındığına görə uşaqların xərclərini özü ödəyir. Məhkəmə qətnaməsi ilə cavabdehdən tutulması qət edilmiş hər uşağa görə 100 manat sabit pul məbləğində aliment uşaqların maddi tələbatının ödənilməsi üçün kifayət deyildir. Hal-hazırda uşaqların maddi tələbatı da artmışdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi bir uşağın saxlanması üçün ən azı 193 manat məbləği tələb edilir. Cavabdeh müxtəlif işlərdə işləyir, kifayət qədər qazanca malikdir, əlil deyildir, tələb etdiyi alimenti ödəmək iqtidarındadir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamənin çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin qəbul etməyərək izahatında hazırda heç yerdə işləmədiyini, hazırda qızının onunla yaşadığını, hər ay 100 manat aliment ödəmək imkanının olduğunu, iddiaçıya qarşı uşaq tələbi ilə məhləməyə müraciət etdiyini göstərdi və iddianın təmin olunmaması barədə qətnamənin çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, (2(003)-104/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2011 -cl il təvəllüdlü X3 atalarının yanında saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə her ay hər uşağa görə 100 manat sabit pıl məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7077/2021 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-104/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)59/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7077/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2022-ci il tarixli, 640 saylı rəyindən görünür ki, iddiaçı Cavabdeh X4 qarşı “uşaq və aliment tələbinə dair” 2(011)-1255/2022 saylı mülki işin materiallarına rəy verilməsi üçün baxılmışdır. Komissiya xx.xx.2008-ci il təvəllüdlü X1 anası Cavabdeh, xx.xx.2011-ci il təvəllüdlü X3 isə atası X2 himayəsində saxlanılmasını gələcək mənafeləri üçün daha məqsədəuyğun hesab etmişdir. Komissiya tərəfindən dinlənilmiş xx.xx.2008-ci il təvəllüdlü X5 anasının, xx.xx.2011-ci il təvəllüdlü X7 isə atasının yanında qalmaq istədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasinda iştirak edilməməsi barədə arayış iddia ərizəsinə əlavə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pu! məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan allment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə, sadalanan maddələrin tələblərini hazırkı mulkı mübahisədə tətbiq edib qeyd edir ki, cavabdehdən uşaqların saxlanılması üçun tutulan alimentin miqdarını müəyyən edərkən, hər iki tərəfin maddi, ailə vəziyyəti, habelə İşin diqqətəlayiq olan digər halları nəzərə alınmalıdır. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında nikahın pozulması və aliment tələbinə dair mübahisə üzrə sonuncu məhkəmə aktı, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-59/2022 saylı qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, (2(003)-104/2020 saylı qətnaməsi həmin tarixdən qanuni qüvvəsini almışdır. Uşaqların saxlanılması üçün tutulması müəyyən edilmiş alimentin artırılmasını tələb edən iddiaçı, cavabdehin maddi vəziyyətində dəyişiklik olması ilə bağlı “Cavabdeh müxtəlif işlərdə işləyir, kifayət qədər qazanca malikdir, əlil deyildir, tələb etdiyi alimenti ödəmək iqtidarındadir.” kimi ümumi ifadələrlə kifayətlənmiş, iddia ərizəsinə bu barədə heç bir mötəbər sübut əlavə edə bilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı X2 Cavabdeh qarşı Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, (2(003)-104/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin dəyişdirilərək, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3475/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3475/2022
14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver