Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3485/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 21.08.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.12.2019cu il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılaraq 175 manat manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdehlə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 21.08.2008-ci il təvəllüdlü X2 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8964/2019 saylı 11.12.2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaq onun himayəsində saxlanılmış və hər ay 160 manat sabit pul şəklində aliment tutulması qət edilmişdir. Lakin uşağı tək başına saxlamaq ona çətindir, uşağın gündəlik tələbatlarını ödəyə bilmir, uşaq böyüdükcə xərcləri də xeyli artmışdır, həmçinin 2021-ci il üçün uşaqlara görə yaşayış minimumunun da miqdarı artaraq 175 manat kimi müəyyən edilmişdir, cavabeh heç bir maddi köməklik göstərmir, uşağı saxlamaq üçün onun maddi imkanı kifayət etmir, ona görə də hesab edir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment miqdarı artırılaraq Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmasını istəyir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazimlı qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8964/2019 saylı 11.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4282/2010 saylı 28.10.2010-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, 21.08.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 160 manat sabit pul şəklində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Masallı Rayon Türkoba ərazi nümayəndəliyi tərəfindən 06.07.2018-ci il tarixdə verilmiş AZ-İV 130486 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 21.08.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri, Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 29.05.2018-ci il tarixdə verilmiş AZ-İ 293225 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 29.05.2018-ci il tarixdə 253 saylı aktla qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 05.03.2021-ci il tarixli arayışından görünür ki, Həsənov X3 rayonu, Türkoba ərazi dairəsi, Qəzvinoba kəndində qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan 21.08.2008-ci il təvəllüdlü X2 adlı bir övladları doğulmuşdur, uşaq iddiaçının himayəsindədir, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş hər ay 160 manat miqdarında aliment məbləği bu məqsədlə yetərli deyil və aliment məbləğinin artırılması tələbi uşağın əvvəlki yaşayış səviyyəsinin yaxşılaşdırılması zərurəti ilə sıx bağlıdır. Bununla belə, aliment məbləğinin artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8964/2019 saylı 11.12.2019-cu il tarixli qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, onun mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları nəzərə alaraq cavabdehdən hər ay uşağa görə 175 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-сi il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat təşkil edir. Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 21.08.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 500 manatdan az olduğundan, həmçinin aliment tələbinə görə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8964/2019 saylı 11.12.2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 21.08.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay uşağa görə 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3485/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3485/2021
19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver