Məhkəmə qərarları › İş №2(011)-3487/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3487/2021

26.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3487/2021 26.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh vurulmuş maddi ziyana görə 4389 manat və ödənilmiş dövlət rüsumuna görə 31 manat, borcu vaxtında ödəmədiyinə görə qiymət fərqi olaraq 1493 manat, cəmi 5913 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci ilin aprel-iyun ayları ərzində İddiaçı MMC-yə məxsus olan və Bakı-Quba yolunda yerləşən 1 saylı Yanacaqdoldurma məntəqəsindən hissə-hissə olmaqla yanacaq almış və müəssisə ilə cavabdeh arasında 4389 manat borc yaranmışdır. Dəfələrlə cavabdehdən bu barədə üzləşmə aktına imza etməsi və borcun qaytarılması təklif olunsada, cavabdeh bundan məqsədli sürətdə boyun qaçırmış və şirkətə ziyan vurmuşdur. Eyni zamanda qeyd edilir ki, 2020-ci ildə 4389 manata 7315 litr Dizel yanacağı almaq mümükün olduğu halda, indiki qiymət ilə 5486 litr Dizel yanacağı almaq olur. Ona görə də İddiaçı MMC Cavabdeh yaranmış bora görə 4389 manat, borcu vaxtında ödəmədiyinə görə qiymət fərqi olaraq 1493 manat cəmi 5913 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəflər arasında İddiaçı MMC tərəfindən X2 məxsus nəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi, yanacağın dəyərinin isə X3 tərəfindən ödənilməsi ilə bağlı razılaşmanın mövcud olduğunu iddia etsə, məhkəmədə bu halı sübuta yetirə bilməmişdir. Belə ki, İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş və cəmiyyətin əməkdaşları tərəfindən tərtib edilmiş avtomobillərin dövlət qeydiyyat nişanları və avtomobilləri idarə edən sürücülərin adları qedy edilməklə İddiaçı MMC-dən əldə edilmiş yanacağın həcmi və dəyərini əks etdirən siyahıları həmin avtomobillər üçün yanacağın, həqiqətən, Cavabdeh tapşırığı ilə İddiaçı MMC-dən alındığını sübut etməyə kifayət etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaət gəlir ki, iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı borca görə 4389 (dörd min üç yüz səksən doqquz) manat, ödənilmiş dövlət rüsumuna görə 31 (otuz bir) manat, borcu vaxtında ödəmədiyinə görə qiymət fərqi olaraq 1493 (min dörd yüz doxsan üç) manat, cəmi 5913 (beş min doqquz yüz on üç) manat məbləğində pul vəsaitiin tutulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar