Məhkəmə qərarları › İş №2(011)-3493/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3493/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3493/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdeh iddiaçıdan ümumilikdə 320 manat məbləğində borc pul almışdır. xx.xx.2020-ci il tarixində cavabdeh aldığı 120 manat borc pulu etiraf edərək borcu faizlə birlikdə xx.xx.2020-ci il tarixədək qaytaracağı barədə, xx.xx.2020-ci il tarixində isə aldığı 200 manat borc pulu etiraf edərək borcu faizlə birlikdə 2 ay müddətinə qaytaracağı barədə yazılı öhdəlik götürmüşdür.

2. Cavabdeh aldığı borc pulu qaytarmamışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdehdən 320 manat məbləğində borcun alınaraq ona qaytarılması, 40 manat məbləğində iddia ərizəsinin tərtibatına görə çəkilən əlavə xərcin, eyni zamanda məhkəmə xərci üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, xx.xx.2021-ci il tarixində cavabdehə 320 manat məbləğində pul vermişdir. Cavabdeh pula ehtiyacı olduğunu və əldə etdiyi məbləği 3 ay müddətində qaytaracağını vəd etmişdir. xx.xx.2021-ci il tarixində ona lazım olan 320 manat məbləğində pul verdiyini öz əlyazması ilə təsdiq etmiş və 3 ay müddətində hər ayın 4-də hissə-hissə geri ödəməyi öhdəsinə götürmüşdür. Lakin verdiyi vədə sadiq qalmamış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin ondan borc qismində aldığı 320 manat pulu müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırması onun maddi vəziyyətini çətinləşdirmişdir. Bununla əlaqədar olaraq cavabdeh tərəfindən borc qismində alınmış 320 manat məbləğində pul vəsaitindən əlavə tərəfindən çəkilmiş xərcin əvəzi qismində 70 manatın da ona qaytarılması qanuna uyğundur. Məhkəməyə müraciət üçün iddia ərizəsinə 40 manat və dövlət rüsumu olaraq 20 manat xərc çəkilmişdir.

b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

8. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Maddə 740.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

11. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

13. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının izahaıını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

20. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2020-ci il tarixdə yazdığı “qəbz”lə iddiaçıdan aldığı 120 manat məbləğində, xx.xx.2020-ci il tarixdə yazdığı “qəbz”lə iddiaçıdan aldığı 200 manat məbləğində borcu etiraf etmiş, borcu qaytaracağı barədə yazılı öhdəlik götürmüş, yazılı öhdəlikdə borcun məbləğini (ümumilikdə 320 manat), borcun qaytarılması şərtlərini açıq formada göstərmişdir. Göründüyü kimi, edilmiş bu etiraf iddiaçını borcun cavabdeh tərəfindən alınmasını sübut etmək vəzifəsindən azad edir.

21. Borc müqaviləsinin anlayışını verə MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. İşin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı tələb etdiyi pul vəsaitini (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılması müddəti və qaydası barədə öhdəlik də götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır.

22. Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun suyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

23. İşin hallarından da görünür ki, hazırkı mübahisə üzrə borc münasibətləri iki fiziki şəxs arasında olmuş, həmçinin iddiaçı yazılı formada bağlanmanı tələb etməyən məbləğdə (320 manat) pulu iddiaçıya vermişdir. Bununla belə, tərəflər arasında pulun alınması barədə yazılı sənəd imzalanmışdır. Məhkəmə qeyd edir ki, qanunla nəzərdə tutulmuş yazılı müqavilənin formasına dair tələbləriə tam cavab verməsə də, tərəflərın aralarındakı münasibətin nə ilə bağlı yarandığını göstərən sadə yazılı formada tərtib etdiyi hər hansı bir sənəd yazılı borc müqaviləsi kimi qəbul oluna bilər.

24. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

25. İşin şərh edilən hallarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini pozmuşdur. Odur ki, iddia tələbi 320 manat məbləğində borcun cavabdehdən alınaraq qaytarılması hissəsində təmin edilməlidir.

26. Məhkəmə iddia tələbinin 40 manat məbləğində iddia ərizəsinin tərtibatına çəkilən əlavə xərcin tutulması hissəsinə münasibətdə bildirir ki, iddiaçı iddia ərizəsinin tərtibatına görə 40 manat məbləğində xərc çəkdiyini iddia etsə də, bu dəlilini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

27. Məhkəmə həmçinin hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ona görə ki, cavabdeh vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə dövlət rüsumunun 20 manat tələb edilsə də, 30 manat məbləğində tutulmasını da iddia tələbindən kənara çıxma hesab edilmir. Çünki, MPM-nin 119-cu maddəsinin tələbindən də görünür ki, məhkəmə xərclərinin iddia tələbləri nisbətində bölüşdürülməsi məhkəmənin səlahiyyətindədir. Həmçinin, MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərin bölüşdürülməsi göstərilməlidir. Qeyd edilən normalar onu deməyə əsas verir ki, iddia tələbində göstərilməsə də belə, məhkəmə xərcləri ilə bağlı məsələ məhkəmə tərəfindən həll edilməlidir.

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 320 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçıa ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar