Məhkəmə qərarları › İş №2(011)-353/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-353/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-353/2022 04.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 33301.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 33301.95 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 21.01.2022 tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə təqdim edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 24 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 12 fevral 2014-cü il tarixdən 18 yanvar 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 112828,26 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 112828,26 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi O.K.Məhərrəmov iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh 24 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 19 faizlə 36 ay müddətinə 343000 ABŞ dolları kredit götürmüşdür, 12 fevral 2014-cü il tarixli 2(011)- 236/2014 saylı Xətai rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehdən "xxxx" İKB ASCnin xeyrinə ümumilikdə cəmi 284441 ABŞ dolları tutulması qət edilmişdir, hal hazırda 25 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka gecikdirilmiş vaxt üçün 12 fevral 2014-cü il tarixdən 14 sentyabr 2021-ci il tarixədək illik 5 faizlə hesablanmış 33301,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 33301,95 ABŞ dolları borcu vardır, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır, 24 noyabr 2011-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müdətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımı qaydada yerinə yetirilməmişdir, bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Sonda iddiaçının nümayəndəsi O.K.Məhərrəmov deyilənlərin nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" İKB ilə Cavabdeh arasında 10.10.2011ci il tarixli № 6-İ2-1-0-24-11 saylı Əsas kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank kredit alana, ümumilikdə 270000 manat və həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 60 ay müddətinə, yəni 10.10.2016-cı il tarixinədək kredit verə bilər. İş materiallarında olan "xxxx" İKB ilə Cavabdeh arasında 10.10.2011-ci il tarixli № 6- İ2-1-0-24-11 saylı Əsas kredit müqaviləsinə 23.11.2011-ci il tarixli əlavədən görünür ki, tərəflər borcalana 36 ay müddətinə 19 faiz dərəcəsi ilə bir dəfəyə 343000 ABŞ dolları kredit verilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli 2(011)-236/2014 saylı qətnaməsi ilə Cavabdeh və X1 müştərək qaydada 23.11.2011-ci il tarixli 6-İ2-1-0-24-11 (Ə1) nömrəli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin xeyrinə ümumilikdə cəmi 284441 ABŞ dolları tutulması qət edilmişdir, İş materiallarında olan 14.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla - 33301.95 ABŞ dolları borcu vardır. İş materiallarında olan 18.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 yanvar 2021-ci il tarixinə əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla - 112828,26 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanan 17.09.2021-ci il tarixli, KBD15647 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 5 gün müddətinə borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 24.09.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21.12.2021-ci il tarixli, 9/8257 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" İKB ASCilə Cavabdeh arasında bağlanmış 23.11.2011-ci il tarixli № 6-İ2-1-0-24-11 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu müqavilə müddətinə, yəni 23.11.2014-cü il tarixə əsas borc üzrə 246.563,38 ABŞ dolları, faiz borcu üzrə 84.194,55 ABŞ dolları, müqavilə müddətindən sonra illik 5 faizlə 14.09.2021-ci il tarixə əsas borc üzrə 246.563,38 ABŞ dolları, faiz borcu üzrə 168.128,83 ABŞ dolları təşkil edir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında 36 ay müddətinə illik 19 faizlə 343000 ABŞ dolları məbləğində kredit verilməsini nəzərdə tutan 23 noyabr 2011-ci il tarixli kredit müqaviləsi bağlanmışdır, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 fevral 2014-cü il tarixli 2(011)-236/2014 saylı qətnaməsi ilə Cavabdeh və X1 müştərək qaydada 23.11.2011-ci il kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin xeyrinə ümumilikdə cəmi 284441 ABŞ dolları tutulması qət edilmişdir, hazırda borcun ödənilməsini gecikdirdiyindən cavabdehin banka faiz borcu (gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla) qalmışdır, gecikdirilmiş gün sayı 2578 gün (23.11.2014 - 18.01.2022), hər günə düşən faiz məbləği 34,245 ABŞ dollardır, cavabdeh faiz borcunun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Bununla belə, cavabdehin müqavilədən irəli gələn öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, cavabdehdən tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehin müqavilə müddətindən sonra illik 5 faizlə 18.01.2022-ci il tarixə olan faiz borc məbləği, onun 14.09.2021-ci il tarixədək olan faiz borcunun məbləği (83934,28 ABŞ dolları), hər günə düşən faiz məbləği (83934,282451 = 34,245 ABŞ dolları), habelə 14.09.2021-ci il tarixdən 18.01.2022-ci il tarixədək olan gün sayı nəzərə alınmaqla, (83934,28 ABŞ dolları + 34,245x127 gün = 88283,40 ABŞ dolları həddində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 445.9-cu maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 23 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə hesablanmaqla, manatla faiz borcu kimi 88283,40 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat manat Cavabdeh aid edilməli və ondan tutularaq müvafiq olaraq iddiaçıya və dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23 noyabr 2011-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə hesablanmaqla manatla 88283 (səksən səkkiz min iki yüz səksən üç) ABŞ dolları 40 (qırx) sent məbləğində faiz borcu və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X3, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar