Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3566/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Cavabdeh xx.xx.2021-ci il tarixdə idarə etdiyi “Buick” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov küçəsində yerləşən iddiaçıya məxsus parking çıxış terminalına zərər vurmuşdur.
2. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən terminala dəymiş zərər ƏDV ilə birlikdə 2006 (1700 manat + 18% ƏDV hesablanmaqla) manat müəyyələnləşdirilmiş və həmin vəsait iddiaçı tərəfindən "xxxx" MMC-nin bank hesabına ödənilmişdir.
3. AR DİN-nin NBPİ-nin DYNPİ-nin İstintaq və Təhqiqat bölməsinin təhqiqatçısının xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin əməlində CM-nin 187-ci maddəsində nəzərdə tutulmuş tərkib əlamətləri yaranmadığından cinayət işinin babaşlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
5. İddia ərizəsinin dəlilləri:
6. İddiaçı vurulmuş 2006 manat maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh cxx.xx.2021-ci il tarixdə saat 15:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsində yerləşən "xxxx" QSC-nin törəmə müəssisəsi olan İddiaçı MMC-yə məxsus parkinq çıxış tenninalına “BUİCK” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə zərər vurmuş və nəticədə terminal yararsız vəziyyətə düşməklə onlara maddi ziyan yetirmişdir. Bundan sonra, iddiaçı hadisə yerindən yayınmışdır. Qeyd olunan hadisə ilə bağlı DİN-nin NBPİ-nin DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsində HK-1/213 nömrəli material araşdırlmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehin ehtiyatsızlıqdan etdiyi əməl nəticəsində onlara 2006.00 manat maddi ziyan dəymişdir. Material üzrə kompleksekspertiza (məhkəmə-əmtəəşünaslıq və tikinti-texniki) təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 10/270 nömrəli ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş AKT-da göstərilən iş həcmlərinə uyğun olaraq mövcud bazar qiymətləri tətbiq edilməklə görülmüş işlərin dəyəri 2006.00 manatdır. Cavabdehin əməlində CM-nin 187-ci maddəsinin tərkib əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması xx.xx.2022-ci il tarixdə rədd edilmişdir. Qeyd olunan maddi ziyanın cavabdehlə aparılan danışıqlarla onun tərəfindən ödənilməsi xahiş olunsa da, bu günə kimi heç bir ödəniş olmamışdır.
8. Cavabdehin iddia ərizəsinə etirazın dəlilləri:
9. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
10. Məhkəmə iclasında verilən izahatlar:
11. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
12. Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclarında iddianı qəbul etmədiyini bildirmişdir.
13. Cavabdehə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
14. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 15.
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Maddə 1108.2 Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
27. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
28. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
29. İddiaçı ona məxsus parkinq çıxış terminalının cavabdeh tərəfindən zədələnməsi nəticəsində ona maddi ziyan vurduğunu iddia edir.
30. Yuxarıda qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır.
31. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədib-törətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir.
32. İş materiallarında olan DYNPİ-nin İstintaq və Təhqiqat Bölməsinin təhqiqatçısaının xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma ilə bağlı izahatı alınmış cavabdeh bildirmişdir ki, xx.xx.2021-ci il tarixində avtomobili ilə hərəkətdə olarkən terminala çatdıqda avtomobilin ön sol şüşəsi işləmədiyindən o, məcbur olub qapını açmışdır ki, kartı terminala daxil edib dayanacaqdan çıxsın. Bu zaman avtomobil arxaya doğru hərəkət etmiş və avtomobilin sol ön qapısı terminala dəymiş və terminal gövdəsindən aralanmışdır. O, həmin vaxt ətrafa baxıb dayanacaq nəzarətçilərindən orada kimsə olmadığını görüb işə tələsdiyindən çıxıb getmişdir. Həmçinin, araşdırmanı aparmış təhqiqatçı cavabdehin ehtiyazlıqdan etdiyi əməl nətiəsində iddiaçıya maddi ziyan dəyməsi barədə nəticəyə gəlsə də, cinayət işinin başlanmasının rədd edilməsi ilə bağlı qərarı ona görə qərar qəbul etmişdir ki, AR CM-nin 186-cı maddəsində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələnməyə görə cinayət məsuliyyəti zərərçəkmişə xeyli miqdarda, yəni 5000 manat ziyan vurmaqla yaranır.
33. Göründüyü kimi, cavabdeh həm təhqiqat orqanında verdiyi izahatında təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vurduğunu etiraf etmiş, həm də təhqiqiat orqanı cavabdehin ehtiyatsızlıqdan etdiyi qanunazidd əməli nəticəsində iddiaçıya ziyan vurması barədə nəticəyə gəlmişdir. Başqa sözlə, cavabdehin hüquqa zidd əməli və bu əməlin törədilməsində onun təqsiri iş materialları ilə müəyyən edilir.
34. Cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və önün əməli ilə baş vermiş nəticə (maddi zərərin dəyməsi) arasında səbəbli əlaqənin olması da iş materialları ilə öz təsdqini tapır.
35. Dəymiş zərərin həcminə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
36. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən parking çıxış terminalına dəymiş zərər 2006 (1700 manat + 18% ƏDV hesablanmaqla) manat müəyyələnləşdirilmişdir.
37. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7132 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünü ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən iddiaçıya məxsus pasrkingin çıxış terminalının təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1700 manat müəyyən edilir.
38. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.
39. Həmçinin, iş materiallarında olan 423250 nömrəli elektron qaimə-faktura ilə müəyyən edilir ki, parkinq çıxış terminalının bərpası məqsədilə ödənilmiş 1700 manat əlavə iddiaçı tərəfindən 306 manat ƏDV də ödənilmişdir.
40. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus çıxış terminal qurğusunu zədələməklə ona maddi ziyan vurduğundan, iddia təmin edilməklə dəymiş ziyan cavabdehdən tutulmalıdır.
41. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış ekspertiza xərci də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh 2006 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı