Məhkəmə qərarları › İş №2(011)-36/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-36/2023

08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-36/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 19:28-də idarə etdiyi ‘’Toyota Rav-4’’ markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olarkən qarşıda maneə yarandığı üçün avtomobilin sürətini azaltmış və dayandırmışdır. Bu zaman arxadan gələn BMW markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil onun maşınını arxadan vurmuşdur. Hadisə zamanı xəsarət alan olmadı, ancaq onun avtomobilinin arxa tərəfi digər avtomobilin qabaq tərəfi əzilmişdir. Hadisə yerinə gələn Bakı şəhər X4 İdarəsinin YNH üzrə inspektoru, polis baş leytenantı X2 yol-hərəkəti qaydalarını pozduğu üçün BMW markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində inzibati protokol tərtib edərək onun cərimə olunması barədə qərar qəbul etmişdir. BMW markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasının müddəti bitdiyindən o, avtomobilinin təmiri üçün sığorta xidmətindən yararlana bilməmişdir və buna görə avtomobilin sürücüsü Cavabdeh onun avtomobilinə dəymiş zərərin ödəməsini demişdir və cavabdeh onunla razılaşmışdır. Qiymətləndirilmə üçün birlikdə ‘’Toyota- Abşeron MƏRKƏZİ’’ MMC-yə müraciət etmişlər və avtomobilə dəymiş zərəri və təmir üçün xərcləri hesablamışlar. ‘’Toyota-Abşeron MƏRKƏZİ’’ MMC-nin verdiyi qiymətləndirmə aktına əsasən, avtomobilin təmiri üçün 2118.67 manat pul tələb olunmuşdur. Zərər müəyyən olunduqdan sonra BMW markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ona vurduğu zərərin əvəzinin ödənilməsindən boyun qaçırmışdır. O, bütün bu göstərilənləri nəzərə alaraq məhkəmə müraciət etmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh tərəfindən ona məxsus “Toyota Rav-4” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə dəymiş maddi zərərə görə 2118.67 manatın və mənəvi zərər görə 1000 manatın, həmçinin hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 400 manatın və 65.20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etməklə yanaşı, izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş verən zaman günah iddiaçının özündə olmuş, cavabdeh Ziya Bünyatov prospektində avtomobili ilə hərəkətdə olan zaman həmin avtomobilin qarşısında təcili tibbi yardım avtomobili hərəkətdə idi. Cavabdehin avtomobili ilə təcili tibbi yardım avtomobilinin arasında təxmini 30-40 metr məsafə var idi, iddiaçının avtomobili təcili yardım avtomobilindən öndə getdiyi üçün anidən avtomobilini sağa çəkib yol verdikdən sonra anidən təkrar avtomobili sola çəkərək öz xəttinə girmişdir. Cavabdeh avtomobili ilə təcili tibbi yardım avtomobilinin arxası ilə gəldiyi üçün öz yolu ilə davam edə biləcəyini düşünmüş, lakin iddiaçı avtomobili sola çəkərək cavabdehin avtomobilinin önündə keçdiyi üçün ara məsafəsi az olduğundan cavabdeh əyləc sistemini bassa da, avtomobilini iddiaçının avtomobilinin arxasından vurmuş və bununla da qəza baş vermişdir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçının avtomobilinə qeyd edildiyi kimi güclü ziyan dəyməmişdir, bununla bağlı cavabdeh hadisə olan zaman video çəkiliş var. Həmçinin qəza zamanı yol polisi hadisə yerinə gələrək işi doğru düzgün araşdırmadan qərar qəbul etmiş, cavabdeh yol polisindən kamera görüntülərini tələb edərək günahın cavabdehdə olmamasını sübut etmək istəsə də, cavabdehə məhkəmə zamanı bütün sübutların ortaya çıxacağı bildirimişdir. Məhkəmə cavabdehin çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Qiymətləndirmə aktının surətindən görünür ki, “Toyota Rav-4” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 2118.67 manat təşkil etmişdir. İş materiallarından olan Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən tərtib edilmiş TP ******* saylı, 15 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 12 yanvar 2022-ci il tarixdə saat 19:28-də BMW 320 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozmuş və AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə Cavabdeh 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən BPİ-nin DYPİ-də verilmiş izahatın surətindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, 12 yanvar 2022-ci il tarixdə saat 19:28-də idarə etdiyi BMW markalı avtomaşınla Z.Bünyadov prospektində hərəkət edərkən qarşısındakı “Toyota” markalı avtomaşın qəflətən sürətini azaldıb dayandırmış və bu zaman sürətini azaltsa da, onun maşınını arxadan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8179 nömrəli , ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2021-ci il buraxılışlı “Toyota Rav” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 2119,0 manat müəyyən edilmişdir. İş materiallarında olan 23907 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 13 saylı Vəkil bürosuna 400 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər..Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-nin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin 1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. MM-nin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qəranmn 1-ci hissəsinə əsasən, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür". Həmin qərarda həmçinin göstərilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir". Göründüyü kimi, Konstitusiya Məhkəməsinin mövqeyi də bundan ibarətdir ki, mənəvi zərər qeyri-əmlak zərəridir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı 12 yanvar 2022-ci il tarixdə, saat 19:28-də idarə etdiyi “Toyota Rav-4” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olarkən qarşıda maneə yarandığı üçün avtomobilin sürətini azaltmış və dayandırmış, bu zaman BMW 320 minik markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil arxa tərəfdən həmin avtomobilə maddi ziyan vurmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/8179 nömrəli ekspert rəyinə əsasən “Toyota Rav-4” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 2119 manat, "xxxx" MMC tərəfindən verilmiş Qiymətləndirmə aktının görə isə avtomobilə dəymiş ziyan 2118.67 müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Toyota Rav-4” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər – 2119 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ödənildiyindən və bu fakt iş materialları ilə təsdiq edildiyindən, Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi zərər ağlabatan məbləğdə - 200 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün Cavabdeh hüquqi yardım üçün vəkilə ödənilmiş 400 (dörd yüz) manat və 65.20 (altmış beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərcinin 75%, yəni 348 manat tutularaq İddiaçı ödənilməli,, qalan 25%, yəni 116 manat iddiaçının özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə, Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 2118.67 (iki min yüz on səkkiz manat altmış yeddi qəpik) manat, mənəvi zərərə görə 200 (iki yüz) manat tutularaq, İddiaçı ödənilsin. İddia qismən təmin edildiyi üçün Cavabdeh hüquqi yardım üçün vəkilə ödənilmiş 400 (dörd yüz) manat və 65.20 (altmış beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərcinin 75%, yəni 348 manat tutularaq İddiaçı ödənilsin, qalan 25%, yəni 116 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar