Məhkəmə qərarları › İş №2(011)-3613/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3613/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3613/2025 17.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər 36 Saylı Dövlət Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilmiş işin halları:

1. Bakı Şəhəri 36 saylı Niotariat Ofisinin xüsusi notariusu X7 tərəfindən verilən reyestrdə 8İ-3921 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış müqavilə üzrə müddət üçün vaxtında ödənilməmiş 21516 manat, həmçinin 2365,08 manat cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat rüsum olmaqla, ümumilikdə 23906,08 manat pulun iddiaçıdan tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.

2. İddiaçı icra qeydinin verilməsi barədə notariat ofisi və bank tərəfindən məlumatlandırılmamış, həmçinin onun yaşadığı ünvana məlumat göndərilməmişdir. Yalnız icra mərhələsində iddiaçıya məlumat verilmişdir. Bundan başqa icra qeydində nəzərdə tutulan əsas borc məbləği və hesablanmış cərimə məbləği şişirdilmiş şəkildə qeyd edilmişdir.

İddiaçının tələbi:

3. Bakı Şəhəri 36 saylı Niotariat Ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş reyestrdə 8İ-3921 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin etirazı:

5. xx.xx.2025-ci il tarixində mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 məhkəməyə etirazla müraciət edərək, İddiaçı tərəfindən “icra qeydinin ləğv edilməsi” barədə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildirmişdir ki, ondan başqa zamin vardır. Həmin zamindən müqavilə üzrə tutulma aparılmışdır. Həmçinin, onun adında olan əmlaklara həbs qoyulmuşdur. Zaminlik müqaviləsini özü imzalamışdır. Zamin olduğu şəxs onun yaxını olmuşdur. Ona gələn məktubda 21000 manat borc qeyd edilmişdir. Digər zamindən isə 5000 manat artıq tutulmuşdur. Həmçinin 2365 manat faiz və 7% ödənilmə haqqı vardır. Onlarda da razı olmadığını bildirmişdir. Onun xəbəri olmadan icraya yönləndirilmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 öz izahında qeyd etmişdir ki, qarşı tərəfə bildiriş göndərilmiş, 20 gün müddət verilmişdir. Lakin, bu müddətdə hər-hansı razılaşma əldə edilməmişdir. Bildiriş şəxsin qeydiyyatda olduğu ünvana göndərilmiş, daha sonra iddiaçı ilə əlaqə saxlanıldıqdan sonra iş yerinə göndərilmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

9. Bakı Şəhəri 36 saylı Niotariat Ofisinin xüsusi notariusu X7 tərəfindən verilmiş 8İ-3921 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən, İddiaçı vaxtında ödənilməmiş 21516 manat, 2365,08 manat cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat rüsum olmaqla, ümumilikdə 23906,08 manat pulun tutularaq "xxxx" ASC-yə ödənilməsi qeyd edilmişdir.

10. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli, MK-249428/23 saylı kedit müqaviləsi üzrə X5 (borcalan), İddiaçı (zamin) və X1 (zamin) xx.xx.2024-cü il tarixinə "xxxx" ASC-yə 21263,54 manat əsas, 252,46 manat faiz, 2365,08 manat cərimə borcu olmaqla, ümumilikdə 23861,08 manat məbləğində borcu vardır. Borcun 3 gün müddətində qayarılması tələb edilmişdir. Borcun 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir.

11. Turan Bank ASC ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № MK-249428/23 saylı kredit müqaviləsinə əsasən X6 illik faiz dərəcəsi 19% olmaqla, 30 (otuz) ay müddətinə 30 000 AZN (oluz min manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 19% olmaqla cərimə faizi ödəyir.

12. Kredit müqaviləsinin təminatı olaraq TuranBank ASC, X8, İddiaçı və X3 arasında xx.xx.2023-cü il tarixli, № MK-249428/23 saylı zaminlik müqaviləsi bağlanmışdır.

14. Pretenziya məktublarının surətləri.

15. Digər sənədlər.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

17. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:

17. Dövlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır: 15) icra qeydləri aparır;

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

18. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat (11 sentyabr 2000-ci il):

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir.

162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.

165. İcra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur. İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”:

1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli;

2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı;

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər

21. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək hesab edir ki, iddia əsssızdır və rədd edilməlidir.

23. Belə ki, mülki işin mübahisəsiz hallarından görünür ki, Turan Bank ASC ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № MK-249428/23 saylı kredit müqaviləsinə əsasən X6 illik faiz dərəcəsi 19% olmaqla, 30 (otuz) ay müddətinə 30 000 AZN (oluz min manat) məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən Borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 19% olmaqla cərimə faizi ödəyir. Kredit müqaviləsinin təminatı olaraq TuranBank ASC, X8, İddiaçı və X3 arasında xx.xx.2023-cü il tarixli, № MK-249428/23 saylı zaminlik müqaviləsi bağlanmışdır. (§11, §12) xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2023-cü il tarixli, MK-249428/23 saylı kedit müqaviləsi üzrə X5 (borcalan), İddiaçı (zamin) və X1 (zamin) xx.xx.2024-cü il tarixinə "xxxx" ASC-yə 21263,54 manat əsas, 252,46 manat faiz, 2365,08 manat cərimə borcu olmaqla, ümumilikdə 23861,08 manat məbləğində borcu vardır. Borcun 3 gün müddətində qayarılması tələb edilmişdir. Borcun 20 gün müddətində ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. (§10)

24. Məhkəmə qeyd edir ki, Notariat orqanlarının icra qeydi icra sənədi hesab olunur. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Notariat haqqında” Qanun) 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və 76-cı maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.

25. Məhkəmə araşdırması zamanı kredit borcunun qalmasının mübahisəsiz olması, İddiaçı zaminlərdən biri qismində kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə icra olunmasına görə borc alanla birgə məsuliyyət daşıması, bank tərəfindən notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borc alana və zaminlərə, o cümlədən iddiaçıya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi və bildirişin sonuncu tərəfindən qəbul edilməsi, bununla da mübahisləndirilən icra qeydinin ləğv edilməsi üçün heç bir qanuni əsasın olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı icra qeydi qəbul olunan zaman mövcud olmuş borc və cərimə borcunun olması mübahisələndirilməmiş, mülki qanunvericiliyə uyğun olaraq müvafiq iddia müddətinin keçməsi halı (MM 363 maddə) aşkarlanmamışdır. Eyni zamanda icra qeydinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə aparılması müəyyənləşdirilmişdir.

26. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

Məhkəmə xərcləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi rədd edilsin.

2. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar