Məhkəmə qərarları › İş №2(011)-3622/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3622/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3622/2025 22.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110.000 (bir yüz on min) manat məbləğində pulun və 400 (dörd yüz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh təxminən 25 ildir ki tanıyır, iddiaçı cavabdehlə qeyri-rəsmi yaxın münasibətdə olmuş, Cavabdeh 160 nömrəli klassik gimnaziyada rəsmxət müəlliməsi işləmişdir. Qeyd etmək istəyir ki, son üç ilədək iddiaçı ilə cavabdehin münasibətləri yaxşı olmuş, Cavabdeh bütün problemlərinin həll olunmasında iddiaçı ona yardımçı olmuş, təxminən 10-15 il Cavabdeh oğlu ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən mənzildə yaşamışdır. Daha sonra, yəni 2016-cı ildə cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən 105 kv.m ölçüdə, 3 otaqlı mənzili 105.000 manata almaq istəmiş, lakin buna pul vəsaiti çatmadığından iddiaçıdan 50.000 manat məbləğində borc pul istəmişdir. Sözügedən mənzilə görə ödənilmiş məbləğin 55.000 manat olan hissəsini isə cavabdeh öz vəsaiti hesabına ödəmişdir. Bundan başqa sözügedən mənzilin təmiri və mənzil üçün bir sıra avadanlıqların alınması üçün də 70.000 manat məbləğində pul vəsaitini iddiaçı borc olaraq cavabdehin xahişi ilə onun əvəzinə ödəmişdir. Bununla da iddiaçının cavadehə borc kimi verdiyi pul məbləği 120.000 manat təşkil edir. Cavabdeh bu borc məbləğini iddiaçıya iki il ərzində hissə-hissə qaytaracağına söz vermişdir. İddiaçı cavabdehin səmimiyyətinə inanıb sözügedən mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmasına etiraz etməmişdir. Daha sonra, 2023-cü ildə cavabdeh iddiaçıya ümumi borc məbləğindən 10.000 manat məbləğində pul qaytarmış, lakin borcun 110.000 manat olan hissəsini isə dəfələrlə iddiaçının etdiyi müraciətlərə baxmayaraq, müxtəlif bəhanələr gətirərək qaytarmaqdan yayınmış, sonda isə iddiaçının telefon zənglərini cavablandırmayaraq, telefon nömrələrini dəyişdirmişdir. Bu səbəbdən iddiaçı aidiyyəti üzrə Bakı şəhər Xətai RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçının ərizəsi əsasında Xətai RPİ-nin İstintaq şöbəsində araşdırma başlanılmışdır. Araşdırma zamanı Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi X2 xx.xx.2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsini rəhbər tutaraq cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Araşdırma zamanı cavabdeh izahat verərək bildirmişdir ki, sözügedən mənzilin təmiri ilə əlaqədar ustaların zəhmət haqqısını, material və avadanlıqların alınması xərclərini iddiaçı ödəmişdir və iddiaçının ödədiyi həmin pul məbləğlərini güya cavabdeh özü iddiaçıya vermişdir ki, onun əvəzindən ödəsin, lakin inandırıcı olmayan bu mövqeyini heç bir sübutla təsdiq edə bilməmişdir. Araşdırma zamanı dəvət olunmuş sözügedən mənzildə təmir işlərini həyata keçirən ustalar - Şahbazov Fərhad Vəkil oğlu, X3, X9, X14 və X6 izahat verərək təsdiq etmişlər ki, onlara gördükləri işə görə zəhmət haqqı kimi pul, təmir üçün materialların və digər avadanlığın alınmasına görə pul İddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şəxsləri - Şahbazov Fərhad Vəkil oğlunu (tel:*** *** ** **), X1 (tel:*** *** ** **), X5 (tel:*** *** ** **), X10 (tel:*** *** ** **) və X4 (tel:*** *** ** **) şahid qismində dəvət edərək dindirilmələri barədə qərardad qəbul edilməsini xahiş edir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. O bildirmişdir ki, tərəflərin uzun illər yaxın münasibətləri olmuşdur. İddiaçı cavabdehə ev almaq üçün borc pul verməyib. Evi cavabdeh öz puluna alıb. Təmir xərclərinə gəldikdə isə, təmiri də cavabdeh iddiaçının deyil öz hesabına edib. Tərəflərin arasından borc münasibətləri olmayıb. Məhkəmə iclas zalında şahid qismində iştirak edən X12 ifadəsində bildirmişdir ki, Cavabdeh ilə 25 ildir ki, ailəvi dostdur. 2017-ci ildə Rəna evini təmir edəndə ondan 10.000 manat məbləğində borca pul götürüb. Sonra pulu ona qaytarıb. Məhkəmə iclas zalında şahid qismində iştirak edən X7 ifadəsində bildirmişdir ki, Cavabdeh ilə 18 ildir ki, rəfiqədirlər. O, 1990-cı illərdən Gündüz Məmmədovu tanıyır. Sonuncu ərinin dostudur. 2016-cı ilin yaz aylarında Rəna xanım ev almışdı və onun təmirə pulu çatmamışdır. Rəna ona müraciət etmişdir və o da ona 10.000 manat pul vermişdir. 2021-ci ildə Rəna pulu qaytarıb. Məhkəmə iclas zalında şahid qismində iştirak edən X9 ifadəsində bildirmişdir ki, İddiaçı ilə dostdurlar, yoldaşdırlar. Özü ustadır, mərmər ustasıdır. O, Gündüzün sifarişi ilə evdə təmir işləri aparıb, evdə mərmər kəsmişdir. Gündüz ona 1.500 manat iş pulu vermişdir. Materialları Gündüz almışdır. Məhkəmə iclas zalında şahid qismində iştirak edən X14 ifadəsində bildirmişdir ki, o, 20 ildir ki, Gündüz müəllimin dostudur. Özü kondisioner ustasıdır. Gündüzün sifarişi ilə yaşayış evinə 3 ədəd kondisioner quraşdırmışdır və onların borularını çəkmişdir. O, buna görə 500 manat əmək haqqı almışdır. 700-800 manat materialların xərci idi. İş materilallarında olan Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X8 Gündüz Akif oğlunun müraciəti əsasında daxil olmuş HK-1-711 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış ünvan 3 ünvanında yaşayan İddiaçı bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır, heç bir yerdə işləmir, əvvəllər məhkum olunmamışdır. Cavabdeh təxminən 20 ildir tanıyır, onunla qeyri-rəsmi yaxın münasibətdə olmuş, Cavabdeh 160 nömrəli klassik gimnaziyada rəsmxət müəlliməsi işləmiş, son üç ilədək onunla münasibətləri yaxşı olmuş, Cavabdeh bütün problemlərinin həll olunmasında köməklik göstərmiş, hətta ona müxtəlif qızıl əşyaları, bahalı geyim paltarları almış və onu bir neçə xarici dövlətlərdə istirahətə aparmış, təxminən 10-15 il Cavabdeh oğlu Mirsalehlə birlikdə ona məxsus ünvan 5 ünvanda yerləşən 7 saylı mənzildə yaşamış, 2016-cı ildə hər ikisinin maddi hesabına Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanda yerləşən 105 kv metrlik 3 otaqlı 224 saylı mənzili 105.000 manata almış, həmin məbləğin 50.000 manatı ona, 55.000 manatını isə Cavabdeh məxsus olmuş, belə ki, Cavabdeh Q.Qarayev prospektində yerləşən bir otaqlı mənzilini 55.000 manata satıb həmin məbləği düzəltmiş, qeyd olunmuş 3 otaqlı mənzili öz şəxsi vəsaiti hesabına «Evro» təmir etdirərək içərisinə bəzi əşyalar almaqla bərabər 70.000 manat da xərc çəkmiş, ancaq Rəna ilə danışıb razılaşdığı kimi həmin mənzili adına rəsmiləşdirmiş və təxminən iki il ərzində Cavabdeh 120.000 manatını qaytaracağına söz vermiş, 2023-cü ildə Cavabdeh həmin məbləğdən cəmi 10.000 manat qaytararaq yerdə qalan 110.000 manatını isə müxtəlif bəhanələr gətirərək verməmiş, sonda isə telefon zənglərini belə cavablandırmayaraq nömrələrini dəyişmiş, hətta Rəna çəkəcəyi xərcin üstündə əlavə qazanc verəcəyinə söz vermişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli mədaxil qəbzin surətindən görünür ki, Cavabdeh məxsus olan ******************** nömrəli hesaba 54.010 manat məbləğində mədaxil olunmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli mədaxil qəbzin surətindən görünür ki, Cavabdeh məxsus olan ******************** nömrəli hesaba 50.000 manat məbləğində mədaxil olunmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli mədaxil qəbzin surətindən görünür ki, Cavabdeh məxsus olan ******************** nömrəli hesabdan 104.000 manat məbləğində məxaric olunmuşdur. İş materiallarında olan Cavabdeh (“Satıcı”) ilə X11 (“Alıcı”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” Cavabdeh ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 28,9 kv.m olan mənzili 50.000 manat müqabilində “Alıcıya” satmışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddia tələblərində göstərilmiş pul tələbi 3.000 manatdan yuxarı borc məbləği ilə bağlı olduğundan, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.2-ci maddəsi (əsassız varlanma) təşkil edir. Belə ki, iddiaçı tərəflər arasında şifahi borc münasibətlərinin yarandığını, onun cavabdehə müxtəlif vaxtlarda ev almaq üçün 50.000 manat və həmin evi təmir etmək üçün 70.000 manat pul verdiyini; cavabdehin evin alınması üçün aldığı borcdan 10.000 manat qaytardığını, qalan məbləğin isə borclu qaldığını bildirmişdir. Təmir xərcləri ilə bağlı iddiaçı qeyd etmişdir ki, o cavabdehin göstərişi ilə sonradan pulunun geri qaytarılması şərti ilə öz hesabına təmir üçün 70.000 manat pul vəsaiti xərcləmişdir, cavabeh isə razılaşmanı pozaraq onun təmirə xərclədiyi və borc aldığı pulları geri qaytarmamışdır. Bununla da iddiaçı cavabdehdən 110.000 manat pul vəsaitinin öz xeyrinə tutulmasını xahiş etmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, tərəflərin əvvəlki münasibətləri qarşılıqlı etibar əsasında qurulmuşdur, daha sonra isə pisləşmişdir. Tərəflərin arasında cavabdehin mənzilinin alınması və təmiri ilə bağlı yaranmış münasibətlərin dəqiq məzmunu iş materialları ilə müəyyən olunmur. Belə ki, iddiaçı evin alınması və təmiri üçün şəxsi vəsaitlərini verdiyini qeyd etsə də, cavabdeh evin alınması və təmirini öz hesabına etdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin 2017-ci ildə mənzil alaraq, sonradan onu təmir etməsi işin mübahisəsiz halı olduğu halda, həmin evin alınması üçün iddiaçının cavabdehə 40.000 manat məbləğində qaytarılmamış borc verməsi, həmçinin cavabdehin tapşırığı ilə pulunun qaytarılması şərti ilə öz hesabına mənzili təmir etdirməsi - iş materialları ilə sübuta yetirilmir. Belə olduğu halda məhkəmə aparılmış təmirə sərf edilmiş vəsaitlərin ümumi dəyərinin yoxlamır. İş materiallarını araşdıraraq və şahid ifadələrini tədqiq edərək, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar irəli sürülmüş iddia tələbinin əsaslılığını təsdiq etmədiyindən, cavabdehin iddiaçının hesabına əsassız varlanması halı da öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, istər hazırki məhkəmə araşdırması zamanı, istərsə də polis orqanlarında aparılmış araşdırma zamanı iddiaçının cavabdehin tapşırığı ilə öz hesabına sonuncunun xeyrinə işlər görməsi və sonuncuya borc verməsi öz təsdiqini tapmır. Belə olduğu halda, cavabdehin iddiaçının hesabına varlanması halı təsdiq edilmədiyindən, iddia tələbləri təmin edilməməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı 110.000 (bir yüz on min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı 110.000 (bir yüz on min) manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar