Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3623/2020 24.07.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İlyasova Nigar Mürşüd qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan 14.09.2007-ci il təvəllüdlü Ağaliyev Murad Mahir oğlu və 22.03.2009-cu il təvəlüdlü Ağaliyev Emil Mahir oğlunun saxlanılması üçün, onlar yetkinlik yaşına çatanadək cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 170 manat, cəmi 340 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 07.12.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin qətnamə ilə tərəflərin birhə nikahdan doğulmuş 14.09.2007-ci il təvəllüdlü Ağaliyev Murad Mahir oğlu və 22.03.2009-cu il təvəllüdlü Ağaliyev Emil Mahir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 117 manat, ümumilikdə 234 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqlar da atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağı təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı aliment miqdarının artırılması barədə iddia ərizəsi ilə müraciət etmək məcburiyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hal-hazırda o, “xxxxxxxxx” MMC şirkətində usta vəzifəsində işləyir və onun əmək haqqı 701 manat təşkil edir. O, həmçinin yataq xəstəsi olan anasında da baxır. Maddi imkanı olmadığından alimentin məbləği artırıldığı təqdirdə ödəyə bilməyəcək. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.12.2016-cı il tarixli 2(003)-4966/2016 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 16.12.2006-cı ildə “Səadət Sarayı”-nda bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 4357 sayla qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 14.09.2007-ci il təvəllüdlü Ağaliyev Murad Mahir oğlu və 22.03.2009-cu il təvəlüdlü Ağaliyev Emil Mahir oğlunun analarının yanında qalması, 03.08.2016-cı il tarixdən başlayaraq 14.09.2007-ci il təvəllüdlü Ağaliyev Murad Mahir oğlu və 22.03.2009-cu il təvəlüdlü Ağaliyev Emil Mahir oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. AZ-İ seriyalı 273696 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”yə əsasən Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmişdir, bu barədə 26.04.2018-ci il tarixli 84 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah ləğv olunandan sonra qadına Ağaliyeva soyadı verilmişdir. AZ-İİ seriyalı, 607938 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən, Ağaliyev Murad Mahir oğlu 14.09.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. AZ-İİ seriyalı, 298071 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən, Ağaliyev Emil Mahir oğlu 22.03.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. “xxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş 25.06.2020-ci il tarixli, 0935 nömrəli arayışdan görünür ki, Cavabdeh “xxxxxxxxx” MMC-də 01.03.2013-cü il tarixdən işləyir və onun əmək haqqı 701 manat təşkil edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” 29 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Lakin, tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin onların maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay, hər uşaq üçün 140 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07.12.2016-cı il tarixli 2(003)-4966/2016 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 14.09.2007-ci il təvəllüdlü Ağaliyev Murad Mahir oğlu və 22.03.2009-cu il təvəllüdlü Ağaliyev Emil Mahir oğlu yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay, hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat məbləğində sabit pul şəkilində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3623/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3623/2020
24.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver