Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3623/2023 05.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: Kreditor QSC “Bank Standard” KB kreditin, ona hesablanmış faizlərin qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh QSC “Bank Standard” KB-nin xeyrinə 1.565,69 manat əsas, 227 manat faiz borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 21 yanvar 2015-ci il tarixdə borclu Cavabdeh cəmi 1.565,69 manat əsas, 227 manat faiz borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutularaq kreditor QSC “Bank Standard” KB-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. Məhkəmə əmrindən borclu etiraz vermiş və məhkəmənin 18 aprel 2023-cü il tarixli qərardadı ilə məhkəmə əmri ləğv edilərək iş materialları iddia icraatına keçirilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh əmrdə göstərilən məbləğlə razı deyil. O, dəfələrlə banka ödənişlər etmiş, lakin çıxarılmış əmrdə onun etdiyi ödənişlər öz əksini tapmamışdır. Onun hazırda banka heç bir borcu yoxdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 verdiyi izahatda bankın sistemi üzrə cavabdehin borcunun olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 08 oktyabr 2013-cü il tarixdə kredit verilməsi haqqında 1xx/xx/91600/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1.739 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka borcu qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 21 yanvar 2015-ci il tarixdə borclu Cavabdeh 1.565,69 manat əsas, 227 manat faiz borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin kreditor QSC “Bank Standard” KB-yə ödənilməsi barədə məhkəmə əmri verilmişdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, Cavabdeh 08 oktyabr 2013-cü il tarixli müqavilə əsasında ləğv prosesində olan QSC “Bank Standard” KB-yə borcu tam ödənilmişdir, borc üzrə sonuncu ödəniş 10 fevral 2014cü il tarixində edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşə baxan məhkəmənin mövqeyi: İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirmişdir. Belə ki, cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, o, 08 oktyabr 2013-cü il tarixli müqavilə əsasında iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir. Müqavilə üzrə sonuncu ödənişi 10 fevral 2014-cü il tarixdə etmişdir. Məhkəmə cavabdehin dəlilinə qiymət verərək və iş materiallarını araşdıraraq belə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etdiyinə görə iddia rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı - borclu Cavabdeh QSC “Bank Standard” KB-nin xeyrinə 1.565,69 manat əsas, 227 manat faiz borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-3623/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3623/2023
05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver