Məhkəmə qərarları › İş №2(011)-3636/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3636/2021

16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3636/2021 16.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Mehrəliyev Sərdar Bəşərəddin oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı ASC borclu Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 197,83 manat əsas borc, 20,95, faiz borcu, 91,03 manat cərimə və 4,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 314,76 manat borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 27.10.2018-ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” bank olmayan kredit təşkilatından illik 35% olmaqla 24 ay müddətinə 1470 manat məbləğində kredit götürmüşdür. “FİNtrend” bank olmayan kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 352 saylı 10.05.2018-ci il tarixli 004 №-li müqaviləyə 06.11.2018-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” bank olmayan kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələbetmə hüququ “xxxx” İKB ASC-yə ötürülmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş, nəticədə cavabdehin banka 26.02.2021-ci il tarixə 197,83 manat əsas borc, 20,95 faiz borcu, 91,03 cərimə olmaqla, cəmi 309,81 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddianın qiyməti iki min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “FİNtrend” BOKT ilə Cavabdeh arasında bağlanmış 27.10.2018-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc alana illik 35% olmaqla 24 ay müddətinə 1470 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 26.02.2021-ci il tarixə Banka 197,83 manat əsas borc, 20,95, faiz borcu, 91,03 manat cərimə,27.10.2020-ci il tarixdən 26.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4.95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 314,76 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Kiçik iddiaya dair ərizə təmin edilsin. Cavabdeh 197,83 manat əsas borc, 20,95, faiz borcu, 91,03 manat cərimə və 4,95 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 314,76 (üç yüz on dörd manat yetmiş altı qəpik) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar