Məhkəmə qərarları › İş №2(011)-364/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-364/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-364/2021 01.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 43.188,99 ABŞ dolları məbləğində əsas, müqavilənin bitdiyi tarixə hesablanmış 6.699,25 ABŞ dolları məbləğində faiz, 6.699,25 ABŞ dolları məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4.248 ABŞ dolları borc olmaqla, cəmi 60.835,49 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2017-ci il tarixli 006T04170006 nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC tərəfindən illik 8 faizlə 102.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin müddəti xx xxxx 2018-ci il tarixdə bitmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx xxxx 2020-ci il tarixədək cavabdehin banka 43.188,99 ABŞ dolları məbləğində əsas, müqavilənin bitdiyi tarixə hesablanmış 6.699,25 ABŞ dolları məbləğində faiz, 6.699,25 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4.248 ABŞ dolları borc olmaqla, cəmi 60.835,49 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx xxxxx 2017-ci il tarixli 006T04170006 nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC tərəfindən illik 8 faizlə 102.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit xətti müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə cavabdehdən tutulmalı olan əsas borcun və faiz borcunun məbləğini müəyyən edərkən belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehə kredit xətti açılarkən müqavilənin təminatı olaraq cavabdehin iddiaçı bankda mövcud olan əmanət hesabındakı vəsait çıxış etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin iddiaçı bankda 900.000 ABŞ dolları məbləğində “göy əmanət” bank əmanəti hesabı mövcud olmuşdur. İş üzrə tərəflərin təqdim etdiyi sənədlərdən görünür ki, bank bağlandıqdan sonra cavabdehə bankdakı əmanəti banka olan borcu çıxıldıqdan sonra geri ödənilmişdir. Belə ki cavabdehə 900.000 ABŞ dolları əmanətdən 705.966,12 ABŞ dolları qaytarılmış, 195.96,12 ABŞ dolları isə cavabdehin iddiaçı banka olan iki kredit xətti müqaviləsi üzrə icra edilməmiş öhdəliyi cəm şəkildə tutulmuşdur. Məhkəmə qanunvericilik normalarına əsaslanaraq belə hesab edir ki, qanunun mənasına görə, cərimə borcu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda tutulmalı olan pul məbləğidir. Hazırkı mülki iş üzrə məhkəmə cavabdeh olan borclu tərəfindən öhdəliyin lazımınca icra edilməməsi halını aşkar etmədiyindən cərimə tələbi hissəsində iddianı əsassız hesab etməklə rədd edilməli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 4.248 ABŞ dolları borcun tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qanunun mənasından irəli gələrək məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə məhkəmə Cavabdeh tərəfindən öhdəliyin gecikdirilməsi halını aşkar etmədiyindən həmin hissədə də iddia əsassız hesab edilməklə rədd edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, cavabdehdən 43.188,99 ABŞ dolları əsas, 6.699,25 ABŞ dolları faiz borcu olmaqla, cəmi 49.888,24 ABŞ dolları pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan və iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənildiyindən Cavabdeh 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 43.188,99 (qırx üç min yüz səksən səkkiz dollar doxsan doqquz sent) ABŞ dolları əsas, 6.699,25 (altı min altı yüz doxsan doqquz dollar iyirmi beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 49.888,24 (qırx doqquz min səkkiz yüz səksən səkkiz dollar iyirmi dörd sent) ABŞ dolları pul vəsaiti ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar