Məhkəmə qərarları › İş №2(011)-365/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-365/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-365/2021 22.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC–nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 10512,18 ABŞ Dolları məbləğində kredit borcu, 9505,81 ABŞ Dolları məbləğində faiz borcu və 8451,51 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 28469 ABŞ Dolları 50 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi G.Ə.İsmayılova iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə 29.08.2008-ci il tarixdə bağladığı 02L000003548 saylı kredit xətti müqaviləsi əsasında 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır, tərəflər arasında bağlanmış 21.01.2015-ci il tarixli 02L000003548S saylı sazişə əsasən kredit xətti müqaviləsinin 197 ay, məbləği 100000 ABŞ dolları müəyyən edilmişdir, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət kredit razılaşması ilə müəyyən olunması nəzərdə tutulmuşdur, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.01.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür, tərəflərin imzaladıqları 31.03.2015-ci il tarixli 002R**********S saylı, 21.04.2015-ci il tarixli 002R**********SA saylı, 08.09.2015-ci il tarixli 002R**********SB saylı, 16.12.2015-ci il tarixli 002R**********SC saylı, 31.03.2016-cı il tarixli 002R**********SD saylı, 21.06.2017-ci il tarixli 002R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir, cavabdeh, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, həmçinin kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 23.07.2018-ci il tarixdən banka qaytarmamışdır, cavabdeh götürdüyü kredit borcundan 9487,82 ABŞ dolları ödəniş etmiş və onun 10512.18 ABŞ dolları məbləğində kredit borcu qalmışdır, kredit müqaviləsinin 2.2cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır, bir gün üçün faiz həmin kredit müqaviləsinin 2.2ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır, qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 08.05.2020-ci il tarixə 655 gün üçün hesablanmış faiz borcu 9505,81 ABŞ dolları təşkil edir, həmin faiz borcu kredit müqaviləsinin qüvvədə olduğu dövr üzrə faiz borcunu ehtiva edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir, kredit müqaviləsi üzrə 08.05.2020-ci il tarixə 655 gün üçün hesablanmış cərimə 8451.51 ABŞ dolları təşkil edir. G.Ə.İsmayılova həmçinin bildirdi ki, kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir, yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər, onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmənin 22.02.2021-ci il tarixli iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onalar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 29.08.2008-ci il tarixli 02L000003548 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə, 20000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.01.2015ci il tarixli 002R********** saylı kredit razılaşmasından görünür ki, 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 21.01.2015-ci il tarixli 02L000003548S saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh1 arasında 29.08.2008-ci il tarixdə bağlanmış 02L000003548 saylı Uzunmüddətli kredit müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi ilə bağlı saziş imzalanmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 21.06.2017-ci il tarixli 002R**********SE saylı saziş bağlanmışdır. Sazişə əsasən 29.08.2008-ci il tarixli 02L000003548 saylı kredit xətti müqaviləsi üzrə 21.01.2015-ci il tarixdə bağlanmış 002R********** Kredit razılaşması əsasında Kredit Alan verilmiş kreditin qalıq məbləğini və ona hesablanmış faizləri bu Sazişə əlavə olunan Ödəniş Planına uyğun olaraq Banka ödənilməsi müəyyənləşdirilmişdir. İş materiallarında olan 31.03.2015-ci il tarixli 002R**********S saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş Planına dəyişiklik edilməsi ilə bağlı saziş imzalanmışdır. İş materiallarında olan 21.04.2015-ci il tarixli 002R**********SA saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş Planına dəyişiklik edilməsi ilə bağlı saziş imzalanmışdır. İş materiallarında olan 08.09.2015-ci il tarixli 002R**********SB saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş Planına dəyişiklik edilməsi ilə bağlı saziş imzalanmışdır. İş materiallarında olan 16.12.2015-ci il tarixli 002R**********SC saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş Planına dəyişiklik edilməsi ilə bağlı saziş imzalanmışdır. İş materiallarında olan 31.03.2016-cı il tarixli 002R**********SD saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş Planına dəyişiklik edilməsi ilə bağlı saziş imzalanmışdır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 002R********** saylı 21.01.2015-ci il tarixli kredit razılaşması üzrə 10512.18 ABŞ Dolları əsas məbləğ üzrə borc, 9505,81 ABŞ Dolları faiz üzrə borc, 8451.51 ABŞ Dolları cərimə borcu, gecikdirilən günlərin sayı 655 gün, cəmi 28469,5 ABŞ Dolları borc təşkil edir. İş materiallarında olan 16.04.2012-ci il tarixli 02S000016787 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.01.2015-ci il tarixli 002S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh4 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 25.04.2014-cü il tarixli 02S000024233 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əlavə olaraq İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə borc alanla eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.01.2015-ci il tarixli 02S000024233S saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh2 arasında 25.04.2014-cü il tarixdə bağlanmış 02S000024233 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi ilə bağlı saziş imzalanmışdır. Uzunmüddətli kredit müqaviləsinin məbləği 100.000 ABŞ dolları, Uzunmüddətli kredit müqaviləsinin müddəti 197 ay müəyyən edilmişdir. İş materiallarında olan 21.01.2015-ci il tarixli 02S000016787S saylı Sazişdən görünür ki, İddiaçı QSC-nın “Babək” filialı ilə Cavabdeh3 arasında 16.04.2012-ci il tarixdə bağlanmış 02S000016787 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələrin edilməsi ilə bağlı saziş imzalanmışdır. Uzunmüddətli kredit müqaviləsinin məbləği 100.000 ABŞ dolları, Uzunmüddətli kredit müqaviləsinin müddəti 197 ay müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvanlanmış 07.10.2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, tərəflər kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə bu məqsədlə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22.12.2020-ci il tarixli, 9/4913 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 21.01.2015-ci il tarixli, 002R********** saylı kredit razılaşması, 31.03.2015-ci il tarixli “Saziş”; 21.04.2015-ci il tarixli “Saziş”; 08.09.2015-ci il tarixli “Saziş”; 16.12.2015-ci il tarixli “Saziş”; 31.03.2016-cı il tarixli “Saziş”; 21.06.2017-ci il tarixli “Saziş”;-də qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 21.05.2015-ci il tarixə İddiaçı QSC-nə olan borcu 13351,19 ABŞ dolları, faiz borcu üzrə 3679,64 ABŞ dolları, 21.05.2019-cu il tarixə İddiaçı QSC-nə olan borcu 10549,92 ABŞ dolları, faiz borcu üzrə 6847,37 ABŞ dolları, 08.05.2020-ci il tarixə İddiaçı QSC-nə olan borcu 10549,92 ABŞ dolları, faiz borcu üzrə 6847,37 ABŞ dolları, faiz borcu (5%) üzrə 508,49 ABŞ dolları müəyyən edilir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında kredit müqavilələri imzalanmışdır, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində zamin durmuşlar, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və müqavilə şərtlərini pozaraq ödəməli olduğu vəsaitləri banka qaytarmamışdır, bank tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmişdir, Bununla belə, cavabdehlərin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, əsas borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə həmin məbləğ barədə ekspertin nəticəsi ilə razılaşmayaraq iddianı idda ərizəsində göstərdiyi 10512.18 ABŞ dolları həddində müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc məbləği 10512.18 ABŞ dolları həddində müəyyən edilməlidir. Məhkəmə, ekspert rəyini sübut kimi qəbul edərək, iddia tələbi üzrə hesablanmış faiz borcunu, həmin rəyin nəticə hissəsində hesablanmış 6847,37 ABŞ dolları məbləği həddində müəyyən edir. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 500 ABŞ dolları məbləği həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cüil tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10512.18 ABŞ dolları əsas borc, 6847,37 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 17859 ABŞ dolları 55 sent məbləğində kredit borcu alınaraq İddiaçı QSC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu qismində ödənilmiş 30 manat və ekspertizanın dəyərini təşkil edən 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada aid edilməli, onlardan 30 manat alınaraq iddiaçıya, 100 manat məbləğində pul isə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ( Büdcə təsnifat kodu:142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Əlı̇ yev Tahı̇ r Mürsəl oğlundan, Cavabdeh2 Dərdaı̇ l oğlundan, Əlı̇ yev Tural Tahı̇ r oğlundan və Cavabdeh4 Hı̇ dayət oğlundan müştərək qaydada ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə 10512,18 ABŞ doları əsas borc, 6847,37 ABŞ dolları faiz borcu və 500 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 17859 (on yeddi min səkkiz yüz əlli doqquz) ABŞ dolları 55 (əlli beş) sent məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul məbləği alınaraq "İddiaçı” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul məbləği Əlı̇ yev Tahı̇ r Mürsəl oğlundan, Cavabdeh2 Dərdaı̇ l oğlundan, Əlı̇ yev Tural Tahı̇ r oğlundan və Cavabdeh4 Hı̇ dayət oğlundan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində,Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar