Məhkəmə qərarları › İş №2(011)-3650/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3650/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3650/2025 20.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 (bir min) manat və dövlət rüsumu üçün ödənilmiş 31 (otuz bir) manat, cəmi 1031 (bir min otuz bir) manat məbləğində pulun alınaraq iddiaçı X1 verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh (şaxsiyyət vəsiqəsi: AZE 4188313) xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh səmimiliyinə inanaraq ona 2023-cü ildə borca 1000 (min) manat pul vermişdir, Cavabdeh hərbiçi kimi tanımışdır və aralarında dostluq münasibəti yarandığından ona inanaraq borca qeyd olunan məbləğdə pulu vermişdir. Cavabdeh bundan əvvəl ondan müxtəlif vaxtlarda və müxtəlif məbləğdə borca pul alsa da vaxtında qaytarmışdır. Lakin sonradan Cavabdeh ondan 1000 (min) manat borca pulu alsa da, hazırki vaxtadək qaytarmamışdır. Cavabdeh ondan 1000 (min) manat pul borca alarkən öz xətti ilə rəsmi qəbz yazaraq vəd vermişdir ki, bir neçə aya borcunu qaytaracaqdır. İddia ərizəsinə əlavə etdiyi qəbzin əslindən göründüyü kimi Cavabdeh ondan 1000 (min) manat borca pula alıb. Cavabdeh aralarında yaranmış dostluq münasibətindən sui- istifadə edərək onu aldadaraq, aldıqları borc pulu tezliklə qaytaracağı barədə dəfələrlə yalan vədlər verərək borca aldığı pulu bu günə kimi qaytarmamışdır. Dəfələrlə onun istifadəsində olan (050) ***-**-** mobil nömrəsinə zəng vurub əlaqə yaratmaq istəsə də, zənglərinə cavab verməmiş və bilərəkdən yayınmışdır. Hazırda Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yüksək pensiya alır. Göründüyü kimi Cavabdeh N. Rəhimov yüksək pensiya alır və ona olan borcunu ödəməyə imkanı var. Dəfələrlə cavabdehlə əlaqə saxlamağa çalışsamda, heç bir müsbət nəticə verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı tələb etdiyi 1000 manat məbləğdən 402 manatını ödəmişdir, 598 manat borcu qalıb, təqdim etdiyi iki ədəd qəbzdən də görünür ki, müxtəlif vaxtlarda hər dəfə 201 manat olmaqla iddiaçının bank hesabına, ümumilikdə 402 manat pul köçürmüşdür, həmin məbləği iddiaçının bank hesabına köçürüb, bu barədə ididaçının ***- ***-**-** nömrəsinə məlumat göndərilmiş, qeyd olunan **********397071 nömrəli bank hesabının iddiaçıya məxsus olması da onun telefondan iddiaçıya məxsus telefona göndərilmiş məlumatda göstərilib, iddiaçı faizə pul verir, lakin o, iddiaçıdan faizə deyil, borca pul alıb, həmin məbləğləri də hissə-hissə ödəyir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir, bununla belə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan əl yazısı ilə icra olunmuş borc vərəqəsində “Mən Cavabdeh xx.xx.1982-ci ildə Şəki şəhərində anadan olmuşam, İddiaçı 1000 (min) manat aldım. Bir neçə aya qaytarmağa söz verdim” imza əks olunmuşdur. İş materiallarında olan ödənişə dair çıxarışlardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023 vəxx.xx.2023-cü il tarixlərində **********397071 saylı kart hesabın 201 manat olmaqla, 402 manat pul vəsaiti köçürlümşüdür. Məhkəmə iclasında baxış keçirilmiş telefondan görünür ki, Vəliyəddin Əzizova məxsus ***-***-**-** mobil nömrəsinə pul vəsaitlərinin Əzizov Vəliyyəddin **********397071 hesabına ödənilməsi ilə bağlı qəbz şəkilləri göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 31 manat məbləğində pul ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, cavabdeh ilə iddiaçı arasında sonuncunun cavabdehə 1000 manat məbləğində borc verməsinə və həmin borcun cavabdeh tərəfindən bir neçə ay ərzində qaytarılmasına dair razılıq imzalanmışdır, həmin sənəd iddiçı tərəfindən məhkəməyə təqdim edilmişdir, cavabdeh məhkəmə iclasında həmin borcu götürdüyünü, lakin həmin məbləğdən 402 manat ödəniş etdiyini bildirmişdir, cavabdeh tərəfindən təqdim edilmiş sübutlardan qeyd olunan vəsaitin (402 manat) iddiaçıya məxsus bank hesabına köçürüldüyü görünür. Bununla belə, cavabdeh tərəfindən alınmış pul vəsaitinin qaytarılmasını, onun mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçıdan 1000 manat borc məbləğini aldığından və həmin məbləğdən 402 manatı qaytardığından, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 598 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 598 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (598 manat) nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 31 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 598 (beş yüz doxsan səkkiz) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 31 (otuz bir) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar