Məhkəmə qərarları › İş №2(011)-3664/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3664/2023

25.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3664/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay hər uaşağa görə 220 manat olmaqla 440 manat məbləğində alimentin təyin edilməsi, X3na hər ay xəstəliyi ilə bağlı loqopedik və psixoloji yardım üçün sərf edilən 500 manat məbləğin yarı hissəsinin (hər ay 250 manat olmaqla), eləcə də oğlu X6 hazırlıq kurslarının xərclərinə cavabdehin cəlb edilməsi və bunun üçün ondan cəmi 825 manat pulun tutulması, məhkəmə xərcləri olaraq 53 manat mediasiya xərci və 50 manat hüquqi yardım üçün ödənilmiş pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 19 aprel 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 29 sentyabr 2009-cu il təvəllüdlü X7 və 04 oktyabr 2010-cu il təvəllüdlü X8 anadan olmuşdur. Xətai Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(011)-3320/2018 saylı qətnaməsi ilə tərəflər arasında 19 aprel 2008-ci il tarixdə qeydə alınmış nikahın pozulması, uşaqların iddiaçının yanında saxlanılması və hər uşağa görə 117 manat alimentin tutulması qət edilmişdir. X3 02 avqust 2022-ci il tarixdən X11 Mərkəzində korreksion-pedaqoji seanslar alır, loqo nevroz (kəkələmə) təyinatı üzrə həftədə 3 dəfə olmaqla loqopedik və psixoloji seanslar təyin edilmişdir. İddiaçı mərkəzə aylıq 500 manat xidmət haqqı ödəyir. Bundan başqa, oğlu X8 2020-ci ilin sentyabr ayından ayda 150 manat olmaqla bu günə qədər 1.050 manat ödənilməklə hazırlıq kurslarına cəlb edilmişdir. Bundan sonra əlavə ödəniləcək olan məbləğ 600 manatdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, verdiyi izahatında bildirdi ki, onun aylıq gəliri 350 manatdır və hazırda çalışdığı müəssisə fəaliyyətini dayandırıb, bundan əlavə hər ay ümumilikdə 308 manat aliment ödəyir. Hazırda verilmiş iddianın həm alimentin artırılması, həm də əlavə xərclərlə bağlı hissəsi ilə razılaşmır. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdehin rəsmi nikah münasibətlərindən 29 sentyabr 2009-cu il təvəllüdlü X7 və 04 oktyabr 2010-cu il təvəllüdlü X8 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın yanında saxlanılması və onlar yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 manat olmaqla, ümumilikdə 234 manat alimentin İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(011)-3320/2018 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 154 manat olmaqla ümumilikdə 308 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materialları əsasında müəyyən edilmişdir ki, X7 02 avqust 2022-ci il tarixdən etibarən X9 Mərkəzi (fiziki şəxsdə) korreksion-pedaqoji seanslar alır. Loqo-nevroz (kəkələmə) təyinatı üzrə loqopedik və psixoloji seanslar aparılır. Aylıq xidmət haqqı 500 manat müəyyən edilib. İş materiallarından görünür ki, X2 ayından bu günə kimi ödənişi 150 manat olmaqla “Master School” Tədris Mərkəzində dərs alır. Kura 1.050 manat ödəniş edilmişdir. Hazırlıq kursu il sonuna qədər davam edəcək və ödəniləcək məbləğ 600 manat olacaq. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 42-ci maddənin 2-ci bəndinə əsasən, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 19.18-ci maddəsinə əsasən tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı tərəf cavabdehin vəziyyətinin yaxşılaşması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin cavabdehin özü də maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə araşdırması azamanı müəyyən edilmişdir ki, cavabdeh əmlak qiymətləndirilməsi şirkətində direktor vəzifəsində çaışmış və məhz məhkəmənin gedişatında əmək müqaviləsinə xitam verilmişdir. Onun işsiz olması aliment məbləğinin artırırlmasına maneə deyildir. Odur ki, məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın həmin hissədə təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X7 loqo-nevroz (kəkələmə) xəstəliyindən əziyyət çəkir və bu səbəbdən onunla psixoloji və loqopedik seanslar aparılır. Həmin seanslar 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr, yanvar və fevral aylarında həyata keçirilmiş və həmin seanslara görə iddiaçı tərəfindən hər ay 500 manat olmaqla, ümumilikdə 3.000 manat ödəniş edilmişdir. İddiaçı həm bu günə qədər aparılan seanslar üzrə ödənilmiş, həm də gələcəkdə ödəniləcək məbləğlərin yarı hissəsinin cavabdehdən tutulmasını xahiş etmişdir. Qanunvericiliyin tələblərinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilib iddiaçı tərəfindən bu günə qədər sərf edilmiş məbləğlərin yarısı tutulmalıdır. Belə ki, gələcəkdə də bu seansların keçiriləcəyi, hansı əsaslarla keçiriləcəyi halı qeyri-müəyyən olduğundan iddia bu hissədə təmin edilə bilməz. Bu səbəbdən cavabdeh iddiaçının X1 ilə bağlı çəkdiyi əlavə xərclərə cəlb edilməli, iddiaçının çəkdiyi xərclərin yarısı olan 1.500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin digər uşağı olan X6 hazırlıq kurslarının xərclərinə cavabdehin cəlb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasında təhsil pulsuzdur. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 19.18-ci maddəsinə əsasən tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Qeyd olunanlar məhkəmədən belə qənaətə gəlməyə əsas verir ki, dövlət tərəfindən müəyyən edilmiş təhsil standartlarından əlavə olaraq iddiaçının öz seçimi əsasında övladının təhsili üçün çəkdiyi xərclər əlavə xərc olaraq cavabdehdən tələb edilə bilməz. Bu səbəbdən məhkəmə iddia tələbinin həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(011)-3320/2018 saylı qətnaməsi əsasında 29 sentyabr 2009-cu il təvəllüdlü X4 və 04 oktyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 29 sentyabr 2009-cu il təvəllüdlü X4 və 04 oktyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulmalı, eyni zamanda 29 sentyabr 2009-cu il təvəllüdlü X4 loqopedik və psixoloji seansları üçün iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 3.000 manat məbləğində vəsaitin yarısı olan 1.500 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(011)-3320/2018 saylı qətnaməsi əsasında 29 sentyabr 2009-cu il təvəllüdlü X4 və 04 oktyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 29 sentyabr 2009-cu il təvəllüdlü X4 və 04 oktyabr 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. 29 sentyabr 2009-cu il təvəllüdlü X4 loqopedik və psixoloji seansları üçün iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 3.000 manat məbləğində vəsaitin yarısı olan 1.500 (bir min beş yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar