Məhkəmə qərarları › İş №2(011)-3666/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3666/2023

23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3666/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 190 manat olmaqla, ümumilikdə hər ay 570 manat alimentin tutularaq ona verilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan rəsmi nikah Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə pozulmuş və xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə 140 manat, ümumilikdə hər ay 420 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda işləmədiyindən uşaqları maddi cəhətdən təmin edilməsi onun üçün çətindir. Cavabdeh müəyyən olunmuş alimenti vaxtında ödəmir. İnflyasiya nəticəsində uşaqlar üçün yaşayış minimumunun məbləği artmışdır. Cavabdehlə mübahisənin qarşılıqlı həlli üçün 10 saylı Mediasiya təşkilatına elədiyi müraciət cavabdehin etirazından həllini tapmamışdır. Cavabdehdən hər uşağa görə 190 manat olmaqla, üç uşağa görə 570 manat aliment tələb edir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələblərinə etiraz edərək bildirmişdir ki, alimentin məbləğinin artırılmasına etiraz edir. O, məhkəmədən iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5138/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan MŞB/10-00158 nömrəli, 13 aprel 2023-cü il tarixli Bakı 10 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2021-ci il tarixində xitam edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 “valideynləri” qrafasında atası “Cavabdeh”, anası isə “İddiaçı” göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında mövcud olmuş nikah münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X7 anadan olmuşlar. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında olan nikah münasibətləri artıq pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5138/2021 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindiyi gündən xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat pul məbləğində alimentin tutulması müəyyənləşdirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşaqların saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası AM-nin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi icraya yönəldikdən sonra, tərəflərin birgə nikahlarından olan uşaqları böyümüş, ölkədə iqtisadi vəziyyət dəyişmiş, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu artmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı yenidən aliment məbləğinin müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşağa görə 190 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessial Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində artırılmış ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində həmin ödəmənin məcmusu 1.800 manat təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5138/2021 saylı xx.xx.2021 tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 570 (beş yüz yetmiş) manat məbləğində sabit pul şəkilində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar