Məhkəmə qərarları › İş №2(011)-3667/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3667/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3667/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan anadan olmuş övladları 11 aprel 2012-ci il təvəllüdlü X12, 03 mart 2013-cü il təvəllüdlü X8 18 yaşına çatanadək hər ay onun xeyrinə hər bir uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində aliment artırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.H.Musayeva iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Binəqədi rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında olan rəsmi nikah pozulmuşdur, birgə nikahdan 11 aprel 2012-ci il təvəllüdlü X12 və 03 mart 2013-cü il təvəllüdlü X15 adlı iki yetkinik yaşına çatmayan uşaqları var, özü iddiaçının anasıdır, qızı iki dəfə ailə həyatı qurmuşdur, hazırki yoldaşı veterandır, o, 80 manat müavinət alır, iki uşaqla dolana bilmirlər, cavabdeh isə işləyir, ərəbləri gəzdirir, “Vito” markalı maşın sürür, tərəflər 2014-cü ildən boşanmışdırlar, amma həmin tarixdən cavabdeh bir dəfə də olsun ata kimi qapını döyüb, uşaqlara nəsə alıb gətirməmişdir, yaşayış minimumu bir uşağa görə 220 manat müəyyən olunmuşdur, həmin məbləğdə aliment tutulmasını istəyir. Sonda iddiaçının nümayəndəsi M.H.Musayeva iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.M.Mehdiyev izahatında bildirmişdir ki, tərəflər arasındakı rəsmi nikah pozulmuşdur, onların birgə nikahdan 11 aprel 2012-ci il təvəllüdlü X12 və 03 mart 2013-cü il təvəllüdlü X15 adlı iki uşaqları var, uşaqlar ananın yanındadırlar, özü cavabdehin atasıdır, oğlu işləyəndə əvvəlcə hər uşağa görə 105 manat aliment vermişdir, ikinci dəfə isə hər uşağa görə 154 manat aliment müəyyən olunmuşdur, həmin alimenti özü ödəyir, oğlu taksi fəaliyyəti ilə məşğuldur, ümumilikdə 350 manat aliment verə bilər, özü nəvələrinə baxacaqdır, qanunla əmək haqqından nə qədər məbləğ düşürsə, o qədərini verəcəkdir, həmçinin avtomobili satıb, həyət evi almışdır, həmin evi digər oğlu Əlinin adına almışdır, amma evdə oğlu Xəyal yaşayır, iddiaçı ikinci dəfə ailə həyatı qurmuşdur, onun yoldaşı da uşaqlara baxa bilər. Sonda cavabdehin nümayəndəsi F.M.Mehdiyev qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 fevral 2018ci il tarixli 2(011)-1888/2018 saylı Qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, aliment miqdarı artırılaraq, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 11 aprel 2012-ci il təvəllüdlü X12, 03 mart 2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 154 manat alimentin X3 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 883067 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 11 aprel 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası X4r. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 058367 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 03 mart 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası X4r. İş materiallarında olan Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 237957 saylı “nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, X9 və Cavabdeh arasında bağlanmış nikah ləğv edilmişdir, bu barədə xx.xx.2014-cü il tarixdə “416” № ilə akt qeydləri kitabında qeyd edilmişdir. İş materiallarında olan Bakı 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş, iddiaçı mediasiya sessiyasının iştirak edilməsinə razılıq verməmişdir, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi barədə cəmi 57 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 354036 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X10 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC üzrə 2704/23-01 saylı xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən ilk 3 ayı sınaq müddəti təyin olunmaqla "xxxx" MMC-də mühasib vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh "xxxx" MMC-də işləyir, işçinin aylıq əmək haqqı 400 manatdır. İş materiallarında olan AZ-İİ seriyalı 066309 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X16 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 981182 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası X11r. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 044329 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, onun atası Cavabdeh, anası X11r. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı adına qüvvədə olan əmək müqaviləsi yoxdur, adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də işləyir, işçinin aylıq əmək haqqı 400 manatdır, adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır, xx.xx.2013-cü il tarixdən etibarən hazırda aktiv olan VÖEN-ə məxsusdur, əsas fəaliyyət istiqaməti isə “taksi fəaliyyətidir”. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasındakı nikah 2014-cü ildə pozulmuşdur, onların birgə nikahdan 11 aprel 2012-ci il təvəllüdlü X12 və 03 mart 2013-cü il təvəllüdlü X15 adlı iki yetkinlik yaşına çatmayan uşaqları var, uşaqlar hal-hazırda ananın yanındadırlar, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli 2(011)-1888/2018 saylı Qətnaməsinə əsasən, hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat miqdarında aliment məbləği tutulması qət edilmişdir, iddiaçı işləmir, adına daşınar və daşınmaz əmlak yoxdur, cavabdeh xx.xx.2023-cü il tarixdən ilk 3 ayı sınaq müddəti təyin olunmaqla "xxxx" MMC-də mühasib vəzifəsində çalışır, əmək haqqı 400 manatdır, həmçinin xx.xx.2013-cü il tarixdən etibarən hazırda aktiv olan VÖEN-ə məxsusdur, əsas fəaliyyət istiqaməti “taksi fəaliyyətidir”, 2015-ci ildə yenidən nikaha daxil olmuşdur, bu nikahdan xx.xx.2016-cı il və xx.xx.2018-ci il təvəllüdlü iki uşağı var, iddia tələbini qismən qəbul edir, uşaqlara görə cəmi 350 manat aliment ödəməyə razıdır. Bununla belə, alimentin miqdarının artırılmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli 2(011)- 1888/2018 saylı saylı Qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi, ailə və əmlak vəziyyətini, hər ikisinin yenidən nikaha daxil olmasını, cavabdehin ikinci nikahdan iki azyaşlı övladının olmasını, onun vergi ödəyicisi kimi taksi fəaliyyəti ilə məşğul olmasını, habelə aliment müəyyən olunduqdan sonra maddi vəziyyətində olan yaxşılaşma hallarını xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də mühasib vəzifəsində işləməsini, əmək haqqının məbləğini (400 manat, uşaqların yaş həddini, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, habelə cavabdehin iddia tələbini qismən qəbul etməsini nəzərə alaraq, uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 185 manat olmaqla, cəmi 370 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2016-cı il tarixli Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş materialları əsasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 11 aprel 2012-ci il təvəllüdlü X7 və 03 mart 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 185 manat olmaqla, cəmi 370 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulmasına münasibətdə isə hesab edir ki, aliment tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehin dövlət rüsumundan azad olma halı məhkəmə tərəfindən müəyyən olunmadığından və artırılmış alimentin məbləğinin illik ödəmə məcmusu 1000 manatdan az (62x12=744 manat) olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən, iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli 2(011)-1888/2018 saylı qətnaməsi ilə nəzərdə tutulan alimentin miqdarı dəyişdirilərək, 11 aprel 2012-ci il təvəllüdlü X7 və 03 mart 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, Cavabdeh hər ay hər uşaq üçün 185 manat olmaqla, cəmi 370 (üç yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar