Məhkəmə qərarları › İş №2(011)-3675/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3675/2023

08.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3675/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Xətai rayon 90 saylı Mənzil-Kommunal istismar sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdehnə (Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Xətai rayon 90 saylı Mənzil-Kommunal istismar sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə 1205 (min iki yüz beş) manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, öz izahatında qeyd etmişdir ki, sözügedən avtomobil onun atasının adına qeydiyyatdan keçirilmişdir, lakin avtomobili atası deyil, özü etibarnamə ilə idarə etmişdir. Avtomobili binanın qarşısında saxladığını və qonşuların burada tikinti işlərinin aparılması barədə onlara xəbər verdiyini qeyd edən iddiaçının nümayəndəsi həmçinin bildirmişdir ki, tikinti işləri aparılarkən sakinlərə bu barədə heç bir məlumat verilməmişdir. Vurulmuş ziyan maşının ön şüşəsinin qırılması ilə bağlıdır. İddiaçı və onun nümayəndəsi hadisə yerində Daşqın adlı şəxsə vurulmuş ziyanla bağlı məlumat versə də, o ziyanı ödəməyəcəyini demişdir. Daha sonra müraciət nəticəsində hadisə yerinə baxış keçirilmiş və məlumat veriləcəyi bildirilmişdir. Ziyanın ödənilməsi ilə bağlı iddiaçıya işlənmiş ön şüşə və ya daha ucuz şüşə ilə əvəz edilməsi təklif edilsə də iddiaçı bununla razılaşmamışdır. Həmçinin iddiaçıya məlumat verilmişdir ki, söküntü işləri mənzilkommunal təsərrüfat birliyi tərəfindən, təmir işləri isə şirkət tərəfindən aparılmışdır. İddiaçının nümayəndəsi öz izahatında qeyd etmişdir ki, cavabdehin nümayəndəsi Nərimanov Rayon Məhkəməsində də məhkəmə iclaslarında iştirak etmişdir. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən cavabdehin nümayəndəsi X3 öz izahatında qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Həmin sözügedən binada binanın girişinə bildiriş vurulmuşdur, iddiaçı əvvəl avtomobili öz binasının qarşısında saxlasa da ona xəbərdarlıq edilmiş, lakin o, avtomobilin yerini dəyişməmişdir. Mənzil kommunal təsərrüfat birliyinin söküntü işlərini həyata keçirən əməkdaşları yoxdur, onlar hər biri departamentin əməkdaşlarıdır. Həmçinin cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçı iddia tələbini irəli sürsə də hadisənin məhz tikinti işləri aparılan zaman baş verdiyini sübuta yetirə bilməmişdir. Daha sonra məhkəmə iclasında (xx.xx.2023-cü il tarixdə) iştirak edən cavabdehin nümayəndəsi əlavə sənədlər təqdim edərək, qeyd etmişdir ki, təmir Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Həmçinin cavabdehin nümayəndəsi bildirmişdir ki, təmir işlərinin kimin tərəfindən hansı ünvanlar üzrə aparılması ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir lakin müraciətə cavab verilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribovun xx.xx.2023-cü il tarixli Qərarından müəyyən olunur ki, ünvan 2 ünvanında yaşayan X2 müraciəti Xətai RPİ-nin 34-cü PŞ-nə daxil olmuş və “Cinyət haqqında ərizələr və məlumatların uçotu” kitabında 3087 sayı ilə qeydiyyata alınaraq araşdırılması üçün xx.xx.2022-ci il tarixdən icraata qəbul edilmişdir. Ərizə və alınmış izahatında X6 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan Toyota Camry markalı avtomaşının ön alın şüşəsinin üzərinə kərpic düşməsi nəticəsində zədələnməsini aşkar etmişdir. Əlavə olaraq bu fakt nəticəsində avtomaşınına 1500 manat məbləğdə zərər dəydini və həmin vaxt binada MKİS-nin əməkdaşlarının söküntü işləri apardığını bildirmişdir. Faktla bağlı hadisə yerinə baxış keçirilmiş, bu barədə tərtib edilmiş protokol və çəkilmiş fotoşəkillər materiala əlavə edilmişdir. Araşdırma zamanı 90 saylı MKİS-in rəisi X4 izahatı alınmışdır. İzahatında S.Ə.Orucov qeyd olunan ünvanda təmir işlərinin aparıldığını, təmir işləri aparılan yerdə mühəndisi Daşqın adlı şəxsin ona zəng edərək bir nəfər vətəndaşın maşınının üzərinə daş düşdüyünü demişdir. Əlavə olaraq kimin ehtiyatsızlığı ucbatından vətəndaşa məxsus əmlaka ziyan dəyməsi barədə məlumatı olmadığını qeyd etmişdir. Araşdırma zamanı əməliyyataxtarış tədbirlərinin təşkil edilməsi, əməli törətmiş şəxsin, həmçinin hadisə barədə məlumatı olan şəxslərin, şahidlərin, kamera görüntülərinin müəyyən edilib təhqiqata təmin edilməsi barədə 34-cü PŞ-nə əməliyyat tapşırığı verilmiş, lakin icra müddəti ərzində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsində göstərilmişdir ki, nəzərdə tutulmuş məsuliyyət özgənin əmlakını qəsdən məhv etmə və ya zədələməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulduğu halda yaranır. Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsində qeyd olunmuşdur ki, “Əmlakı qəsdən məhv etmə və ya zədələmə- Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta yaranır, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək cərimə edilir. Bu maddə az miqdar dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bununla da dəymiş ziyanla bağlı materialda cinayət tərkibi yaranmadığını nəzərə alaraq material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməliyyat axtarış tədbirlərinin təşkil edilməsi, əməli törətmiş şəxsin müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilməsi, dəymiş ziyanın ödənilməsi məsələsinin həlli üçün qərarın surəti Xətai RPİ-nin 34-cü PŞ-nin aidiyyatı əməkdaşına verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. - AS Motors MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktına əsasən, Toyota Camry markalı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və baxış zamanı avtomobilə yad əşyanın dəyməsi nəticəsində avtomobilin ön alın şüşəsi çatlamışdır. Avtomobilin ön alın şüşəsinin dəyişdirilməsinə çəkiləcək xərc isə 1 ədəd şüşə üçün 905 manat, 1 ədəd balaca kant üçün 30 manat, 1 ədəd böyük kant üçün 70 manat, 1 ədəd kley, prayme üçün 60 manat və çilingər işi üçün 140 manat olmaqla, cəmi 1205 (min iki yüz beş manat) hesablanmışdır. - Bakı şəhər İcra hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Hüquq şöbəsinin hüquqşünası X5 məhkəməyə vəsatətlə müraciət edərək hazırki iddia tələbinə cavabdehin olduğu yer üzrə baxılmasını xahiş etmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, mülki iş aiddiyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. - Bakı şəhəri Cavabdeh tərəfindən Xətai Rayon İcra Hakimiyyətinin başçısına ünvanlanmış məktubdan da görünür ki, 2022-ci ildə həyətyanı sahələrin abadlaşdırılması və məhəllədaxili yolların asfalt örtüyü ilə əsaslı təmir olunması Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilmişdir. Lakin bir çox ünvanlarda həyətyanı sahələrin abadlaşdırılmasına ehtiyac olduğundan Cavabdeh tərəfindən həmin ünvanlara baxış keçirilmiş və siyahılar tərtib edilmişdir. 2023-cü il üçün qeyd olunan ünvanlarda yaşayış binalarının əsaslı təmir olunması və həyətyanı sahələrin abadlaşdırılması üçün Xətai Rayon İcra Hakimiyyətindən köməklik göstərilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Pespublikası Konstitusiyası:

127. Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi (İPM): 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanunu: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. 90.1. İnzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. 90.2. Vəzifəli şəxsin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində vurulmuş ziyana görə maraqlı şəxsə kompensasiya ödənildiyi hallarda, həmin vəzifəli şəxs müvafiq inzibati orqan tərəfindən reqres iddia qaydasında maddi məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; 261.0.1. İşə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul olunmalıdır. Yuxarıda qeyd edilən qanunvercilik normalarının məzmunundan da göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Belə ki, iddia ərizəsindən və mülki iş materiallarından da aydın olduğu kimi iddia tələbi Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı yönəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hadisə Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları Xətai rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyətyanı sahələrin abadlaşdırılması və məhəllədaxili yolların asfalt örtüyü ilə əsaslı təmir olunması zamanı baş vermişdir. Əsaslı təmir məsələlələri sözügedən qurumların inzibati faəliyyəti ilə bağlı həyata keçirilmişdir. Mübahisənin cavabdehin inzibati vəzifəsini yerinə yetirərkən baş verməsini, inzibati orqanın hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi ilə bağlı mübahisələrə inzibati məhkəmədə baxılmalı olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə hesab edir ki, iddiaçı aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə hesab edir ki, bu səbəbdən MPM-nin 261.0.1-ci maddəsinin tələbinə əsasən (işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə) mülki iş üzrə icraata xitam verilir. Həmçinin məhkəmə qeyd edir ki, mülki iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 32,05 manat dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə iddia ərizəsini, mülki işin sənədlərini araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261,263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə (Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Xətai rayon 90 saylı Mənzil-Kommunal istismar sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Hökumət ödəniş portalı vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 32,05 manat dövlət rüsumu geri qaytarılsın. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar