Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3695/2024 23.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı cavabdeh aralarında mübahisə yaranmamışdan bir müddət əvvəl tanış olmuşlar. Cavabdeh 2013-2015-ci illər ərzində iddiaçıdan ümumilikdə 150 000 ABŞ dolları pul borc almışdır. Cavabdeh həmin puldan 25 000 ABŞ dolları məbləğində pul vəsaitini geri qayatrmışdır.
2. İddiaçının müraciəti əsasında cavabdehin barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırma aparılmış və tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdehdən 135.000 ABŞ dolları məbləğində borcun alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, o, cavabdehlə Binə Ticarət Mərkəzində tanış olmuşdur. Cavabdehlə tez-tez görüşməli olmuş, aralarında yaxın münasibətlər yaranmışdır. 2014-cü ildə ona bildirmişdir ki, pula ehtiyacı var, ona borc versin, işləsin, əldə etdiyi gəlirdən ona da verəcək, o isə razılaşmışdır. O, cavabdehi yaxından tanıdığından və bazarda mal satdığına görə inanıb, Binə bazarında ona 75.000 ABŞ dolları vermişdie. Həmin pulu qaytarmadan cavabdeh yenidən ona bildirmişdir ki, qış malları qalıb sata bilmir, o, əlavə 60 000 ABŞ dolları versin. Cavabdeh qardaşı Erkin və bacanağı Ruslan ilə onun yanına gəlmiş, qardaşı Erkin və bacanağı Ruslan zamin oldular ki, o, cavabdehə borc versin qaytarmasa, onlar ödəyəcəklər. O da onlara inanaraq həmin pulu ona vermişdir. 2014-cü ildən ondan pullarını qaytarmasını istədikdə pullarını ödəyəcəyini deyərək onu inandırmışdır. Dəfələrlə evinə getmiş, ata-anası ilə görüşmüş, doğulduğu Gədəbəy rayonuna gedib babası ilə görüşmüş, sonra başa düşmüşdür ki, cavabdehin onun pulunu qaytarmaq fikri yoxdur. O, aldadıldığını görüb 2020-ci il tarixində ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşıkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək, ona qarşı dələduzluq edildiyini bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşıkkil Cinayətkarlıqla Mübarizə İdarəsi 16.10. 2020-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, iş araşdırılmış və müəyyən olunmuşdur ki, mübahisə mülki xarakterlidir və məhkəmədə baxılmalıdır. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
8. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
22. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, tələbin hüquqi əsasını ilk növbədə Mülki Məcəllənin 1096-cı və 1097.1-ci maddələri təşkil edir.
23. İddiaçıya dəymiş ziyanla əlaqədar cavabdehin təqsirli hərəkətinin olması, yəni iddiaçının etibarından sui-istifadə edərək ondan 150 000 ABŞ dolları məbləğində pul vəsaitini alaraq, bunun müqabilində əldə edəcəyi gəlirdən ona da fayda verəcəyini vəd etməsi, lakin verilən vədə əməl etməməsi, eləcə də iddiaçıdan aldığı pul vəsaitinin tam qaytarılmaması müəyyən edilmişdir. İşin bu halları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla, eləcə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubu ilə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən pul vəsaitinin ona qaytarılmaması nəticəsində vurulan zərərin əvəzini tələb etməkdə haqlıdır.
24. Digər bir tərəfdən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda qeyd edilmişdir ki, cavabdehin iddiaçıdan aldığı borcdan 25 000 ABŞ dolları məbləğində pul vəsaitini qaytardığı müəyyən edilmişdir.
25. Şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 125 000 (150 000 – 25 000 = 125 000) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyinə tutulmalıdır.
26. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan məhkəmədə işə baxılması ilə əlaqədar 502,50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 125 000 ABŞ dolları məbləğində pul vəsaiti və 502,50 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı