Məhkəmə qərarları › İş №2(011)-37/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-37/2021

16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-37/2021 16.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı İsfəndiyar qızının, Cavabdeh3 Xorsov qızının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı İsfəndiyar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Xorsov qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı İsfəndiyar qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Xorsov qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək apardıqları qanunsuz tikinti nəticəsində vurulmuş 20000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi ev xüsusi mülkiyyətindədir. 1988-ci ildən Ermənisdan Respublikasından qovulmuş qaçqın ailəsidir. Həmin ildən yuxarıda qeyd olunan ünvanda bir otaqlı evdə yaşayır. Cavabdehlər onun evinə bitişik qanunşıız evlər inşa etdirmişlər. Tikinti qaydalaraına riayət edilmədən, ara məsafəsi gözlənilmədən aparılan bu icazəsiz və qanunsuz tikinti nəticəsində evinin divarları çatlamış və ev yararsız vəziyyətə düşmüşdür. İcazəsiz tikilən bu evlər haqqında məlumatı yazılı sürətdə yerli İcra Hakimiyyətinə çatdırmış, lakin heç bir ölçü götürülməmişdir. Əvvəlcə cavabdehlərlə guya danışdıqlarını və onlar tərəfindən dəymiş ziyanın ödəniləcəyini bildirsələr də, sonradan heç kim heç nə ödəməmişdir. Odur ki, 2010-cu ildən evi tərk etmiş və qohum əqrabagildə yaşayır və 3 nəvəsi də onunladı. Cavabdehlərin bu qanunazidd hərəkətləri nəticəsində öz mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı İsfəndiyar qızı iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 Xorsov qızı iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya məxsus olan mənzil yararsız vəziyyətdə olduğundan müəyyən müddət ərzində zəlzələ nəticəsində yaranmış çatların ara məsafəsi daha da genişlənmiş və mənzil yararsız vəziyyətə düşmüşdür. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və S.Musayevə məxsus olan mənzillə İddiaçı məxsus olan mənzillər arasında müəyyən məsafələr olduğundan Cavabdeh1 tikdirdiyi ev iddiaçının mənzilinə hər hansı bir formada zərər verə bilməzdi. Digər tərəfdən məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçının evində 2000-ci ildə Respublikada baş vermiş zəlzələ nəticəsində çatlar yaranmış və qonşuların ev tikdirdiyi zaman bu çatlar daha da genişlənmişdir. Məlumat üçün bildirir ki, Cavabdeh1 evinin tikintisinə 2014-cü il tarixdə başlamışdır. 2000-ci il tarixdə İddiaçı evində zəlzələ nəticəsində yaranmış çatlar təbii ki, cavabdeh ev tikdirənə qədər, yəni artıq 14 il keçdiyi halda həmin çatların ara məsafəsi daha da genişlənməli idi. Həqiqətən mi 2000-ci il tarixdə yaranmış çatlar bu 14 il ərzində deformasiyaya uğramamış, Cavabdeh1 evinin tikintisi zamanımı yaranmışdır? Təbii ki, bu məntiqlə belə ağılasığmayan bir haldır. Odur ki, iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan FM seriyalı, 026071 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı İsfəndiyar qızının adına xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İH başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Loğman Abdullayevə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı İsfəndiyar qızına məxsus olan Xətai rayon Əhmədli qəsəbəsi Balaxan Süleyamanov küçəsi 55a saylı evin ətrafında olan fərdi yaşayış evlərindən biri Balaxan Süleymanov küçəsi 53 ünvanının həyətyanı sahəsində yerləşən tikilidə Cavabdeh1, onun həyat yoldaşı Cavabdeh2, övladları X9, X10 və Cavabdeh1ya Emil qızı qeydiyyatsız yaşayırlar. Vətəndaş tərəfindən mülkiyyətə dair sənədlər təqdim edilməmişdir. Balaxan Süleymanov küçəsi ev 55 ünvanında yerləşən digər fərdi yaşayış evində Cavabdeh3 Xorsov qızı və övladları Cavabdeh4, Cavabdeh5 qeydiyyatdadırlar. Lakin hazırda həmin ünvanda X4, onun həyat yoldaşı X2 və 2 övladı qeydiyyatsız yaşayır. Vətəndaşın dediyinə görə fərdi yaşayış evinin texniki pasportu var lakin sənədlər nümayəndəliyə təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı İsfəndiyar qızına məxsus olan Xətai rayon Əhmədli qəsəbəsi Balaxan Süleyamanov küçəsi 55a saylı evin və Cavabdeh3 Xorsov qızının yaşadığı 55 saylı evin tikinti norma və qaydalarına uyğun inşa olunmasının, 55 saylı evin tikintisinin 55a saylı evə ziyan vurmasının müəyyən edilməsi məqsədi ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. Tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 21 saylı rəyinə əsasən mübahisəli fərdi yaşayış evləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, 71ci, 72-ci və 80-ci maddələrinin tələblərində göstərilənlərə uyğun inşa edilməmiş, yəni mübahisələndirilən iddiaçıya məxsus 55A saylı, cavabdehlərə məxsus 55 və 53 saylı tikililər yerləşdiyi torpaq sahələrinin sərhədinə yaxın və ona bitişik inşa edilmiş, ara məsafəsi gözlənilməmiş, tikililərin torpaq sahəsinin sərhədində inşa edilməsi üçün qonşuların notariat qaydasında razılığına dair sənədlər alınmamışdır. Bakı şəhəri Xətai rayonu B.Süleymanov küçəsi 55A saylı evin konstruktiv elementlərinin üzərində istismar müddətinin keçməsinə dair qüsurlar aşkar edilmiş, lakin digər 53 və 55 saylı evlər yeni inşa edildiyi üçün həmin tikililərin konstruktiv elementləri üzərində hər hansı bir qüsur (çatlar) aşkar edilməmişdir. 55A saylı evin divarları üzərində aşkar edilmiş çatlar 55 saylı mənzil istiqamətində deyil, 55A saylı evin orta divarı və 53 saylı ev istiqamətində olan arxa fasad divarı üzərində aşkar edilmişdir. 55A saylı evin konstruktiv elementləri üzərində istismar müddətinin keçməsi ilə əlaqədar, yəni uzunmüddətli istifadə edilmədiyini və 55A saylı evin divarları digər qonşu evlərin divarlarına bitişik olduğu üçün aşkar olunmuş qüsurların hansı səbəbdən yarandığı və həmin qüsurların aradan qaldırılmasına sərf olunan vəsaitin məbləğini müəyyən etmək mümkün olmamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Eləcə də, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı iş üzrə” xx.xx.2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə işin faktiki hallarına əsasən və qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, İddiaçı İsfəndiyar qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Xorsov qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlərdən maddi zərərin əvəzi olaraq 20000 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə iddia tələbini əsaslandıra və iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, həmin hallar məhkəmə iclasında tərəflərin izahatları və ekspert rəyi ilə təkzib olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı İsfəndiyar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Xorsov qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı k apardıqları qanunsuz tikinti nəticəsində vurulmuş 20000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona verilməsi barədə barədə iddiası təmin edilməsin. Məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyərinin 100 (bir yüz) manat hissəsi İddiaçı İsfəndiyar qızından, 100 (bir yüz) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 100 (bir yüz) manat hissəsi cavabdehlər Cavabdeh3 Xorsov qızından, Cavabdeh4 və Cavabdeh5 tutulub "X3” MMC-nin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar